Qadin.NET / Zərafətin "ə"-si, zarafatın "a"-sı

Zərafətin "ə"-si, zarafatın "a"-sı

Zərafətin "ə"-si, zarafatın "a"-sı

Ən qalın pərdə ən yaxın adamlar arasında olmalıdır. İş yoldaşınla, tanışınla, qonşunla küsürsən, üzünü yana verirsən, vəssalam. Ancaq evin içindəki ilə küsüşəndə üzünü çevirməyə yer tapmırsan, hara baxırsan, onun üzünü görürsən. Bizim zarafat bildiyimiz bu davranışın həqiqi adı zərafətdir, yəni zarafat sözünün həqiqi mənası zərif davranışdır, zərif hərəkətdir. Ancaq çox təəssüflər olsun ki, zərafətlə başlayıb zarafata çevrilən  bu davranış, bir çox hallarda yaxın adamlar arasında da incikliyə, narazılığa səbəb olur.

Qarşı tərəfin hansı əhvalda, hansı ovqatda olduğunu bilmədən edilən zarafat ən yaxşı halda pərtliyə səbəb olur. Ona görə də, zarafat etmək istədiyin adamın əhval-ruhiyyəsi ilə sənin əhval-ruhiyyən arasında uyğunluğun olması çox mühüm məsələdir.

Zarafat nə qədər zərif, nə qədər incə də olsa, altında yalan olmamalıdır. Ümumiyyətlə, yalan elə bir bəladır ki, ayaq açdığı yeri gec-tez dağıdır. Buna görə də zarafatın həqiqət üstündə köklənməsi şərtdir.

Zərafətin "ə"-si, zarafatın "a"-sı

Evdə hər şey ciddi rejimdə davam etsə, adamın ürəyi sıxılar. Əlbəttə ki, evdə ciddiyyət də lazımdır, zarafat da.

Ancaq dediyimiz kimi zarafat da öz haşiyəsində, öz çərçivəsində olsun. Əgər zarafat qarşı tərəfin qəlbini qırmaq üçündürsə, mütləq təsirini göstərəcək. Əgər zarafat qarşı tərəfin könlünü almaq üçündürsə, yenə təsirsiz qalmayacaqdır. Bir sözlə,  zarafat nə məqsədlə başlayır-başlasın, elə bu niyyətlə bağlı olur.

Bütün münasibətlərdə nəzakətli olmaq, qarşı tərəfə zəriflik göstərmək insanın gözəlliyidir. Əslində təvazökarlıq insanın böyüklüyünün, təkəbbür isə insanın kiçikliyinin göstəricisidir. Təbii ki, hər kəsin qarşı tərəfə münasibəti də, bu iki mənbəyin birindən qaynaqlanır. Əgər təvazö varsa, o təvazönun içində sevgi var, səmimiyyət var, hörmət var. Əgər təkəbbür varsa, o təkəbbürün içində xudbinlik var, laqeyidlik var, etinasızlıq var.

Zarafat insanda həya hissini zədələməməlidir. Əgər zədələsə, deməli, ortadan pərdə götürülər. Bir atanın öz ailəsi ilə, uşağı ilə zarafat etməsi tebii haldır. Ancaq dediyimiz kimi, arada ölçü olmalıdır. Əgər bu ölçü pozulsa, əks nəticə alınar və inciklik, narazılıq meydana çıxar. Zarafat təkəbbürün yox, təvazökarlığın qanadı olanda gözəldir. 

22 oktyabr 2015
GO BACK