Qadin.NET / Vicdanım üşüyür...

Vicdanım üşüyür...

Vicdanım üşüyür...

Soyuq bəzən yaxşıdı, unutmaq üçün. Fikri dağıdır, tək diqqətini üşüyən bədəninə verirsən. Soyuq əvvəl içini titrədir, yavaşca bütün bədəninə yayılır titrəmələr. Əllərin buz kəsmiş, ovuşduraraq isitməyə çalışırsan. Soyuq bəzən yaxşıdı, xatırlamaq üçün. Əynində boğazlı poliverin, səni isti saxlayan palton. Sən belə üşüyürsənsə, bir də bunlardan məhrum olanları düşünürsən. Bax, o an daha yaxşı hiss edirsən soyuğu. Bir anda, qalın geyimlərini dəlib bədəninə buz saplanırmış kimi hiss edirsən. Bu dəfə təkcə bədənin deyil, vicdanın da titrəyir.

Özünü təlqin edərək evinə qayıdırsan. Daxil olduğun an üzünə çarpan isti hava bədənindəki titrəmələri keçirsə də, vicdanın hələ də üşüyür. Bədənini isitmək üçün sobaya yaxınlaşıb əllərini uzadırsan, ilk öncə sanki buz əriyirmiş kimi əlinin yavaşca isindiyini hiss edirsən. Vicdanın isə hələ də üşüyür. Sonra mətbəxə keçirsən, isti qəhvəni hazırlayıb yerinə əyləşirsən. Vicdanının titrəmələri artır.

Vicdanım üşüyür...

Hər yudumda isinən bədəninə inad, vicdanın daha çox üşüyür. İsti yatağına girib, gözlərini tavana zilləyirsən. Bədəninə bürüdüyün yorğan səni isitsə də, vicdanına bürüdüyün səni dondurur. Birdən ayağa qalxırsan, otaqda var gəl edib düşünürsən, nə edə biləcəyini. Böyük bir heçlik dolur beyninə. Çarəsizliyi hiss edib, arxanı dönürsən. Gözünə səliqəylə qatlanmış səccadə ilişir. Yavaşca yerə sərib dizlərin üstə çökürsən. Əllərini qaldırıb səhərdən səni isitməyə yardım edən hər şey üçün şükrünü edirsən. Sonra səni soyuqdan qoryuan Allahdan, mühafizəsiz qalmış , soyuq qarşısında müdafiəsizlər üçün də eynisini istəyirsən. Vicdanını örtən örtük çəkilir... Özünə diləyirmiş kimi istəyirsən. Vicdanının titrəmələri azalır. Bəzən əlindən heç bir şey gəlmədiyini düşünürsən. Lakin daim açıq olan dua qapısını unudursan. Əgər dua edə bilirsənsə, deməli əlindən bir şey gəlir. Və bu bütün eliyə biləcəklərinin də üstündədir. Sənin əlindən vasitə olmaq gəlmir bəlkə, lakin duanla istəklərini Allaha əmanət edirsən..

Müəllif: Həsənova Aydan

5 may 2016
GO BACK