Elə günlər olacaq ki, özünü ən dərin, qaranlıq boşluqda, tək hiss eləyəcəksən. Evə gəlib üzünü yuyanda səni ağlamaq tutacaq, gözünün tuşu üzünə yaxılacaq, güzgüyə baxıb fikirləşəcəksən ki, ətrafda kameralar olsaydı, indi yaxşı dramatik səhnə çəkə bilərdilər, göz yaşının krant suyuna qarışması əsl Oskarlıq səhnədir.
Yadına uşaqlıq travmaların düşəcək – məktəbdə həmişə səninlə prinsipə gedən müəllim, sinifdə səni sözləri ilə incidən o gonbul oğlan, ilk sevginin başqası ilə əl-ələ gəzdiyini görməyin, sonra indiki çətinliklərini düşünəcəksən – səndən zəhləsi gedən müdirin, bank hesabındakı pulun miqdarının ikirəqəmli olması…
Sənə elə gələcək ki, hər zaman qurbansan, elə biləcəksən ki, bütün pisliklər səni tapır. Beynində eyni hadisəni təkrar-təkrar fırladacaqsan və onda "kaş ki"-lər, "gələn dəfə"-lər məsələyə girişəcək. Seriallardakı min bir əziyyətə məruz qalan baş qəhrəmanları özünə doğma biləcəksən, onların nə çəkdiyini başa düşəcəksən.
Zırıldaya-zırıldaya Adelein kədərli mahnılarına qulaq asıb onunla bərabər oxuyacaqsan, Adele mahnının sözlərini səhv oxuyanda ona da hirslənəcəksən. Facebookdan zəhlən gedəcək, ordakı ideal həyatı olan dostlarının ideal şəkilləri səni hirsləndirəcək, elə biləcəksən bütün dünya xoşbəxtdir, səndən başqa. Bütün dünya uğurlu insanlarla doludur, bir sən "looser"-sən. Özünü tənha, bədbəxt, uğursuz hiss eləyəcəksən.
Bax, həmin o dramatik anda bir şeyi bilməyini istəyirəm – sən əlindən gələn hər şeyi etmisən. Özünü qınamaq, günahlandırmaq çox asandır, geriyə baxıb nəyisə başqa cür edə biləcəyini düşünməklə yanılırsan. Çünki hər bir vəziyyətdə, hər gün, hər saat və hər an sən əlindən gələn ən yaxşısını etmisən. Biz hamımız ƏLİMİZDƏN GƏLƏNİ EDİRİK. Hər bir vəziyyətdə ən yaxşı bildiyimiz cür davranırıq.
Hər birimiz bir dəfə yaşayırıq (Buddist bacı-qardaşlar məni bağışlasın), keçmiş həyatdan təcrübə toplumuz yoxdur, əlbəttə, səhvlər edəcəyik. Çünki yalnız risk etməyən qorxaqlar səhv eləmirlər. Səhvlər et, onların səni əzməsinə imkan vermə, səhvlərdən öyrən, onların nəticəsində böyü.
Başa düş ki, SƏN TƏK DEYİLSƏN, hamının daşıdığı görünməz problem çemodanı var, hamının İnstaqrama qoymadığı kədərli anları olur, həyat asan deyil. Amma çətin günlərlə bərabər universitetdən fəxrlə məzun olduğun, adının xalçaya pambıqla "Toyunuz Mübarək" yazıldığı, ən yaxın dostunla saatlarla söhbət edib zövq aldığın, sevdiyin insanlarla keçirdiyin ad günləri, sürpriz hədiyyənin səni göyün 5-ci qatına çıxardığı günlər də olacaq.
Bu dünyada vaxtımız limitlidir, sən heç vaxt bu günkü qədər cavan olmayacaqsan və bu gün səni narahat edən şeylərin 90%-i bir il sonra vecinə də olmayacaq. Həmişə böyük səhnəni görməyə çalış, öz narahatlığına gül, boş ver. Bil ki, qışdan sonra yaz gəlir, hər şey yaxşı olacaq.
Gözəl günləri düşün, krantı bağla, tuşunu sil və bil ki, sabah daha da gözəl olacaq.
Gülümsə. Çünki həyat güzgü kimidir, ona gülənə gülümsəmə ilə cavab verir.
Şəbnəm