Hamı deyir seriala baxmıram. Amma çox olub ki, söz arası seriallardan misal çəkirlər, ya da səhifələrinə təsadüfən nəzər yetirsən, mütləq qeyd elədiyi filmlərdə serial adına rast gəlirsən. İnsanlar, yəni özümüzünkülərdən danışıram, zövqlərini inkar edəcək qədər səmimiyyətsizdirlər. Camaat beş dil bilir, iki universitet bitirib, xarici ölkələrdə rüşvətsiz, bütün dünyanın tanıyıb ,qəbul elədiyi diploma sahib olub, gəlib ölkəsində serial çəkib, bunlar da deyir, seriala baxmaq əskiklikdir ya səviyyəsi aşağıdır. Düşünməyin ki, mən bütün günü seriala baxan insanam. Son üç ildə tv-dən uzaq olan biriyəm, nadir hallarda HOLLİVUD çəkən filmlərə baxıram, amma serial da izləmişəm.
İllər öncə baxdığım "Gönülçelen" seriala baxdım, həyatım işıqlandı. Seriala baxarkən musiqi zövqüm dəyişdi, türk serialı olduğu üçün, Türk Sanat Musiqisinin sirlərindən anlayışım oldu və Cemal Süreyyanı, Aziz Nesinin adını ilk o serialda duydum. Ailə, uşaq deyərkən başım qarışdığı dönəmdə kitab oxuma, mütaliə etmə həvəsim yenidən baş qaldırdı....
Kişilərə də aiddir bu status. İllərdi davam edən "Kurtlar vadisi"nə hələ də baxanlar var. Mənim heç zövq almadığım, yayımlandığı ilk günlərdən yalnız uşaqların və qadınlarının öldürüldüyü bir "mafya babaları" filmi. Bütün günü serial izləyən qadınları qınayan kişilər beş ildir eyni səhnələrə hələ də baxırlar.
Bu bilirsiz, nəyə oxşayır? Mən sevgi romanları oxumuram deyib, oxuyanları "zəif zövqlərin nümayəndəsi" adlandıran, az qalır ələ salan müəyyən kütlənin, "sevgisizlik" " məhəbbətsizlik", "təklik" statusları paylaşmasına...
Qarşınızda kim olur olsun, nə yazır yazsın, nə oxuyursa, buraxın oxusun... heç kim bir -birini ələ salmaq , aşağılamaq hüququna sahib deyildir. O zaman oxuduğunuz elmi, şəxsi inkişafınız, əldə etdiyiniz dünya görüşünüz, 4- 6 il əziyyətlərlə başa gələn diplomlarınız boşa gedir. Oxumaq, mütaliə ilk baxışdan nəyə, necə yanaşmalı olduğumuzu öyrətməlidir bizə, sonra çıxıb "bu kitab mənim ruhumun aynasıdır", "bu yazar insan hisslərini anlayan, bir dahidir" deməyə haqqımız ola bilər. Dediyim odur ki, davranış, münasibət etiketlərinə riayət edək. Qarşımızdakı yemək dadsızdırsa və ya məclisdə içindən xoşa gəlməz bir şey çıxıbsa, onu ətrafında yemək yeyən insanlara bəlli etmədən bir kənara eləyin, hər kəs geci-tezi anlayıb sözünü deyəcək, yox anlamırsa, boş yerə könül bulandırmaq lazım deyil... ‪Səmimiyyətsizliyə son‬ verək, lütfən!
Kubra İ-va