Əllərində qabar, alnında min ilin qırışları, baxışlarında son bir əsrin siyasətinə, nifrət dolu təbəssüm vardı.Bircə əllərində tutduğu dəryaz özünün idi babalarından qalmışdı. Bu dəmir parçası nəsilləri acından ölməyə qoymamışdı. Bütün şüarları çeynəyib atmışdı bu nəsil. Gündüzləri o qədər çox çalışmaq lazım idi ki, gecələr də güclə dünyanın qaranlıq üzünə baxmaq olurdu. Zaman özü ağır keçsə də, mahiyyəti mənasız və cılız idi. 30 yaşlı bir gənc həyatdan şikayətlənirsə, o cəmiyyətdə gələcəkdən danışmağa dəyərdimi?! Əlbəttə danışanlar da var idi. Dəryazla külüng çalan adamla, imza atan adam arasında müqayisəyə gəlməyəcək qədər fərq olmalıdır axı?!... Sən vicdan-vicdan deyəndə, o "gələcək-gələcək"deyirdi.. Uşaqlıqdan karandaş başı yonan, böyüyəndə dəryaz ağzı itiləməyə məhkumdu. Bunu hər dəfə babası ona xatırladanda o dəryazını karandaşa dəyişmədi. Dürüst oldu, mərd oldu, ailəcanlı, vicdanlı oldu. Amma heç nə dəyişmədi ona görə. O heç vaxt başını sahədən qaldırıb dünyaya baxmadı axı. Görmədi, var-gəl edən "şərəf" adı alan şərəfsizləri, tələbəsinə hədiyyə aldıran müəllimləri, xəstəsinə ölüm imzası atdıran həkimləri, öz havasına oynayan, hər kəsə bu havanı çal-dıran güclüləri görmədi...
Əsrlərdir cəmiyyətdən küsüb dağa çıxan nəslin, yerdəki həyatdan son bir əsr idi ki, xəbəri yox idi. Babalarından qalmış kitabları oxuyub, bu günkü həyatına tətbiq edirdi, amma heç nə dəyişmirdi. Bu dünyada təbiət hadisələrindən başqa heç nə görmürdü. Heç nə düşünə bilməyən bir neçə dağ qonşuları da vardı. Hamısı bir nəsil idi, savadsızlıq unutdurmuşdu bu nəsli bir-birinə. Amma çox istiqanlı, mehriban idilər. Mülkə görə qan qohumluğunu danan müasir insandan çox fərqlənirdi bu səmimiyyət. İnsanlığını bahalı maşınının baqajına qoyub, həyatını avtomat karopka rahatlığı qədər rahat hiss edən, valideynini qocalar evinə əmanət edən brend insandan çox dürüst idi. Bir parfum qoxusu qədər aldadıcı, kosmetkalanmış sima qədər dəyərsizləşmiş müasir insan tipindən çox-çox uzaq idi bu insanlar. Bir-birini məcburiyyətdən təqlid etməkdən iyrənc heçnə olmadığını gözəl bilirdi. Nə də olsa, oxuduğu kitablar elə yazırdı...
Hər zaman oxuduğu yeni bir fikirdən sonra donmuş çöhrəsində azacıqda olsa təbəssüm yaranırdı. Zamanla zahirini dəyişməyən bu qızıl kəlamlar, daxilini daha da möhkəmləndirmişdi. Kreditə götürülmüş həyatı yaşamadığı üçün kitablara minnətdar idi. Dəryazı da özünün idi, kitabları da. Hələ hündür təpədən göyə hayqırıb bağırması "səndən uzağam gələcək" deməsiylə necə xoşbəxt görünməsini təsəvvür edən də, adam həyatındakı bütün kreditdə olan hər şeyini çölə atıb dağa qaçmaq istəyir. Əynimdə heç nə qalmadığı üçün mən qapıdan bayıra çıxa bilmədim....
Mən "müasir" insan olmaq, ailə qurmaq üçün kredit götürmək, valideyninə ölüm dərmanı almaq üçün yaşamaq istəmirəm. İntihar da bahalı, ləkəli şeydir. O saat beyninizi yerə qoyub, qələminizi alırsınız əlinizə. Qıza bir ləkə, oğlana min ləkə yazırsınız. Sizə yalvarıram, bircə şərait yaradın gedim o dağdakı xoşbəxtə deyim ki, narahat olmasın, cool insanlar sənə beyət edir...
Turkon Qulxalil