Sən bu yazını oxuyanda mən çox-çox uzaqlarda olacağam. Məni axtarma. Arxamca baxma. Zarafat eləyirəm, Marsa filan getmirəm, yolum Tokyoyadır. Yaponiya macəralarım haqda yazacağam, hələlik isə 13 saatlıq uçuşun 6 saatı qalıb. Mən də qaşlarımı tərsinə V hərfi kimi qaldırıb `pleeeease` deyəndən sonra (hər dəfə işləyir!) stüardessadan aldığım 2 brauni və bir qab dondurmanı yeyə-yeyə səninlə ciddi söhbət eləmək istəyirəm. Keçək tinə.
Sənin içində bütün dünyanı dəyişəcək qədər güc var (Bəli, bütün oxucularım SuperFatmanisə və SuperAftandil olana qədər bu cümləni yazacam). Sən unikalsan. Sənin kimi bir insan mövcud olmayıb və olmayacaq. Sənin təcrübən, dünyaya baxışın, xarakterin, potensialın əvəzolunmazdır. Sən başqalarına oxşamağa çalışdıqca özünün ən böyük gücünü – fərqliliyini itirirsən.
Özün ol!
Kin saxlamaq, paxıllıq etmək cılız adamların işidir. Bu hisslərdən yuxarıda ol. Böyük ürəkli insanlar sevgi və mərhəmətlə dolu olurlar.
Böyük ol!
Sənin həyatından yüzlərlə insan gəlib keçəcək. Onların hər biri sənə ya nəyisə öyrətmək, ya da kömək etmək üçün ordadırlar (bəli, borc alıb aradan çıxanlar da). Hər bir insandan öyrənməli şeylər var.
Öyrənməyə açıq ol!
Qorxu səni görünməz həbsxanaya kilidləyir. Ürəyinin səsini dinləyə bilmirsən, enerjin zəifləyir və özünə hörmətini itirirsən. Nə qədər az qorxaq olsan o qədər çox güclü olacaqsan və o qədər də gözəl yaşayacaqsan.
Cəsur ol!
Əgər böyük işlər görmək, dəyişikliklər etmək istəyirsənsə tənqidlərə, kobud münasibətə hazır ol. Bil ki, xoşbəxt insanlar heç kimə palçıq atmırlar.Bunların səni qırmasına imkan vermə.
Güclü ol!
Mənfi emosiyalara qapılmaq asandır – şişirdilmiş yazıqlıq həmişə kədərli olur (inanmırsan Xalid Huseyninin son 2 kitabını oxu). Özünü müsbət ruha kökləmək isə əlavə enerji tələb edir. İnsanların çoxu tənbəldir, özünə yazığı gəlməyi, pessimist olmağı seçirlər. Sən öz üzərində işlə. Pozitiv olmaq üçün davamlı beynini müsbət düşüncələrə köklə. Bu, səbr tələb edir.
Səbrli ol! Pozitiv ol!
Sənin ən böyük tənqidçin özünsən. Hər addımını tənqid edən başındakı o səsi susdur. İnan ki, hamının başı özünə qarışıqdı, heç kim sənin həyəcanını, utancaqlığını hiss eləmir. Sən özünü necə aparsansa insanlar səninlə o cür davranacaqlar.
Özünə inamlı ol!
Dünya azərbaycanlılarının Heydər Əliyev sarayındakı 2010-cu il konqresində onlarla jurnalist, qalstuklu daydaylar və eynəkli xalaların qabağında pilləkənin yuxarısında ayağı büdrəyib 15-20 pilləkən aşağıya yuvarlanan, sonra gülməkdən ayağa dura bilməyən mən idim. Həyəcanlanmaq üçün ciddi səbəblərim var idi – aşağıda dondurma görmüşdüm. Nə isə. Dediyim odur ki, həyatı, ətrafdakı insanları bir az boş ver. Azərbaycan dilində `pofigist`, `easygoing` sözü mövcud olmadığına görə bu sözü kəşf etməyə məcburam – Rahatbala ol!
Şəbnəm