Gözlər qəlbin aynasıdır… Göz yaşları da qəlb dünyasını ifadə edər…
Peşəkar yalançı deyilsə, insanı gözləri, baxışları, göz yaşlarından tanımaq, anlamaq olar… Baxış, gözlər, göz yaşları olan yerdə, əlavə sözə yoxdur ehtiyac…
Göz yaşları… Onlar mənim sevincim, onlar mənim kədərimdir…
Göz yaşları… Onlar mənim neqativim, onlar mənim pozitivimdir…
Göz yaşları… Onlar mənimdir, paylaşmıram, paylaşmaram kiminləsə, nə xoş günümdə, nə də ki, dara düşəndə…
Göz yaşlarımda yaşayar uğurum, uğursuzluğum…
Qazancım da, itkim də göz yaşlarımda gizlənər çox vaxt…
Göz yaşlarım axar xoş günümdə də, xoş olmayan günümdə də…
Göz yaşlarımda var xoşbəxtliyim, gizlənmişdir bədbəxtliyim…
Söz gərəkməyən, sözlə ifadə edilməyən göz yaşlarımda vardır bir səbəb, səbəbsizlik…
Bəzən susub ağlayırsan, için-için, sakitcə, boğuq səslə, kimsə eşitməsin deyə, bəzən bərkdən, qışqıraraq, bağıraraq, hökür-hönkür ağlayaraq, göz yaşlarıma verirsən azadlığı… Ağlamaq olmur hər yerdə, hər kəsin yanında…
Göz yaşları bəzən zəifliyimdir, bəzən isə gücümdür…
Göz yaşlarım bəzən qaranlığım, bəzən isə işığımdır…
Göz yaşları duzlu sudur, axdıqca yandırar dərini, acışdırar, qızardar… Qəlbdə onun kimi zərifdir… Yanır, acışır, qızarır… Qəlbin də acısı var, sevinci var… Çünki göz yaşları kimi təbiidir…
Göz yaşları bir tələb, ehtiyacdır göz üçün, qəlb üçün, insanın özü üçün… Axdıqca göz yaşları tükənmir sanki, qurumur…
Qəlb varkən, döyündükcə, var, yaşayır, axır göz yaşları…
Sadəcə bəzən idarə edirik onu…
Bəzən həbs edirik…
Göz yaşları həm köləlikdir, həm də azadlıq…
Göz yaşları qəlbimdən gözümədək axan duzlu, saf, təbii sudur…
Günel Fərhadqızı