Qadin.NET / Mən səni necə sevirəm?!

Mən səni necə sevirəm?!

 

Mən səni necə sevirəm?!

 

Yazı yumoristik, satirikdir, gülmək üçün yazılmışdır, kimsə ciddi qəbul etməsin və inciməsin…

Bəzən mənə sahibim deyirsən, demə, çünki sən nə cinsən ki, sənə üç arzumu deyim, gerçək edəsən, sonra geri evinə dönəsən, nə qızıl balıqsan, bəxtimə çıxasan və səndən də daha üç arzumu gerçək etməyini istəyim, feodal və quldarlıq dövrü də deyil ki, qulum olasan, olum sahibin…

Sən mənim muzamsan, ilham pərimsən, deyirsən mənə, ancaq onlar da hər zaman olmaz yaradıcı insanların yanında… Onlar da keyfləri olanda, istədikləri zaman gələrlər, sonra tərk edərlər… Onları tutub saxlamaq olmur, axı…

Sən məni öncə pul kimi sevdin, öncə milli valyutan oldum, bu il düşdüm dəyərdən, indi olum, manipulyasiya, spekulyasiya və provokasiya edilməyəcək, ajiotaj yaşatmayacaq xarici valyuta, bahalı valyuta funt-sterling, kron kimi, dinar kimi, avro kimi, ən pis halda olun yenan…

Kitaba oxşatdın məni, roman kimi yordum səni məni oxuduqca, hekayə kimi ağlatdım səni, esse kimi duyğulandırdım, şeir kimi özünü gördün orada…

Bankının bankomatı kimi sevdin, sonra banklar müflis oldu, filiallarını bağladı, bankomatlarının sayı azaldı, olan bankomatlarda nağd pul çıxartmaqla bağlı problem yarandı, üzüldün ki, pulunu niyə nağd saxlamırsan…

Siqaretin, şərabın, qəlyanın kimi sevdin məni, bağlandın mənə, dumanlandırdım beynini, aldım ağlını başından, incidin məndən… Sonra unutdun ayıq başınla məni…

Cərrahiyyə əməliyyatını və donor orqanı, qanı gözləyən xəstə kimi sevdin məni, mənsə nə donor orqan, nə də donor qan kimi sənə yararlı oldum, ölmək istədin, bəlkə də öldün, maraqlanmadım…

Həyatında riski sevən kimi sevdin məni, etdiyin ən böyük risk mən oldum, azalda bilmədim, qarşımı ala bilmədin, qoruna bilmədin məndən, itirdiyin qazandığından çox oldu, doğrultmadım özümü bir risk olaraq…

Sərmayə qoydun mənə, istədin qısa müddətə çıxardasan, uğurlu layihənə çevirdin məni… Mənsə, büdcədəki gözlənilməz xərclərin kimi artdım, gəlirlərin azaldı, alternativ mənbələri axtarmağa başladın, kömək olmadı sənə, sən müflis olanda, sərmayən tükənəndə, layihən də bağlandı, çıxdım əlindən…

GÜNEL FƏRHADQIZI

10 yanvar 2016
GO BACK