Qadin.NET / Özünüzü qoruyun...

Özünüzü qoruyun...

Özünüzü qoruyun...

Bu gün, o qədər də uzun olmayan həyat təcrübəmin mənə qazandırdığı bir şey barədə yazmaq istəyirəm. Bu yazını yazmaqda məqsədim, məni oxuyan insanları da eyni səhvləri etməkdən qorumaqdır, bəlkə də.

İnsan müəyyən bir məsələdə haqqlı olur, təmiz olur, heç bir səhvi və gizlisi olmur. Amma bir gün hansısa bir məxluq yuxudan durur və sizə SİZ olduğunuza görə nifrət edir, paxıllıq etməyə başlayır, uğurlarınızdan qorxur. Yəni özü sizin qədər ola bilmədiyi üçün ən  asan yolu – şər atmağı, başqalarına yaltaqlıq etməklə sizin ayağınızın altını qazmağı, ikiüzlülük, riyakarlıq etməyi, bir sözlə həyatdakı məqsədini alçaqlıq olaraq seçir. Nəticədə, siz düşürsünüz pis vəziyyətə. Haqlı olduğunuz halda, sorğulanmağa, müdir və ya ailə üzvünüz tərəfindən şübhə obyektinə çevrilməyə, şərə, böhtana məruz qalmağa məcbur olursunuz. Bu hadisə iddialı və təmiz olan hər bir insanın başına gəlir. Odur ki, əgər gəlməyibsə başınıza, onda hazır olun. Belələri hər yerdə var.

Özünüzü qoruyun...

İndi keçirəm əsas məsələyə: Heç vaxt özünüzü kiməsə sübut etməyə çalışmayın! Bəlkə də, Amerika və ya Avropada bu başqa cürdür, yəni həqiqət qalib gəlir, insanlar məsələyə tərəfsiz yanaşır, haqqın tərəfində durur və nəticədə iki tərəf də ortaq məxrəcə gəlib, həyatlarına davam edirlər. (Bəlkə!) Amma bizdə bu belə deyil. Həyat təcrübəmin məni əminləşdirdiyi bir şey var ki, sizin doğruluğunuzdan asılı olayaraq, hər kəs inanmaq istədiyinə inanacaq. Yəni öz xisləti necədirsə, o xislətdə olan insana da inanmağa üstünlük verəcək, hətta birləşib sizi yıxmaq, qaralamaq planları da quracaqlar. Hətta bir müddət özünüzdən də şübhələndirə bilərlər sizi. O qədər təmiz ola bilərsiniz ki, onların böhtanlarına özünüz də inana bilərsiniz. Bəlkə də axmaqlıqdandır, təmizlikdən deyil.

Özünüzü qoruyun...

Xülasə, əgər sizə oturduğunuz yerdə şər atırlarsa, paxıllıq edirlərsə, demək ki, qabınız dolur və ya dolmaqdadır. Əgər sizə böhtan atırlarsa, dəridən-qabıqdan çıxmayın doğruluğunuzu sübut etmək üçün. Sizə inanan adekvat və hadisələri düzgün qiymətləndirən insanlar yanınızda olacaqlar. Olan hadisəni olduğu kimi danışın və gözləyin. Heç kimə özünüzü subut etməyə, ağlamağa, özünüzdən çıxmağa ehtiyac yoxdur. Çünki nəticədə, hər kəs inanmaq istədiyi şeyə də inanacaq. Çalışın yaxşı insanlarla əhatələyin özünüzü, qoruyun özünüzü.

Ülviyyə...

21 yanvar 2015
GO BACK