"Ana" deyir bir uşaq…
Gözləri zeytun dənəsi kimi qara.
İşıqlar sönmüş. Qaranlıq...
Divarda bir kitab! Sanki öldürən aydınlıq! Ana, gecənin qaranlığını işıqlandıran bir səhifənin içində.
Səsi, səssizliyin səsini basdırır yüngülcə. Başında örtüsü, içində ürəyinin çırpıntısı…
Və uşaq, "ana" deyə səslənir. Ana, "Rəbbim" deyə...
İkisi də bir ürəyin bir ürəyə toxuna biləcəyi ən möhkəm bağla, ən şiddəti işləyişlə, ən güclü səslənişlə istəyir.
Uşaq bilir, ana gələcək; ana gələndə bütün qorxusu, təkliyi bitəcək.
Ana bilir, Rəbbi səsinə səs verəcək. O, danışanda bütün səslər söz olacaq. Qorxuları silinəcək. O, danışanda içinə hüzur dolacaq. Gecə qaranlığını atacaq üstündən. Kimsələrin bilmədiyi bir diyar olacaq.
Və Rəbbi bilir. Gecənin qaranlığında pıçıltıyla özünü çağıranı. Bir əl məsafəsində aləmləri ovuclarıyla aşanı.
Və gecə bilir, qaranlığının dərin bir qaranlıqla hər yeri qucaqladığı bir vaxtda, yuxusunu qovanı; içində Rəbbinə doğru bir yol tapanı.
Uşaq ki, gözləri şeh damlası… Elə bir çağırış, elə bir ürək ovçusu!
Ana, iki sevda arasında; bilənlə bilməyənin, görənlə görməyənin, duyanla duymayanın arasında, "Rəbbim!" deyir." "Nə olar, məni anla…"
Gecənin içində bir kölgə keçir sürətlə. Əlləri ustalıqla tapması lazım olanı tapır.
Ana yaxınlaşdırır uşağı sinəsinə. Dodaqları sinəsindəkinin alnında, pıçıldayır, "Qorxma" deyir "yanındayam."
Uşaq susur; üzündə bir təbəssüm, gülümsəyir…
Ana "Rəbbim" deyir. "Yanımda ol. Qorumalı olduğumu qorumaqda köməkçi ol."
Gecənin içindən hüzur enir ananın ürəyinə. Şəb-i hüzur deyir adına. Yəni hüzur gecəsi. Yəni ki, gecələrin gecəsi.
Başı yastığa düşmüş uşaq, elə bir yuxudadır ki; yuxusu, ananın yuxusuzluğunda.
Ana yorğun bir baxış olur birdən. Əlləri dilləndirməyə qorxur halını. Əllərinə elə ağır gəlir ki ananın halları; ana, bir damla yuxu olur birdən. Üstünə bir örtü enir kənardan. Bir yuxu sızır ananın gözlərinə. Bir yuxu ki, gerçək qədər gözəl…
Bir damla yuxu ki, ananın yuxusu da röyası qədər gözəl.
Ah! Sinəsində nələr saxlayar bir gecə. Yuxu ki yalnız iki heca.
Amma ana, iki hecadan daha çox idi. Dünəndən çox bu gün və bir az da sabah idi bir ana, gündüz kimi, gecə kimi. Zamanın hər saniyəsinə bölünərdi və ona görə həmişə analığı görünərdi. Halbuki hər ana bir tərəfiylə uşaq idi, bir tərəfiylə qorxu, bir tərəfiylə yalvarış idi…
Ürkək bir baxış idi bəzən. Ürəyini əmanət etdiyi və ürəyinə yaxın etdiyi olmasa heç bir yaxınlıq yaxını olmayacaqdı. Və heç bir zaman ana, ana ola bilməyəcəkdi. Ana ürəyi, uşaq ürəyi kimi güvəndiyinə və ən çox sevdiyinə elə sadiq idi. Ona görə, ananın yuxusu gözlərindən getdiyində, bir pərdə aralandı fəcrə.
Ana, gözlərini açdı yavaşca. İstirahət etmiş bir ürəklə, istirahət etmiş bir gözlə və ən çox istirahət etmiş bir surətlə…
"Rəbbim!" dedi.
"Bir yuxu gördüm. Sözləri Sənə dönük idi. Gülümsədim, sevindim. Amma yuxudur bu, oyandım. Yenə sual verən yanımla, yəni ki, cahilliyimlə qaldım.
Bil ki, iki dünya arasında sıxışdım. Bir tərəfimlə elə bağlıyam ki bura. Kök salsam qırx ildə çıxarda bilməzlər yerimdən. Amma bir tərəfim elə uzaq, elə qəribdir ki bura. Necə olur ki, həm buralı həm oralı ola bilirəm? Necə olur da həm Səninlə olub həm Sənsiz qala bilirəm? Amma Rəbbim sus, nə olar, söyləmə; soruşuramsa da bilirsən ki, bu dəfə bilirəm cavabı.
Bir gülüş sal sədrimə Səndən yana…
Təvəkkülü çox olsun. İçində Sənin adın, varlığın, sevdiyin olsun...
Bir gülüş sal fəcrimə…
Təbəssümü bol olsun. İçində Sənin adın, varlığın, sevdiklərin olsun.
Bir gülüş sal bəxtimə…
Hüznü olsa da sevinci çox olsun. İçində yenə varlığın, sevgin, sevdirdiklərin olsun. Boxçamı doldur zikrinlə, sənə olan həsrətim bir gün vuslata dönsün. Kömək et, Sənə gələn yolda Zatın mənə də əyan olsun…
İcazə ver, mənim də yolum açıq olsun."
"Ana" deyir, bir uşaq…
Gözləri zeytun dənəsi kimi qara.
Gün dönmüş çoxdan, səhər vaxtı…
Müəllifsiz yazılar