Qadin.NET / Əbu Nəsr Əl-Farabi-Şərq fəlsəfəsi (4)

Əbu Nəsr Əl-Farabi-Şərq fəlsəfəsi (4)

Əbu Nəsr Əl-Farabinin Şərq fəlsəfəsi kitabından seçilmiş 2 mövzu

Kainatın cismini vəhmdə daim bir artımla artırmaq olar ki, ondan böyük, sonra isə daim daha böyük xəyal edilsin, onu imkan cəhətdən böyütməyə hədd yoxdur, potensial surətdə sonsuzdur. Potensiya imkandan başqa bir şey olmadığı üçün bu deyilən şey potensial surətdədir. Potensial surətdə sonsuz vəziyyətdə nə varsa, o cümlədən hərəkət və zaman həmçinin potensial surətdə sonsuzdur. Deməli, Sonsuz olan yalnız potensial surətdə sonsuzdur. Aktual surətdə isə, dediyimiz kimi, heç bir şey sonsuz ola bilməz. Bu, vacib olduğu üçün artıq aşkar oldu ki, zaman aktual surətdə sonsuz ola bilməz. Zaman kainatın cisminin zamanıdır, yəni onun müddətidir. Əgər zaman sonludursa, deməli, cismin gerçəkliyi də sonludur. Zaman mövcud deyildirsə zamansız cisim də yoxdur. Çünki zaman yalnız hərəkət miqdarıdır, yəni o, ölçüsü hərəkət olan müddətdir. Hərəkət olarsa zaman olar, hərəkət olmazsa zaman olmaz.

Hərəkət yalnız cismin hərəkətidir. Belə ki, cisim mövcuddursa hərəkət də mövcuddur, əks halda hərəkət olmazdı. Hərəkət müəyyən bir dəyişmədir.

Fəqət cismin hissələrinin və onun mərkəzinin, yaxud cismin bütün hissələrinin məkanına nisbətdə dəyişmə mexaniki hərəkətdir. Cismin istər mərkəzə yaxınlaşmaqla, istərsə ondan uzaqlaşmaqla öz hədləri ilə çatdığı məkan dəyişməsi artma və azalmadır. Cismin fəqət atribut olan keyfiyyətlərinin dəyişməsi çevrilmədir. Cismin substansiyasının4 dəyişməsi əmələgəlmə və məhvolmadır. Hər bir dəyişmə cismin müddətinin miqdarını ölçür. Deməli, hər bir dəyişmə zamanda baş verir. Əgər hərəkət mövcutdursa zəruri surətdə cisim də mövcuddur. Əgər cisim mövcuddursa, onda hərəkət zəruri surətdə ya mövcud olmalıdır, ya da mövcud olmamalıdır. Əgər cisim mövcuddursa, hərəkət yoxdursa ya hərəkət əsla olmur, ya da olmur, ancaq ola bilər. Əgər o, əsla olmamışdırsa, deməli, hərəkət mövcud deyildir. Çünki cisim mövcuddur, o isə mövcud deyildir. Bu, mümkün olmayan əks-çıxmadır. Beləliklə, mümkün deyildir ki, cisim mövcud ola, hərəkət əsla mövcud olmaya. Cisim mövcud olanda hərəkətin mövcudluğu mümkündürsə, onda hərəkət bəzi cisimlərdə zəruri surətdə mövcud olmalıdır. Çünki mümkün olan üçün elə şey vardır ki, onun substansiyasına malik olanların bəzisində həmin şey mövcuddur. Məsələn, yazı yazmaq qabiliyyəti Məhəmmədin imkanında mövcuddur, ancaq onda aktual surətdə deyildir. Belə ki, bu qabiliyyət insan substansiyasının bəzisində, yəni başqa insanlarda mövcuddur.

Beləliklə, hərəkət zəruri surətdə bəzi cisimlərdə mövcuddur. Deməli, o, cisimdə ümumiyyətlə mövcuddur, o, cisimdə ümumiyyətlə zəruri surətdə mövcuddur. Bir halda ki, cisim mövcuddur, onda hərəkət də mövcuddur. Sanki deyilmişdi ki, cisim mövcud olsa da hərəkət olmur. Belə çıxır ki, cisim mövcud olanda hərəkət olur, (həm də) cisim mövcud olanda hərəkət olmur. Bu, qeyri-mümkün və mümkün olmayan əks-çıxmadır.

Beləliklə, mümkün deyildir ki, cisim ola, hərəkət olmaya. Deməli, haçan cisim olursa zəruri surətdə hərəkət də olur.

Biz güman edə bilərik ki, kainatın cismi əvvəlcə sükunətdə olub (ancaq onun hərəkətdə olması da mümkün imiş), sonra hərəkətə gəlib. Bu, zəruri surətdə yalan gümandır. Çünki kainatın cismi əgər əvvəlcə sükunətdə olub, sonra hərəkətə gəlmişdirsə, onda kainatın cismi ya heçdən əmələ gəlmiş, ya da elə mövcud olmuşdur. Əgər o, heçdən əmələ gəlsəydi, onda onun mahiyyətində heçdən olan şeylər onun mahiyyətində hərəkət olardı. Hərəkəti seçib ayıranda dediyimiz kimi, hərəkət növlərindən biri əmələgəlmədir. Əgər cisim qabaqlanmamışdırsa özü-özünə olmuşdur. Deməli, cismin əmələ gəlməsini hərəkət əsla qabaqlamamışdır. Deyilmişdi ki, o, əvvəlcə vardır, hərəkət isə yox idi. Belə çıxır ki, o var, hərəkət yoxdur. O olmamışdı, hərəkət də yox idi. Bu, mümkün olmayan əks çıxmadır. Beləliklə, əgər cisim heçdən əmələ gəlsəydi hərəkəti qabaqlaya bilməzdi.

Əbu Nəsr Əl-Farabi-Şərq fəlsəfəsi (4)

Əgər cisim sükunətdə olsaydı, sonra hərəkətə gəlsəydi (çünki o, hərəkət etmək imkanına malikdir) əzəli olan kainat cismi aktual surətdə sükunətdən aktual surətdə hərəkətə çevrilərdi. Əzəli olan isə, aydınlaşdırdığımız kimi, dəyişmir. Belə çıxır ki, o, həm dəyişir, həm dəyişmir. Bu, mümkün olmayan əks çıxmadır. Deməli, mümkün deyil ki, kainatın cismi aktual surətdə sükunətdə ola sonra aktual surətdə hərəkət edənə çevrilə. Onda hərəkət mövcuddur, deməli, hərəkəti əsla qabaqlamamışdır.

Beləliklə, əgər hərəkət mövcuddursa zəruri surətdə cisim də mövcuddur. Əgər cisim mövcuddursa zəruri surətdə hərəkət də mövcuddur. Artıq deyildi ki, zaman hərəkəti qabaqlamır. Deməli, zaman zəruri surətdə cismi qabaqlamır. Çünki zaman yalnız hərəkətlədir. Hərəkətsiz cisim yoxdur, cisimsiz isə hərəkət yoxdur. Cisim yalnız müddətdədir. Müddət odur ki, onda o olma var, yəni o onda odur. Cismin müddəti yalnız hərəkət mövcud olduqda olur. Çünki, artıq izah edildiyi kimi, cisim həmişə hərəkətlə birlikdə mövcuddur. Beləliklə, cismin müddəti həmişə cismin lazımi xassəsidir. Müddətin ölçüsü həmişə cismin lazımi xassəsi olan cismin hərəkətidir. Belə ki, cisim heç vaxt zamanı qabaqlamır.

Beləliklə, cisim, hərəkət və zaman heç vaxt bir-birini qabaqlamır. Deməli, artıq aşkar oldu ki, sonsuz zaman ola bilməz: çünki aktual surətdə sonsuz nə kəmiyyət, nə də kəmiyyətə malik olan vardır. Deməli, hər bir zaman aktual surətdə sonludur. Cisim zamanı qabaqlamır. Deməli, kainatın cismi öz gerçəkliyi sarıdan sonsuz ola bilməz. Kainatın cisminin gerçəkliyi zəruri surətdə sonludu. Buna görə kainatın cisminin əzəli olması mümkün deyildir. Verdiyimiz izahatdan sonra bunu başqa sözlə aydınlaşdıraq: nəzər əhli üçün bu yolda ona nüfuz etməkdə məharəti artırar.

Deyirik: tərtib etmə və birləşdirmə dəyişmə halıdır. Çünki bu, şeyləri toplama və nizama salmadır. Cisim uzunluq, en və dərinliyə malik substansiyadır, yəni üç ölçülüdür. Deməli, o özünün cinsindən- substansiyadan və özünün fərqləndirici əlamətindən- uzunluq, en və dərinliyə malik olandan ibarətdir. O, materiya və formadan təşəkkül tapmışdır. Tərtib etmə tərtib olmayan halı dəyişdirir. Tərtib etmə hərəkətdir. Hərəkət olmasaydı tərtib etmə olmazdı. Cisim müəyyən bir tərtibdir. Deməli, hərəkət olmasaydı cisim olmazdı. Beləliklə, cisim və hərəkət bir-birini qabaqlamır. Zaman hərəkətə görədir. Çünki hərəkət dəyişmədir. Dəyişmə isə dəyişən şeyin müddətinin miqdarıdır. Deməli, hərəkət dəyişən şeyin müddətinin miqdarının ölçüsüdür. Zaman isə hərəkətlə ölçülən müddətdir. Artıq dediyimiz kimi, hər bir cismin müddəti var, yəni gerçəkliyinin olduğu bir şey- özünün olduğu bir şey var. İzah etdiyimiz kimi, cisim hərəkəti qabaqlamır. Cisim hərəkətlə ölçülən bir müddət qabaqlamır. Beləliklə, cisim, hərəkət və zaman gerçəklikdə bir-birini qabaqlamır. Deməli, onlar gerçəklikdə birlikdədir. Əgər zaman aktual surətdə sonludursa, tərtib etmə və birləşdirmə müəyyən bir dəyişmə olmasına baxmayaraq, cismin gerçəkliyi zəruri olaraq aktual surətdə sonludur. Əgər tərtib etmə və birləşdirmə müəyyən bir dəyişmə olmasaydı, onda bu nəticə vaciblikdə olmazdı.

İndi isə zamanın keçmişdə və gələcəkdə aktual surətdə sonsuz olmasının qeyri-mümkünlüyünü başqa bir şəkildə izah edək. Deyirik:

Zamanın hər bir anından qabaq elə bir an var ki, özündən qabaq anın olmadığı bir ana, yəni özündən qabaq mövcud olmayan bir an müddətinə gedib çıxır. Başqa cür də ola bilməz. Əgər başqa cür ola bilsəydi zamanın hər bir anının arxasında sonsuz bir an olardı. Deməli, əbədi fərz edilmiş bir zamana gedib çıxılır. Çünki keçmişdəki sonsuzluqdan bu fərz edilmiş hazırkı zamana qədər müddət gələcək zamanda sonsuzluğa doğru bu fərz edilmiş müddətə bərabər olar. Əgər sonsuzluqdan məhdud zamana qədər nə keçdiyi məlumdursa, onda bu məlum zamandan sonsuz zamana qədər keçən də məlumdur. Bu halda sonsuz sonlu olar. Bu isə mümkün olmayan əks çıxmadır.

Əbu Nəsr Əl-Farabi-Şərq fəlsəfəsi (4)

Həmçinin, əgər müəyyən zamana ondan qabaq bir zamana çatmadan çatılmırsa və ondan qabaq bir zamana çatmadan ondan qabaq olana çatılmırsa, beləcə sonsuz olursa və sonsuz olanın məsafəsini bir zamana çatmadan sonsuz zaman qət edilməz. Müəyyən zamana çatma isə ondan qabaqkı bir zamanla dərk edilir.

Zaman sonsuzdan deyil, zəruri surətdə sonludan gələndir. Cismin müddəti sonsuz deyildir. Mümkün deyildir ki, cisim müddətsiz ola. Deməli, cismin gerçəkliyi sonsuz deyildir, cismin gerçəkliyi sonludur. Cismin əzəli olması qeyri-mümkündür.

Aktual surətdə sonsuz zamanın gələcəyi mövcud ola bilməz. Çünki keçmiş zamanın, artıq dediyimiz kimi, müəyyən bir zamana qədər sonsuz olması qeyri-mümkündürsə və zamanla bir-birinin ardınca gəlirsə, deməli, müəyyən sonlu zamana hər dəfə bir zaman artırıldıqda artırılan müəyyən bir zamanın məcmusu müəyyəndir. Əgər məcmu müəyyən olmamışdırsa, deməli, kəmiyyəti müəyyən şey kəmiyyəti müəyyən şeyə artırılmış, bununla onlardan kəmiyyətdə sonsuz bir şey qərarlaşmışdı. Zaman fasiləsiz kəmiyyətdəndir, yəni keçmiş və gələcəklə müştərək ana malikdir. Onun müştərək anı keçmiş zamanın son həddi və gələcək zamanın ilk həddi olan indidir. Hər bir müəyyən zamanın iki həddi var: ilk hədd, son hədd. Əgər iki müəyyən zaman hər ikisi üçün müştərək eyni bir hədlə birləşirsə, onda o ikisindən hər birinin qalan həddi müəyyəndir, məlumdur.

Artıq deyilmişdir ki, iki zamanın müəyyən məcmusu hədləri müəyyən olmayandır və hədləri müəyyən olandır. Bu, mümkün olmayan əks çıxmadır. Deməli, mümkün deyildir ki, müəyyən zamana müəyyən zaman olan bir şey artırılırsa məcmu qeyri-müəyyən ola. Müəyyən zamana hər dəfə müəyyən hədlidir. Beləliklə, gələcək zamanın aktual surətdə sonsuz olması mümkün deyildir.

9 oktyabr 2015
GO BACK