İndi məndən soruşsalar ki, sən sosial birisən yoxsa asosial? Sualın beynimdə saniyəlik cavabı Sosial olacaq. Amma sonra “bir dəqiqə!” deyib düşünməli olacam. Nəyi? Maraqlıdırsa onda birlikdə düşünək.
Sosial tip insan sadə dillə desək cəmiyyətin içinə qaynayıb-qarışan, geniş çevrəsi olan və ünsiyyəti sevəndir. İndi bu yazını yazmazdan öncə bir balaca Google-da dolaşdım və ilgimi çəkən yanaşmalar tapdım. Təbii, sosial tipin əksi asosial deyə tanımlanır lüğətlərdə. Amma qəribədir, asosial həm də sosial şəbəkələrdə aşırı zaman keçirən tiplərə də deyilir. Bu arada Google Translate-də asocial sözünü “tayfadan qaçan” kimi tərcümə ediblər:) Tayfadan yazmayacam, amma təəssüf edirəm ki, sosial şəbəkələrdəki aktivliyə passiv yanaşılır və gənclərin cəmiyyətdən uzaqlaşıb asosiallaşdığı düşünülür. Bu sahədə ümumiləşdirmə çox acımasızdır. Mənim yanaşmamsa fərqlidir. Araşdırma filan aparmamışam, sadəcə öz təcrübəmə və müşahidələrimə dayanaraq sizinlə fikrimi paylaşıram. Və...dostlar, axı deyəsən asosial tip insan da elə sosialdı, özü də necə lazımdı.
Reallıq dediyimiz toxunulan, material nəsnədə “ölü həyat” yaşayan bir qoşun insan var, onları “otağına çəkilənlər”dən tutmuş “özünü bəyənənlər”, “adamayovuşmazlar” kimi bir xeylax tanımlamaq olar. Amma bir də görürsən ki, bu səssiz adamın virtual dediyimiz məkanda (məkansızlıqda) bir ton fikir paylaşımı, dostları, aktiviteləri nə bilim nələri var. İndi beləsinə necə asosial deyəsən?! Artıq sosiallığa yanaşma tərzi dəyişir, ya da yeni adlar alır.
Sosial şəbəkələr dediyimiz anlayışı sosial edən biz insanlarıq. Asosial dedikləri sosial şəbəkə adamları daha mobil və zaman-məkan sərhəddi bilmədən yaşayan fərdlərdir, yoxsa niyə sosial şəbəkə desinlər, o zaman asosial şəbəkə olardı.
İnsanın çox zaman ehtiyac duyduğu interkativlik: müzakirələr, fikir paylaşımı, şərhlər, bəyənmələr, təbriklər, hətta etinasızlıqlar belə burada bizim bir parçamızdır, köhnə adamların dövründə olduğu kimi. Əslində, məzmun olaraq nələr dəyişib daha çox diqqətimi çəkir. Əgər texnologiyanın sürətlə inkişaf etdiyi bir dönəmdə hələ də köhnə və əbədi mövzular danışılırsa, nə qədər müasir ola bilərik?! Əslində, bütün məsələ istər real, istərsə də virtual sosial adam olmaq deyil, əsas məsələ düşüncə tərzi və yanaşmadadır. Əgər beyinlər hələ də ağ-qara, doğru-yanlış, əyri-düz, halal-haram, böyük-kiçik kimi bəzən abstrakt görünən anlayışlara tək bir cavab verirsə demək beyinciklərə çevrilmə qaçılmaz olur.
Bəlkə, virtual dünyamızın sosial tipləri olaraq sosial mediani bir vasitə bilib düşünmə prosesini yavaşlatmayaq? Bəlkə bir az da bunun üzərinə düşünək?
Yoxsa həqiqətən də mənə maraqlıdır sizcə, virtual və real sosial tiplərin fərqi nədir? Facebook səhifəsində ailə həyatının az qala hər dəqiqəsini sərgiləyən bir insan eyni şeyi evində çay dəstgahı qurub tanışları başına yığıb ailə albomunu vərəqləyərək edir. Fərq sadəcə insan sayındadırmı? Evdə 10 nəfərlik yerim var, amma Facebook səhifəmdə minlərlə. Yəni həmişəmi rəqəm önəmlidir? Bir şirkətin PR etməsi üçün əvəzsizdir, amma mənim uşağımın şəklini neçə nəfər “like” edəcək, bu görəsən çoxmu önəmlidr? Qətiyyən bu tipləri aşağılamaq fikrində deyiləm. Sadəcə maraqlıdır mənə. Sosial şəbəkələrə bu qədər bəsit yanaşmaq və sonrada “baxın, görürsünüz də asosial tiplər yığışıb, həyatın reallığından bixəbərdirlər” deməklə nə qədər düz edirik? Ya da virtual sosiallar niyə həm də real dünyanın sosialı olmaqdan çəkinir, ya da ümumiyyətlə bu barədə düşünməyə dəyərmi?
Mən düşünürəm!
Səbinə İzzətli