Qadin.NET / Əbu Nəsr Əl-Farabi-Şərq fəlsəfəsi (3)

Əbu Nəsr Əl-Farabi-Şərq fəlsəfəsi (3)

 

Əbu Nəsr Əl-Farabi-Şərq fəlsəfəsi (3)

 

Əbu Nəsr Əl-Farabinin Şərq fəlsəfəsi kitabından seçilmiş 2 mövzu

Görüm, Allah səndəki bütün fəzilətləri saxlasın, səni bütün rəzilliklərdən qorusun, bu müqəddiməni xatirində saxla ki, o sənin üçün həqiqətlər səviyyəsinə çatan bələdçi, əqlinin gözləri önündən cəhalət qaranlığını və çaşma bulanıqlığını qovan parlaq ulduz olsun!

Beləliklə, həmin iki üsulla həqiqəti dərk etmək bir cəhətdən asan digər cəhətdən çətindir. Çünki əqli şeyləri tam aydınlığı ilə dərk etmək üçün onların sürətli ifadəsini istəyən kəs onu yarasa gözünün günəş işığında bizə açıq-aydın olan fərdləri görə bilmədiyi kimi görmür. Bu səbəbdən metafizik şeyləri nəzərdən keçirənlərin çoxu çaşıb qalmışdır. Onlar bu şeylərin tədqiqində uşaq kimi hissi qavrayışda adət etdikləri imkan üzrə onların nəfsdə surətli ifadəsini tətbiq etməyə çalışmışlar. Belə ki, təlim adət edilmiş şeylərdə həqiqətən asan olur. Buna dəlil xütbələr, yaxud hekayələr, yaxud şerlər, yaxud da nağıllar öyrənənlərin ilk yaşlarından söhbət və əfsanələr eşitmək adəti sayəsində deyilənləri qavramaq çevikliyidir. Təbii şeylərə onlar təlimi baxış tətbiq etmişlər. Çünki bu, materiyasız şey barəsində olmalıdır. Axı materiya təsirlənmə obyektidir. Deməli, o hərəkət edəndir. Təbiət isə hər bir hərəkət edənin və sükunətdə olanın ilk səbəbidir. Hər bir təbii olan şey materiyaya malikdir. Deməli, təbii şeylərin idrakında riyazi baxışın tətbiqi mümkün deyildir. Belə ki, bu üsul materiyasız şeyə aiddir. Bu ona bənzəyir ki, təbii şeylərə olan baxış qeyri-təbii olan şeyə əsaslanır. Beləliklə, təbii şeylərin tədqiqində həmin üsulu tətbiq edən kəs həqiqətdən uzaq düşür, onu tapmır. Bunun üçün elmlərdən birini tədqiq edən hər kəs əvvəlcə həmin elmin əhatəsində vaqe olanın səbəbini tədqiq etməlidir. Əgər biz doğrudan da təbii şeylərin səbəbi olan təbiətləri tədqiq ediriksə, onda biz onu, dediyimiz kimi, təbiətin başlanğıclarında görürük. O, hər bir hərəkətin səbəbidir. Təbii olan, deməli, hər bir hərəkət edən şeydir. Beləliklə, fizika hər bir hərəkət edən şey haqqında elmdir. Metafizik olan isə, deməli, hərəkət etməyən şeydir. Çünki şeyin, bir az sonra aydınlaşdıracağımız kimi, öz oluşuna səbəb olması mümkün deyildir. Deməli, nə hərəkətin səbəbi bir hərəkətdir, nə də hərəkət edənin səbəbi bir hərəkət edən. Metafizik olan, deməli, hərəkət edən bir şey deyildir. Beləliklə, aydın oldu ki, metafizik hərəkətsiz şey haqqında elmdir.

 

Əbu Nəsr Əl-Farabi-Şərq fəlsəfəsi (3)

 

Biz hər bir axtarılanı dərk etməkdə sübutlu idrak tələb etməməliyik. Belə ki, hər bir əqli axtarılan sübutla dərk edilən deyildir. Çünki hər bir şey üçün sübut yoxdur. Deməli, sübut bəzi şeylər üçündür, sübut üçün sübut deyildir. Çünki bu, sonsuz olardı. Əgər hər bir sübut üçün başqa bir sübut olsaydı, əsla heç şey dərk edilməzdi. Bir şeyin ilk başlanğıcları haqqında biliyə gedib çıxılmırsa, o, qeyri-məlumdur, qətiyyən bilik deyildir. Həqiqətən, əgər biz canlı, düşüncəli və öləri insanın nə olduğunu bilmək istəsək və əgər bilməsək ki, canlı nədir, düşüncəli nədir, öləri nədir, onda biz insanın nə olduğunu bilmərik. Eləcə də riyazi elmlərdə biz qaneetmələr yox, əksinə sübut tələb etməliyik. Belə ki, riyazi elmdə əgər biz qaneetməni tələb etsəydik, onda biliyimiz elmi yox, zənn səviyyəsində olardı. Eləcə də hər bir fərqləndirilən baxışın başqasının idrakından qeyri-xüsusi bir idrakı var. Fərqləndirilən şeylərə nəzər salanlardan çoxu buna misallar da çəkmişdir. Onlardan kimisi qaneetmə tələbi adətinin, bəzisi məsələlər adətinin, bəzisi xəbərlərə şahidliklər adətinin, bəzisi hissin adətinin, bəzisi axtarılanları fərqləndirməkdə qüsura yol verməmək üçün sübut adətinin qeydinə qalmışdır. Onlardan kimisi də ya axtarılanların üsullarını bilmək imkanında olmadığı üçün, ya da həqiqət yollarını çoxaltmaq şövqü üçün bunun tətbiqini istəmişdir.

Biz hər bir axtarılan üçün lazım olan məqsədi güdməliyik: riyazi elmdə qane etməni, metafizikada hissi və surətli əks etdirməni, təbiət elminin başlanğıclarında fikri əlaqələri, ritorikada sübutu və sübutun başlanğıclarında sübutu tələb etməməliyik. Həqiqətən, əgər biz bu şərtlərə riayət etsək, məqsəd güdülən axtarılanları dərk etmək bizə asan olar. Əgər buna xilaf çıxsaq, axtardıqlarımızdan olan məqsədlərimizdə səhv edərik və məqsəd güddüyümüz şeyləri dərk etmək bizə çətin olar.

Bu məsləhətlər verildikdən sonra bu sənətdə işlədilməsinə ehtiyac duyulan terminləri təqdim etməyimiz lazımdır. Deyirik:

Əzəli - bu odur ki, ümumiyyətlə, olmaya bilməz. Buna görə əzəlini mahiyyətcə heç bir əmələ gəlmiş qabaqlamır. Deməli, əzəlinin varlığı başqasından deyildir. Bunun üçün əzəlinin səbəbi yoxdur. Bu o deməkdir ki, əzəli üçün nə bir substrat, nə bir atribut, nə bir fəal başlanğıc, nə də bir səbəbkar (yəni sayəsində mövcud olacaq şey) vardır. Çünki təqdim olunmuş səbəblər elə bunlardır.

Əzəli üçün cins yoxdur. Əgər onun üçün bir cins olsaydı, özü növ olardı. Növ isə onun üçün və başqası üçün ümumi cinsdən və başqasından olmayan fərqləndirici əlamətdən düzəlir. Növ substrata (öz formasını və başqasının formasını qəbul etmiş cinsə) və atributa (başqasına deyil, özünəməxsus formaya) malikdir. Beləliklə, növ substrata və atributa malikdir. Artıq aydın olmuşdur ki, əzəli üçün nə bir substrat, nə də bir atribut vardır. Bu qeyri-mümkün əks çıxmadır.3 Deməli, əzəli üçün cins yoxdur.

Əzəli məhv olmur. Çünki məhv olma ilk substratın yox, atributun dəyişməsidir. Cins olan ilk substrata gəldikdə, o dəyişmir. Çünki məhv olanın məhvi dəyişdiricinin dəyişdirməsi ilədir. Hər bir dəyişənin dəyişməsi özünün ən yaxın ziddinə, yəni eyni bir cinsdə onunla birlikdə olana dəyişməsidir, məsələn, soyuqluqla dəyişən istilik. Çünki biz, məsələn, istiliyi quruluğa, yaxud şirinliyə, yaxud uzunluğa, yaxud da bu cür başqasına müqabil saymırıq. Bir-birinə yaxın ziddlər eyni bir cinsdir. Beləliklə, məhv olan cinsə malikdir. Deməli, əgər əzəli məhv olsaydı onun cinsi olardı. Onun isə cinsi yoxdur. Bu, qeyri-mümkün əks çıxmadır.

Çevrilmə dəyişmədir. Əzəli olan çevrilmir, çünki dəyişmir, naqislikdən kamilliyə keçmir. Keçmə müəyyən bir dəyişmədir. Əzəli isə kamilliyə keçmir, çünki çevrilmir. Kamil odur ki, malik olduğu sabit bir hala görə üstündür. Qeyri-kamil odur ki, sayəsində üstün olacağı sabit bir hala malik deyildir. Beləliklə, əzəlinin qeyri-kamil olması mümkün deyil. Mümkün deyildir ki, o bir hala keçib onun sayəsində üstün ola. Çünki, o, daha üstünə və daha kamilə çevrilə bilməz. Əzəli zəruri olaraq kamildir. Cisim cinsə və növlərə malik olduğu halda əzəli üçün cins yoxdur. Deməli, cisim əzəli deyildir.

İndi isə deyək: Nə əzəli bir cisim, nə də kəmiyyətə, yaxud keyfiyyətə malik başqası aktual surətdə sonsuz ola bilməz. Sonsuz olan həqiqətən, potensial surətdədir. Deyirəm: Vasitəçilik olmadan əqlin dərk etdiyi ilk həqiqi müqəddimələrdən: "Heç bir şeydə biri digərindən böyük olmayan bütün cisimlər bərabərdir"; "Bərabər cisimlər öz hədləri arasında aktual və potensial surətdə bərabər ölçülərə malikdir"; "Sona malik şey sonsuz deyildir"; «Bərabər olan cisimlərdən birinə bir cisim artırılsa o onlardan ən böyüyü olar və həmin cismin ona artırılmasına qədər olduğundan böyük olar»; "Sonlu ölçüyə malik iki cisim birləşsə, o ikisindən əmələ gəlmiş cisim sonlu ölçülü olar. Bu, hər bir ölçüdə və hər bir ölçüyə malik olanda belədir"; "Həmcins iki şeydən kiçiyi böyüyü üçün ölçü olur, yaxud onun bir hissəsi üçün ölçü olur".

 

Əbu Nəsr Əl-Farabi-Şərq fəlsəfəsi (3)

 

Əgər sonsuz bir cisim mövcud olsaydı, ondan sonlu ölçülü bir cisim ayrıldıqda qalan hissə ya ölçücə sonlu, ya da ölçücə sonsuz olardı. Qalan hissə əgər ölçücə sonlu olsaydı, ayrılmış ölçücə sonlu hissəni ona artırdıqda o ikisindən əmələ gəlmiş cisim bütövlükdə ölçücə sonlu olardı. O ikisindən düzəlmiş cisim bir şeyin ondan ayrılmasından qabaq ölçücə sonsuzdursa, deməli, o, sonsuz sonludur. Bu, qeyri-mümkün əks çıxmadır. Əgər qalan hissə ölçücə sonsuz olsaydı götürülmüş şey ona artırıldıqda o, ya artırılandan qabaq mövcud olduğundan böyük olar, ya da ona bərabər olar. Əgər o, qabaqca olduğundan böyükdürsə, deməli, bir sonsuz şey başqa sonsuzdan böyük olmuşdur. İki şeydən kiçiyi böyüyü üçün, yaxud onun hissəsi üçün ölçüdür. Deməli, sonsuz iki cisimdən kiçiyi böyük üçün, yaxud onun hissəsi üçün ölçüdür. Əgər kiçik onun üçün ölçüdürsə, deməli, şübhəsiz, onun hissəsi üçün də ölçüdür. Beləliklə, kiçik cisim böyük cismin müəyyən hissəsinə bərabərdir. İki bərabər şey isə odur ki, uyğun tərəfləri arasında ölçülər bərabərdir. Beləliklə, o ikisi tərəflərə malikdir. Çünki oxşar olmayan bərabər cisimlər odur ki, onları eyni bir cisim eyni bir miqdarla ölçür. Onların tərəfləri çoxluğa, yaxud keyfiyyətə, yaxud da birlikdə hər ikisinə görə fərqlənir. Deməli, bu iki cisim sonludur. Belə çıxır ki, kiçik sonsuz cisim sonludur. Bu, mümkün olmayan əks çıxmadır. Beləliklə, həmin iki cisimdən biri digərindən böyük deyildir. Əgər həmin qalan hissə bir şeyin ona artırılmasından qabaq olduğundan böyük olmasaydı, deməli, cismin üstünə bir cisim artırılanda heç şey artmazdı, bunun hamısı təkcə ona bərabər olardı. Təkcə bu özünün bir hissəsinə və birlikdə götürülmüş iki hissəsinə bərabər olardı. Onda, hissə tam kimi tam götürülərdi. Bu isə mümkün olmayan əks çıxmadır. Beləliklə, aydın oldu ki, sonsuz cisim ola bilməz.

Bu tədbirlə aydın oldu ki, heç bir kəmiyyətin aktual surətdə sonsuzluğu mümkün deyildir. Zaman kəmiyyətdir. Deməli, sonsuz bir zamanın aktual surətdə olması qeyri-mümkündür. Zaman sonlu başlanğıca malikdir. Sonlu olanın atributları da zəruri surətdə sonludur. Deməli, cismin hər bir atributu kəmiyyət, yaxud məkan, yaxud hərəkət, yaxud hərəkətə görə bölünmüş olanın zamanı, ümumiyyətlə, aktual surətdə cismin atributu olan hər şey cisim özü sonlu olduğu üçün həmçinin sonludur. Beləliklə, kainatın cismi və onda ölçü olan hər bir atribut da sonludur.

Ardı var...

8 oktyabr 2015
GO BACK