Qadin.NET / Mo Şu fəlsəfəsi və xoşbəxtlik

Mo Şu fəlsəfəsi və xoşbəxtlik

 

Mo Şu fəlsəfəsi və xoşbəxtlik

 

Mövzumuz xoşbəxtlikdir. Qədim fəlsəfi cərəyan olan Mo Şunun xoşbəxtliyi. Moşu intellektual-elmi cəhətdən məndən daha savadlı idi yoxsa yox, onu deyə bilmərəm, amma xalqımızın gözəl şairi xoşbəxtliyə iki misra şeir düz-qoş edə bilmədi. Xoşbəxtlik hətta yazıda belə tapıla bilinmirsə, reallıqda necə tapılsın? Nəinki iki bənd şeir, ümumiyyətlə, onun tərifi leksik lüğətlərə yazılsa, əla olardı. Ən azından başlanğıc nöqtəmiz olardı. Xüsusilə isə “Əmək məcəlləsi”, “Vergilər məcəlləsi” və onlara bənzər gündəlik baş qatan toplulara bənzər “xoşbəxtlik məcəlləsi” yaradılsa idi, əla olardı. Özümüzü aldadardıq ki, bax filan-filan maddələrə görə xoşbəxt deyiləm, amma filan-filan maddələrə görə xoşbəxtəm və həyatımız da əsas məqsədi maddələrin artırılması olardı. Bir şeyi ki, konkretləşdirməsək, o necə reallaşa bilər? Yazıçıların, şairlərin və onlar kimi digər bir sürü düşünən insanların boşuna çabasıdır ki, xoşbəxtliyə aid indiyə qədər heç bir məcəllə, heç bir bələdçi-kitab yoxdur. Moşunun heykəlinin qarşısında ayaq üstə dayanıb məhz belə mövzulardan fikirləşirdim.

Məncə isə xoşbəxtlik çox primitiv və əlçatan bir şeydi. Çünki hər yerdə onu görürəm. İstəyir cüt olsun, istəyir tək olsun. O qədər əlçatan bir şeydi ki, gəlib-gedən əl atıb yerdən onu götürür və cibinə qoyur. Bax belə. Mən isə əyilməyi bacarmıram. Ona görə də cibi boş gəzirəm və yaxud da belə deməyimə baxmayın. Hərdən əyilib götürürəm, sadəcə yadımda qalmır. Keçən dəfə isə tamamilə təsadüfən gördüm ki, şalvarımın cibləri cırıqdır. Bax belə.

 

Mo Şu fəlsəfəsi və xoşbəxtlik

 

Love is the answer. Çoxlarından fərqli olaraq biz insan axtarırıq. Xoşbəxtliyi insanda görürük. İçimizdəki sevgini məhz insanla bölüşmək, içimizdə boş qalan xarici sevgi anbarını da doldurmaq. İçərisində olduğumuz cəmiyyətin fərdləri ilə isə uyğunlaşa bilmirik. Uyğunlaşmaq problemi məni çox narahat edir. Uzun illərin asosial həyat tərzidir ki, bu gün beş nəfər “xoşbəxt” insanın içində əzilib-büzülürəm. Evdə mənə öyrədirdilər ki, bala həyalı ol.

Nəyi səhv edirəm? Axı mən də xoşbəxtlik axtarıram. Qarşımdakı insana baxanda hansısa spesifik xüsusiyyət axtarıram. Klassik fəlsəfənin öyrətdikləri yadıma düşür: sevgi hər bir insanın itirdiyi digər yarısını tapmaq cəhdləridir. Kaş ki, özümü iki yerə bölünmüş kimi hiss etsəm. Bu, vəziyyəti bir az olsa da, sadələşdirərdi. Amma min yerə bölünmüş kimi hiss edirəm. Bundan əlavə özünə uyğun insanı tapmağa müvəffəq olan insanlar var və özlərini xoşbəxt hesab edirlər. Şəkillərdə belə yazılır. Bəlkə onları razı salaq bizə bəzi şeyləri öyrətsinlər? Yoxsa onlar bunun üçün çox xoşbəxtdilər?

 

Mo Şu fəlsəfəsi və xoşbəxtlik

 

Boşluq. Onun dolu və boş olmağı bizim xoşbəxt olmağımızı təyin edir. Boşluq üçün nəsnənin fərqi yoxdursa, seçimlərimizi gözübağlı edək, yoxsa tufanda ora-bura çırpılmağımıza davam edək? Hər liman məqbuldur deyirsən?

Və Moşunun o əlacsız şeir yazmaq cəhdləri yadımdan çıxmır.

Niftiyev İbrahim

20 aprel 2015
GO BACK