Qadin.NET / Hara tələsirik?

Hara tələsirik?

Hara tələsirik?
Eynşteyn nisbilik nəzəriyyəsini yaratdı və nəticədə Yerdəki zaman anlayışı ilə kosmosdakı zaman anlayışı arasında fərqi başa düşdük. Bu inqilab idi. Buna baxmayaraq, elə yerin özündə də müxtəlif məkanlar arasındakı zaman anlayışı fərqlidir. Zaman tamamilə məkanın əsasında formalaşan fenomendir. 
Bakının timsalında şəhər həyatının necə də dinamik olduğunu müşahidə edirəm və heç də ürəyim açılmır. Heç nə etməsək belə, həmişə harasa tələsir və şəhər dinamizminin içində itib batırıq. Qəribə yarış və status hərisliyi zaman anlayışını elə didib dağıdır ki, onu ancaq rəqəmlərdə görüb, sadəcə nostalgiya çərçivəsinədək cılızlaşdırırıq. Halbuki, dünyanın hər hansısa yerində, təsadüfi kəndində sadə bir kəndçi tələsmədən ev təsərrüfatının idarəçiliyi ilə məşğul olur: heyvanların yemləyir, bağ-bağatına əl gəzdirir, əkin əkir və s. Onun üçün zaman daha canlı və hiss edilən anlayışdır.
Hara tələsirik?
O, hər gün qulaqcıqdakı rəqəmsal musiqini deyil, təbiəti dinləyir. O, qaz sobasının istisinə deyil, yaz vaxtı nəm çır-çırpının hikkəli alovuna qızınır. O, sosial şəbəkələrdə deyil, canlı insanlarla ünsiyyət qurur. O, film deyil, ulduzlu səmanı izləyir. O, sadəcə yaşayır. Şəhər insanı üçünsə zaman sadəcə mexanizmdir və plandakı məqsədlərə çatmaqda əsas meyardır. 
İnsanın yaşadığı mühit onu formalaşdırır. Sadə məntiqlə düşünəndə, gərgin, çirkli, saxta, primitiv mühitin, başqa sözlə, şəhər həyatının insanı necə formalaşdıracağı haqqında düşünürəm. Hələ mən KİV-i, uşaqlığın küçə macəralarını və dəhşət filmlərini xatırladacaq ictimai nəqliyyatı nəzərə almadım. 
Hara tələsirik?
Sakitləşməyə, səmimiliyə, təmizliyə ehtiyac böyükdür. İnsan öz təbiətini təbiətdən uzaq öyrənə bilməz. Sakitləşmədən, tələsməkdən can qurtarmadan, ehtirasdan azad olmadan biz daima ac qalacağıq. 
Sanki, ruhumda qara dəlik var. Hər şey onun içində yox olur, heçliyə çevrilir. O böyüyür və güc qazanır. Boşluğun içində tələsməkdən mənasız nə var?
İbrahim Niftiyev
12 aprel 2015
GO BACK