Qadin.NET / Başına döndüyüm toy adamları

Başına döndüyüm toy adamları

 

Başına döndüyüm toy adamları

 

Toydan toya yaşayan insanlar var. Bibilər, xalalar, bacılar, qardaşlar. Bu insanlar özlərini təsdiq etmək üçün ən uğurlu platforma olaraq, toy meydanını seçiblər özlərinə.Baxırsan, toydan toya xoşbəxt olurlar. Kimsə onları toya çağırmasa, uşaq kimi küsə, illərlə danışmaya bilərlər. Hətta düşmən də kəsilərlər. Səbəbkarlara yaxın və ya uzaq qohum olmalarından, ümumumiyyətlə qohum olmamaqlarında asılı olmayaraq, belə insanlar şənlik görən kimi, özlərini idarəçi, hər şeyi nəzarət edən, hər şeydən başı çıxan, əmrlər verən, göstərişləri ilə baş-qulaq aparan bir “toy meneceri” hesab edirlər. Tanış gəlir sizə də?!

Yaxınlarda bir nişan məclisində idim, bir belə yumru xalalardan biri, o boyda məclis əhlinə məcbur bir-bir şeir dedirtdi. Vallah, çoxu canının dərdindən dedi ki, bir qışqırığı kəsilsin, rahatlayıb otursun. Yumruxala isə oturmaq bilmədi ki, bilmədi. İsti adamı öldürdüyü bir vaxtda, bəzək-düzəyinin də verdiyi istilik elə, bizə qan uddurdu. Ardı-arası kəsilməyən özünütəsdiq cəhdləri.

Toydan-toya yaşayan bacılar üçün, bu uyğun həyat yoldaşı tapmaq üçün ən abırlı, ən uyğun platformadır. Bəzənib-düzənirsən, özündən ağır daş-qaş taxırsan, yaxınlarının səni tanımayacağı qədər makiyaj da edirsən və budur – bir-bir elçilərin tora düşür. Toyda bir növ tor atırsan, kim düşdü,düşdü. Allah bərəkət versin. Heç olmamağından yaxşıdır. Sonra da evə gəlib, rəfiqələrinə zəng edib, toyun nirvanasını yaşayırlar. “ Az, filankəs mənə bilirsən necə baxırdı, ağzı açıq qalmışdı,” deyərək, xoşbəxtliklərinin ən ucqar nöqtələrində məskunlaşırlar. İlahi, bu nə gözəl toy idi. Kaş hər gün toy olardı.. Həyat necə də xoşbəxt olardı.

Bir də toy qardaşları var. Toy qardaşları iki yerə ayrılırlar. Menecerlər və müştərilər. Menecerlər də yumruxalalar kimi, toya girən kimi bütün ipləri alırlar əllərinə. Biri mahnı sifarişinə nəazrət edir, biri yerli-yersiz ortalıqda fırlanır. Bunlar yumruxalalara baxanda, yenə də bir işə yarayırlar. Müştəri qardaşlar isə toy bacılarının toruna düşən balıqlardır. İndi kim-kimin toruna düşür onu bilmək də olmur, heç vacib də deyil. Əsas məsələ, hər iki tərəf bu inanılmaz “xoşbəxtliy”in dadını bilir, hər iki tərəf həyatda səadət yollarını birləşdirən ən ədəbli platformada tanış olurlar. Gələcəkdə uşaqlarına Toyda tanış olmuşuq demək, bununla bağlı nağıllar uydurmaq xoşbəxtliyi.

Toyxana əhli, sizdən bir təvəqqem var, imkan verin, yaşayaq.

Ülviyyə...

24 fevral 2015
GO BACK