Qadin.NET / Kənarlaşdırılmanın (dışlanmanın) sosial psixologiyası

Kənarlaşdırılmanın (dışlanmanın) sosial psixologiyası

Kənarlaşdırılmanın (dışlanmanın) sosial psixologiyası

Sosial kənarlaşdırılma insanın qısa və ya uzun müddətli olaraq, bir qrup və ya bir fərd tərəfindən özündən kənar edilməsidir.

Bu hal sosiologiya, psixologiya, iqtisadiyyat kimi elm sahələri tərəfindən fərqli bucaqlardan yanaşmalarla araşdırılmaqdadır. Gündəlik olaraq birinin bizdən küsməsi (səssiz rəftarı), bir sevgi partnyoru tərəfindən rədd edilmə, ya da kimlərsə tərəfindən görməməzlikdən gəlinmə kimi vəziyyətlər, sosial kənarlaşdırılmanın mənfi psixoloji təsirlərini ortaya çıxarır.

Bəzi fərdlərin qrupdan xaric edilib, bəzilərinin ora daxil edilməsinin bioloji baxımdan da adaptiv bir qrup davranışı olduğu düşünülməkdədir. Məsələn heyvan qruplarında qrupa zərəri dəyə biləcək heyvanın qrupdan kənarlaşdırıldığı müşahidə edilməkdədir. Bunun sayəsində qrup həyatda qalma şansını artırsa da, kənarlaşdırılan fərd təhlükəsizlikdən, qidadan və müdafiədən məhrum qalıb, ölümlə üz-üzə gələ bilir.

Kənarlaşdırılmanın gücü

Beyində bədəndəki əzablara reaksiya olaraq aktivləşən bölgə ilə kənarlaşdırılma zamanı aktivləşən bölgə (dACC bölgəsi) bir-birinə çox bənzərdir. Bu məlumata əsaslanaraq, beynimizin kənarlaşdırılma ilə fiziki əzabı oxşar şəkildə təcrübədən keçirdiyi və eyni zamanda kənarlaşdırılmanın çox güclü fiziki reaksiyalar yaratdığı nəticəsinə gələ bilərik.

Sosial psixologiyada kənarlaşdırılma hadisəsi təcrübə yolu ilə də göstərilə bilər. Məsələn yeni qatıldığımız bir qrupda bizimlə heç kimin maraqlanmaması və qrup üzvlərinin yalnız öz aralarında ünsiyyət qurmaları da qısa müddətli bir kənarlaşdırılma təcrübəsinə nümunədir. Belə bir kənarlaşdırılma, insanın dörd təməl ehtiyacını ödəməsinə mane olmaqda və insanda mənfi duyğular yaratmaqdadır. Əngəllənən bu ehtiyaclar isə aşağıdakılardır:

1) Özünə nəzarət ehtiyacı

2) Həyata məna qatma ehtiyacı (və ya mənalı varlığa sahib olma ehtiyacı)

3) Aid olma ehtiyacı

4) Mənliyin qorunması ehtiyacı

Ağır çəkili insanların, etnik azlıqların və ya cinsi azlıqların yaşadıqları kənarlaşdırılma növü, uzun müddətli kənarlaşdırılma növüdür. Belə hallarda fərdin artıq kənarlaşdırılmanın öhdəsindən gəlmə bacarıqları zəifləmiş olur. Şəxs artıq özünü cəmiyyətdən təcrid etməyə, özünü çarəsiz və depressiv hiss etməyə başlayır.

Kənarlaşdırılma hadisəsi bir canlı üçün o qədər təsirlidir ki, bir qrup tərəfindən kənarlaşdırılmanın bizə hətta faydası toxunsa belə, bu kənarlaşdırılma hadisəsindən mənfi təsir görməkdəyik. Van Bist və Uilyams adlı tədqiqatçıların bu sahədə apardıqları təcrübələrdə, təcrübəyə qatılıb kənarlaşdırılanlara pul verildiyi halda belə, onların bu vəziyyətdən mənfi təsirə məruz qaldıqları müşahidə edilmişdir. Hətta yalnız başqa birinin kənarlaşdırılmasına şahid olmağımız belə, özümüzün də sanki kənarlaşdırılırmışıq kimi mənfi hisslər keçirməyimizə səbəb olmaqdadır. 

Kənarlaşdırılmanın (dışlanmanın) sosial psixologiyası

Kənarlaşdırılmanın öhdəsindən necə gəlməliyik?

Kənarlaşdırılmanın yaratdığı mənfi duyğuların və ehtiyacların gördüyü zərərin bərpası həm fərdi şəkildə, həm də situasiya dəyişkənliyinə uyğun olaraq fərqli şəkildə olur. Məsələn, sosial qayğıları olan kəslər, güvəndikləri kəslər tərəfindən kənarlaşdırılanlar, kənarlaşdırılmasını özünün hansısa mənfi xüsusiyyətinə şamil edənlər və rədd edilmə həssaslığı yüksək olan kəslər (rejection sensitivity) kənarlaşdırılma ilə daha uzun müddətli və daha çətin bir mübarizəyə girməkdədirlər.

Kənarlaşdırılan kəslərdən bəziləri yuxarıda bəhs edilən dörd ehtiyacını yenidən təmin edə bilmək üçün qəzəbli bir şəkildə özlərinə və ya cəmiyyətə zərər verə biləcək davranışlar göstərərkən; bəziləri də yenidən qəbul edilmələrini təmin edəcək şəkildə uyğunlaşma davranışları göstərərlər. Daha detallı desək, kənarlaşdırılmanın nəticəsində “aid olma ehtiyacı” və “mənliyin qoruması ehtiyacı” zədələnən insanlar, bu ehtiyaclarını aradan qaldırmaq üçün digərləri ilə yenidən əlaqə qurmağa çalışa bilirlər. Tədqiqatçı Uilyams kənarlaşdırılma hissi yaşayan kəslərin özlərini yenidən bəyəndirmək üçün baş vurduqları dörd maraqlı üsuldan bəhs etməkdədir. Birinci üsulda kənarlaşdırılan adam, onu kənarlaşdıranlara bənzər olduğunu isbat etmək üçün onların davranışlarını təqlid edə (təkrarlaya) bilir. İkinci öz işində müvəffəqiyyətli olmaq üçün daha çox səy göstərə bilir. Üçüncü ödəmək istəmədiyi bəzi tələbləri könüllü şəkildə ödəməyə qərar verə bilir. Sonununcu isə yenidən qəbul edildiyini görə bilmək uğrunda daha güclü sosial davranışlar qazanaraq, dost axtarışında daha çox səy göstərə bilir.

Özünə nəzarət ehtiyacları ilə həyata məna qatma ehtiyacları zədələnən insanlar, sevilməyi və ya uyğunlaşmağı artıq önəmə almaya bilirlər. Bu kəslərdən bəzilərinin, öz həyatlarına nəzarətə sahib olduqlarını hiss edə bilmək üçün digərlərinə qarşı güc tətbiq etdikləri və mənalı bir varlığa sahib olduqlarını qəbul etmələri üçün onları əsəbi şəkildə məcbur etdikləri də düşünülməkdədir. Belə bir vəziyyətdə olan adam əgər güvəndiyi bir adam tərəfindən kənarlaşdırılırsa, və ya bir-birini tanıyan insanlar tərəfindən kənarlaşdırılırsa, ya da ki, kənarlaşdırılmasını ədalətli görmürsə, onun aqressiyası daha yüksək olur.

Kənarlaşdırılan insan qrupları üçün nələr edilə bilər?

Uzun müddətli kənarlaşdırılmaya məruz qalan stiqma edilmiş (damğalanmış) qrupların fərdləriylə, dəyərsizlik hissi, depressiya və sosial izolyasiyanı aradan qaldıracaq işlər görülməlidir. Buna müxtəlif növ dəstəklər, terapiyalar və internet dostluqlarının da köməyi dəyə bilər. Məsələn, nümunə üçün qeyd edək ki, təcrid edilmiş insanların evcil heyvan sahibi olmağı xoşladıqlarına çox rast gəlinməkdədir.

Müəllif: Coşqu ismayılzadə

13 mart 2016
GO BACK