Dünyada hər qəzeti beş, ya on adam inşa edir: onu çap edən, hərflərini düzən, qələtlərini düzəldən başqa kəslər olur. Amma bu işlərin hamısını gərək mən özüm görüm… Ey bizlərə diqqət edənlər, bu qəzetin kəsrini görəndə gülməyin. Gülmək yeri deyil, siz ağlayın ki, biz müsəlmanın bircə qəzeti də basdırmağa adamı yoxdur.
Yaxşı kitab çox qiymətli xəzinədir. Nə qədər biz avamıq, bizi aldadacaqlar.
Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu tövr dünyanın gərdişinə görə gərək habelə öz rəftarını da dəyişdirsin, necə ki, məsəldir deyərlər: “Zəmanə sənə saz olmasa, sən zəmanəyə saz olginən”.
Ələlxüsus, bizim yerlərdə ki, qonşularımız elm təhsil edib günü-gündən irəli gedir, bizim əlimizdə olan mülkü malımıza sahib olurlar və bir az vaxtdan sonra biz onlara rəncbərlik edib, onların malını daşımaqdan ötrü kirəkeşlik edəcəyik.
Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Sonra, düşmənin düşmənliyi, dostun doğruluğu və dost göstərən doğru yolun doğru olması da aşkar olar.
Nə etməli? Hər kəsi çağırıram, gəlmir, göstərirəm, görmür, deyirəm, eşitmir. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan başqa əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç biri qanan olmasın. Necə ki bir bulağın suyunun altına nə qədər bərk daş qoysaq, bir neçə il sonra o, su tökülməkdən bərk daşı əridib deşər. Qəzet çıxarmaqdan başqa bir qeyri-əlac yoxdur ki, kağızın üstə yazılmış sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğruluğu aşkar olar.
Biz müsəlmanlarıq. Ac qurd kimi bir-birimizi yemək qəsdində olub, “el, cəmiyyət üçün ağlayan gözdən olar” məsələmizin təriqi ilə dolanırıq.
Bizim millət qeyrəti çəkən qardaşlar bir icma bina edib, ol kitablardan gətirib, bir az dəyişdirib, çapxana açıb, öz dilimizdə çap elədib, xalqa müftə, ya bir az qiymətə paylasın ki, bizim məktəbxanalarda sair kitabların əvəzində ol kitablar oxunsun… Elm kitablarımız olsa, onları oxurlar və necə ki, su damcı-damcı düşmək ilə daşı deşər, habelə o kitabları oxumaqdan elm və ədəb mürur ilə xalqın könlündə nəqş bağlayıb möhkəmlənər.
Ey elm təhsil edən cavanlarımız! Doğrudur, bizim Vətən qardaşlarımız ilə üns tutmaq çətindir. Siz danışdığınızı onlar başa düşməyib, əfalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər! Amma insaf deyil, beş gün ömrün ləzzətindən ötrü milləti, qardaşlarınızı atıb, onları kor və sərgərdan qoyasınız… Qoy şüaralar sizi həcv etsin, mollalar lənət oxusun, avamünas daşa bassın, siz millət üçün zəhmət çəkərsiniz və bişək, gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaqlar.