Keçmiş keçib gedib. Bu, məntiqi cəhətdən həqiqət olsa da, o qədər də sadə həqiqət deyil. Keçib gedən bizim keçmişimizdir, biz o keçmişdən əmələ gəlmişik. Kimliyimizi, mahiyyətimizi o keçmişsiz təsəvvür etmək mümkün deyil. Biz öz keçmişimizə bağlıyıq. Biz keçmişimizin davamıyıq. Bəşəriyyətin keçmişi necə olub? Bu barədə əfsanələr, miflər və tarix söz deyir. Tarix daha dəqiq məlumat verməyə çalışır. Əslində, biz keçmişi tam deyil, tarixin bizə söylədiyi qədər bilirik. Başqa sözlə desək, tarixin məzmunu keçmiş haqqında bildiklərimiz və öyrənib yazdıqlarımızdan ibarətdir. Tarixin məzmunu və tutumu ayrı-ayrı şəxslərin, tarixçilərin yazıb toplaya bildiyi qədərdir. Tarix subyektivdir, nisbidir, tarix yazanların iradəsindən, ideyasından, şəxsiyyətindən, gücündən müəyyən dərəcədə asılıdır. Keçmişin təbiəti və ruhu nədir? Keçmiş necə dərk olunur? Bəlkə keçmiş kəşf olunur? Keçmişin dərkində subyektivlik varsa, keçmişi öyrənən tarix nədir, elmdir, yoxsa sənət? Tarixi subyektiv edən hansı amillərdir? Tarix gözəldir; bu gözəllik öz heyranlarını yoldan, başdan çıxarmırmı, tarix təhlükə törədə bilərmi? Tarix necə yazılır və ya necə yazılsa yaxşıdır? Bu və buna bənzər suallar tarixin fəlsəfəsinə aiddir. Bu yazı keçmişdə baş verənlərin dərki ilə məşğul olan tarixin mahiyyəti haqqındadır. Elm və sənətin qovşağında yer tutan tarixin fəlsəfəsi, çox güman ki, tək tarixçilərə və filosoflara deyil, bəşəri düşüncələrə dalan hər kəsə maraqlıdır.Mürəkkəb sistemlər və tarix Tarixi hadisələrin, əvvəlcədən baxıldıqda, baş verib-verməmə ehtimalı olur, bu ehtimallardan biri gerçəkləşir, digərlərini sonralar nəzəri mümkün hallar və ya həyata keçməmiş ssenarilər kimi yada salırlar. Tarixi hadisələr müəyyən tarixi dövrdə yaşayan, bəzən də lider kimi ortaya çıxan şəxslərin o mühitlə, yaranmış vəziyyətlə əlaqəli fəaliyyəti, hərəkəti nəticəsində baş verib gerçəkliyə çevrilir. Tarix insan və cəmiyyətin, bu qoşalığın, birgəliyin, yəni, insan iradəsi və cəmiyyətin istəkləri küllisinin əsəridir. İnsan iradəsinin qanunlarını kəşf etmək cəhdi az olub. Sigmund Freud öz psixoanalizi, xüsusilə bilincaltının sirləri və onun insan həyatında rolu ideyaları ilə bu möhtərəm azlıq içindədir. Cəmiyyətin qanunlarını axtaranlar və onları tapmış zənn edənlər isə daha çox olub. Bu “qanunlar” sanki yaşanan cəmiyyət üçün deyil, gələcək üçün arzu olunan modeli əldə etmək üsullarından ibarət olur. Tarix deyil, utopiya ortaya çıxır. Bu və digər məsələləri öyrənən cəmiyyətşünas elmlər siyahısında ilk əvvəl sosiologiya gəlir, fəlsəfə, antropologiya, psixologiya kimi elmlər də bu işə müdaxilə etməyə çalışırlar. İnsan cəmiyyəti mürəkkəb bir sistemdir. Sistem - idarəetmə elmlərində, fiziki, kimyəvi və bioloji proseslərdə tez-tez işlənən və arxasında müəyyən nəzəriyyələr dayanan bir anlayışdır. Sistem nəzəriyyələrinin anlayış və metodları insan cəmiyyətinin öyrənilməsi və araşdırılması üçün nəsə bir ideya verə bilərmi? Bu suala cavab axtarmaq üçün sistem nəzəriyyələrinin bəzi təsəvvür və müddəalarını yada salaq.
Açıq sistem öz ətrafı ilə daim təmasda olan sistemdir. Ətrafla təmas onu adi, həmişə var olduğu vəziyyətdən çıxara bilərmi, onun sabitliyi, dayanıqlığı, tarazlığı pozula bilərmi, böhran yarana bilərmi? Bu, həm təbiətşünaslıqda, həm də zənnimcə, tarixdə cavabı axtarılan suallar içindədir. Həyatda ətrafı ilə təmasda olmayan tam, mütləq təcrid olunmuş system yoxdur (riyazi model, yəni idealizə olunmuş nəzəri model kimi tam təcrid olunmuş sistemlər barədə danışmaq mümkündür). Lakin təcrid olunmuşa bənzəyən, xeyli dərəcədə təcrid olunmuş sistemlər haqqında gerçək söhbət açmaq mümkündür.Məsələn, bizim daxil olduğumuz Günəş sistemi müəyyən dərəcədə təcrid olunmuş sayıla bilər; Günəş və onun ətrafında dövr edən planetlərin digər ulduzlardan məsafəsi Günəş sisteminin öz ölçülərindən (Günəş sistemindəki məsafələrdən) müqayisəyəgəlməz dərəcədə böyükdür. Təbii ki, açıq olmayan sistemə qapalı sistem deyilir. Bəzən ətrafla enerji mübadiləsi olan, lakin maddə mübadiləsi olmayan sistem də qapalı sistem adlandırılır. Özünütəşkil - sistemi nizamlayan mərkəzi qüvvənin yoxluğudur (və ya çox zəifliyidir), xarici təsir olmadan sistemin öz-özünü nizamlamasıdır. Özünütəşkil kənar müdaxiləsiz və fövqəlgüc olmadan baş verir! Məsələn, sərbəst, özbaşına buraxılmış bazar iqtisadiyyatı Adam Smithin “gözəgörünməz əl” konsepsiyasına görə özünütəşkil sistemidir, özü özünü təşkil etməyi bacaran sistemdir. Əlbəttə ki, praktikada, sərbəst iqtisadiyyatlı istənilən dövlətdə hökumətin iqtisadiyyata müəyyən müdaxiləsi, hökumətin iqtisadi siyasəti mövcuddur və bu müdaxilənin dərəcəsi müzakirə obyekti olaraq Morfogenez, yəni canlı sistemin inkişafı və böyüməsi (embriologiya) özünütəşkil sayıla bilər. Cəmiyyətdə ünsiyyətə, kommuniskasiyaya da özünütəşkil kimi baxmaq olar. Alman sosioloqu Niklas Luhmann (1927-1998) kommunikasiyanı cəmiyyətdə əsas sosial əməliyyat hesab edir; kiçik qrup kommunikasiyaları birləşib şəbəkə əmələ gətirir, nəticədə dünya kommunikasiyası yaranır. Əsas xassələri öz tərkib hissələrinin xassələrindən alınmayan (və ya anlaşılan şəkildə alınma yan?!) sistemə mürəkkəb (kompleks) sistem deyilir. İqlim, iqtisadiyyat, sinir sistemi, hüceyrə mürəkkəb sistemlərdir. Kompleks sistemlər dinamikdir, zamanla dəyişir, üstəlik hər əvvəlki hal sonrakı hala təsir edir, indiki hal keçmişdəki halların təsirindən meydana gəlib. Yəni, kompleks sistemin yaddaşı var. Kompleks sistemin quruluşu rus matryoşkasına bənzəyə bilər, yəni bir-birinə daxil olan kompleks altsistemlərdən təşkil olunmuş ola bilər. Məsələn, mürəkkəb sistem olan iqtisadiyyat təşkilatlardan, təşkilatlar insanlardan, insanlar hüceyrələrdən ibarət olan kimi. Cəmiyyətdə ünsiyyət də, analoji olaraq, matryojka tipli kompleks sistemdir.
Hamlet İsaxanlı
Ardı var...