Bu yaxnlarda Firidun Şuşinskinin "Azərbaycan Xalq Musiqiçiləri" (Bakı, "Yazıçı" 1985) kitabını oxuyarkən XIX əsr azərbaycanlılarının (ya da proto-azərbaycanlılarının) mədəniyyətləri və məişətləri barədə maraqlı faktlara rastladım. Düşündüm ki, bunu köçürdüm və paylaşım, bəlkə məndən başqa kimlərəsə də maraqlı oldu. (Mərhum F.Şuşinskinin bəhs etdiyi rəssam və onun əsərlərini də internetdən tapdım ki, hər şey daha aydın olsun.)
Beləliklə, Şuşa şəhəri XIX əsrin sonunda musiqi mərkəzinə çevrilmişdi. Burada 70-ə qədər sazəndə fəaliyyət göstərirdi. Şuşada musiqi məktəbinin yaradıcısı məşhur musiqişünas Xarrat Qulu Məhəmməd oğlu (1823-1883) idi. Xarrat Qulu məclisə gözəl səsi olan gəncləri cəlb edərək məhərrəmlik təziyəsini keçirmək üçün onlara muğamatı və oxumaq qaydalarını öyrədirdi.
Azərbaycanın hər yerində olduğu kimi Şuşada da din xadimlərinin təhriki ilə dini mərasimlərə ciddi hazırlıq görülürdü. Hələ məhərrəmliyə üç ay qalmış cavanlar əllərində məşəl qapı-qapı evləri gəzər, pul yığardılar. İrandan xüsusi mərsiyəxanlar, dərvişlər dəvət edilərdi. Beləliklə, bir ay davam edən məhərrəmlikdə məscidlər qiymətli xalılarla döşənər, axund və mollalar məscid və təziyələrdə çıxış edərdilər. Şəhərin tamahkar tacir və xanzadələri də öz evlərində təziyə qurdurar, mərsiyə oxutdurardılar. Bu dini mərasim on gün davam edən aşura dövründə daha daha gərgin şəkil alardı: emalatxanalar, dükanlar bağlanar, hamı məscidlərə cəlb olunardı.
Məhərrəm ayının 10-cu günündə aşura zamanı dini tamaşalar göstərilərkən hər məhəllədən bir dəstə Şuşanın mərkəzi hissəsinə - "Meydan"a toplaşardılar. Bir dəstə adam köynəksiz halda çılpaq bədənlərinə mıx, dəmir qıfıl keçirmiş vəziyyətdə meydana girərdi, bunlara"ələmdarlar" deyərdilər. Digər dəstə isə əyinlərinə kəfən geymiş, başlarını xəncərlə yarmış "ağköynəklilər"dən ibarət olardı. Başqa bir dəstə isə sinə vura-vura meydana daxil olardı. Deyilənə görə bu dəstələr meydana daxil olanda xor ilə "Şah Hüseyn!", "Vay Hüseyn!", "Heydər!", "Heydər!" deyəndə bütün meydan titrəyərmiş. Ələmdar və ağköynək dəstələri meydana girəndə hələ vaxtı ilə Molla Pənah Vaqif tərəfindən yazılmış növhəni oxuyardılar.
Şuşada məhərrəmlik təziyəsi barədə bir çox rəvayətlər, məzəli əhvalatlar söyləyərdilər. Bir gün şəhər meydanında şəbih çıxarılarkən Haris ("Kərbəla faciəsi"nin təşkilatçılarından biri) Kərbəla əsirlərini döyə-döyə meydana gətirir. İmam övladlarını və qohumlarını bu acınacaqlı vəziyyətdə görən "tamaşaçılar" - şəhər əhli ağlaşırlar. Birdən şəhər sakinlərindən Məmi Qoca meydana atılıb bərkdən qışqırır:
Kərbəlada olmadıq
Şümür Sənanı öldürək...
Məmi Qocanın yanında duran Şuşa taciri allahverənli Kərbəlayı Şirin onun şeirini axıradək deməsinə imkan vermir, başına bərkdən bir qapaz salıb deyir: "Başına daş, ay Şümür, gör nə günə qalmısan ki, pişikdən qorxan Məmi Qoca da səni hədələyir".
Məşhur rus rəssamı V.Vereşşagin 1865-ci ildə Şuşaya gələrkən məhərrəmlik mərasiminə tamaşa etmiş, hətta bu mərasimi rəsm əsərlərinin birində böyük sənətkarlıqla təsvir etmişdi.
Şəbihgərdanlığın xanəndəlik sənətinin inkişafına da müəyyən təsiri olmuşdur. Xarrat QuluŞuşada məhərrəmlik təziyəsi zamanı təşkil etdiyi məclislərə gəncləri cəlb edər, Səkinə, Zeynəb, Əli Əkbər və başqa şəbih rollarında oynamağı öyədərdi.
Bir gün Xarrat Qulu şəbih rollarını öz adamları arasında bölürmüş. Şümür rolunu oynamağa heç kəs razılıq vermir. Çünki Şuşada kim Yezid, Haris və Şümür rollarını oynasa imiş şəhər əhli həmin adamları bu adlarla çağırarmış. Təsadüfi deyildir ki, Şuşada "Qurdlar məhəlləsi"ndə yaşayan Cavad kişiyə "Yezid Cavad", "Köçərli məhəlləsi"ndə yaşayan Sarı Bəşirə isə "Haris Bəşir" deyərlərmiş.
Xarrat Qulu əlacsız qalıb bazara gedir, kartof satan bir erməni kişisinə 10 manat qızıl pul verərək, Şümürün rolunu oynamasına razılıq alır. Xarrat Qulu onunla məşq edir və kişiyə təkidlə tapşırır: "Şəbih keçirilərkən sənin ətrafına böyük su qabları qoyulacaqdır. İki uşaq sənə yaxınlaşıb yalvaracaq, su istəyəcəkdir: "Əmi, bizə bir qurtum su ver". Sən qətiyyən verməməlisən."
Erməni öz "rejissorunun" tapşırığını yerinə yetirəcəyinə söz verir. Mərasim başlanır. Müslümün uşaqları Şümürə yaxınlaşaraq ondan su istəyirlər. Uşaqların acınacaqlı vəziyyətini görən erməni onlardan birinə "Ay bala, baxıram ki, sən bir abırlı adama oxşayırsan. Nə təhər eyləyim ki, məndən inciməyəsən. O Xarrat Qulu köpəkoğlu tapşırıb ki, heç kəsə su vermə". Tamaşaçılar gülüşürlər, şəbih pozulur.