Terri Foks "Ümid Marafonu"nda qanlı şortda qaçarkən. 1980-cı ilin iyul ayı
O, 143 gün boyunca qaçdı, nəhayət vəfat etdi. Terri 1958-ci ildə Kanadada doğulmuşdu. 1977-ci ildə sağ ayağında ağrılar hiss etmiş və həkimlər ona sümük xərçəngi diaqnozu qoymuşdular.
Həkimlər onun sağ ayağını dizdən yuxarı kəsmək məcburiyyətində qaldılar. Üç il keçdikdən sonra gənc atlet qərara gəldi ki, okeandan okeana bütün ölkə boyu qaçsın. Qaçışın məqsədi onkoloji xəstəliklər üçün yardım yığmaq idi. "Ümid Marafonu"nun təşkili zamanı arzu edirdi ki, hər bir kanada vətəndaşından bir dollar ala bilsin. Bir ildən çox müddət ərzində hər gün məşq etməyə başladı. O başa düşürdü ki, bu məsafəni sağlam adam belə, qabaqcadan hazırlıq görülmədən qət edə bilməz.
Terri 12 aprel 1980-cı ildə "Ümid Marafonu"nu başladı. O, ayağını Atlantik okeana salıb, onu bir daha Vankuverdə Sakit okeana batırmaq niyyətində idi. Terri hər gün 42 km qaçırdı. Ancaq xəstəlik get-gedə inkişaf etməkdə idi. O, qaçırdı, bununla yanaşı şiddətli ağrılar hiss edirdi. Amma bir ayağında protez olan halda yenə də inad göstərirdi. Onun güclü iradəsi var idi. O istəyirdi ki, milyonlarla xəstə insana yardım etsin və bu istək ona güc verirdi. Ancaq o, marafonu sona çatdıra bilmədi. Xərçəng ağ ciyərlərə yetişdi.
Terri Foks 1980-cı ilin sentyabr ayının 1-də marafonu dayandırmaq məcburiyyətində qaldı. 143 gün fasiləsiz qaçışdan sonra 5373 km qət edərək Tanderbey əyaləti yaxınlığında məsafəni kəsməyə məcbur oldu. On ay sonra 23 yaşına çatmadan dünyasını dəyişdi. 1981-ci ildə 24 milyon dollardan çox pul yığıldı. O, geniş bir kütlənin diqqətini özünə çəkə bilmişdi. İndi isə həm Kanadada, həm də 50 dən çox dünya ölkələrində Terri Foksun adına xeyriyə marafonu keçirilir. Yığılan gəlir isə onkoloji xəstəliklərin tədqiqatına xərclənir. Terry Fox Run dünyada vəsait yığımı üzrə təkbaşına kampaniya baxımından Ginnesin rekordlar kitabına düşmüşdür. 25 il inkişafdan sonra "Terri Foks fondu" 360 milyon dollara qədər yüksəlmişdir. Deməli, milyonlarca insanın ciddi-cəhdi sayəsində Terri Foksun zəhməti hədərə getmədi.