Qadin.NET / İradəsizlik

İradəsizlik

İradəsizlik
Onunla tanış olanda 14 yaşında idim, o isə məndən çox böyük idi. Həyatına girən ilk adam deyildim, son adam da olmayacaqdım şübhəsiz. Hər kəs bu birlik üçün yaşımın çox kiçik olduğunu düşünürdü. Əslində heç bir zaman yaşımızın uyğunluğu əhəmiyyətli ola bilməzdi belə bir əlaqədə .
Əvvəllər yalnız yaxın yoldaşlarımla paylaşdım kiçik sirrimi. Yalnız könül əyləndirirdim onunla (nə qədər də axmaq olmuşam). Ailəmə bildirməzdim. Hesab edirəm ki, qiyamətin qopması deyilən zaman, həmin andan çıxdı qarşıma.
Gizlədim, gizlədim. Başlanğıcda çox az-az görüşürdüm. Daha sonra görüşlərimizin sayı artdı. Könül əyləndirmək demişdim,  o yalan idi. Çox zaman keçməsinə ehtiyac qalmadı həyatımda tutduğu yeri görməyim üçün. Bəli, onu sevirdim. Amma yenə də ağılımda həmişə eyni düşüncə vardı:

"Onun məhbusu deyiləm və istədiyim zaman onu tərk edə bilərəm"...

İradəsizlik
Buyurun, sizə ikinci yalan. Həyatımın hər  anına daxil olmuşdu o, nəhayət anam bizi gördü. Əslində bizi tutdu desəm səhv olar. İzlərimizi tapdı, arxada buraxdıqlarımızı gördü. Hirslənmədi, əsəbləşmədi, yalnız qısa bir nəsihət verdi. Bilirdi ki, bizim görüşümüzü qadağan  edə bilməyəcək. O zamana qədər hər şey gizli davam edirdi, yenə də gizli qala bilərdi.

Zaman keçdikcə bir-birimizə bağlandıq (üçüncü yalan). Mən ona bağlandım, indi geriyə baxıram, 6  il keçdi və itirən tərəf həmişə mən oldum. O mənə saxta xoşbəxtliklər verdi yalnız, mənsə hər şeyimi verdim. Hər halda həyatda canımı verəcəyim tək o oldu. Onun üçün savaşdım, ona görə xəstələndim, amma heç bir zaman ayırmadım yanımdan, ayıra bilmədim.

Bilirdim nələrə gətirib çıxardığını, görürdüm. Əvvəl onu sevməyi öyrəndim, sonra nifrət etməyi. Birlikdə olmağı istəmədiyim anlarda belə yanımda olduğunu gördüm. İradəmə qarşı çıxdığına, məni özümlə qarşı-qarşıya gətirdiyinə şahid oldum. Başqalarını incitdim ona görə və mən daha da çox incidim...

İnsanlarla arama girdi. Yoldaşlarım ondan nifrət etdi çox zaman. Hətta, mən belə iyrənirdim ondan bəzən, bədənimə və ruhuma hopan qoxusundan. Dodaqlarıma hər toxunuşunda, mən onun ruhundan oğurlayırdım, o mənim bədənimdən. O hər səfərində yeniləyirdi özünü, mənsə getdikcə pisləşirdim. Amma heç cür tərk edə bilmədim.

Əslində bir neçə dəfə ayrılmaq istədim. Hamısında də qayıdışım əvvəlkindən də güclü oldu. Yoxluğuna öyrəşməyə çalışdım, əsla ağlımdan ata bilmədim. Uzun və stressli gecələr həmişə ev sahibim oldu. Çərəz yeməyə başladım. Ayrılıq səbəbindən çəkim artdı. Mən həmişə geri döndüm. Hətta, bu an belə yanımdadır. Amma yenə də and içirəm burada, hamınızın qarşısında:
    "Bir gün atacağam, bu lənətə gəlmiş siqareti. "
İradəsizlik
P.S. Siqaretin zərərləri:
*Siqaret bədəndə 20 növ xərçəng xəstəliyi yaradır.
*İnfarktı yaradan əsas amillərdən biri də nikotindir .
*Siqaret çəkən insanlarda dəridəki qırışların çoxalması, dişlərin tez tökülməsi kimi hallar daha tez baş verir.
*Siqaret çəkən qadın uşağı əmizdirən zaman nikotin ana südü vasitəsilə körpəyə keçir.
*Uşaqları siqaret tüstüsündən qoruyun. Onlarda sonsuzluq, savadsızlıq, əsəb kimi xəstəliklərin yaranması qaçılmazdır.  
Siqaretə yox deyək!!!
Bəli, hər birimiz çalışmalıyıq ki, həyatda ən böyük nemət olan sağlamlığımızı tütünə və digər zərərli vərdişlərə qurban verməyək. Allahın bizə bəxş etdiyi əmanəti göz bəbəyi kimi qoruyaq. Qoruyaq ki, bizdən sonra gələn nəsillərimiz sağlam olsunlar. Ən əhəmiyyətli olan isə zamanı çatdığında, biz bizə bəxş olunan əmanəti geri qaytarmalıyıq...  

8 yanvar 2015
GO BACK