Bilirsən, aşağıda yazdığım mətni, şikayət ərizəsinə bənzətsən də, gözlərim verdiyi salama dərin anlayışla qarşılıq verəcək başqa gözlərə rastlamadığı üçün diqqətini bu məktubu yazan qələmə üzərində toplayıb.
Evdə anlaşılmamaqdan, işdə anladıqlarımı həzm edə bilməməkdən, dost dediklərimlə paylaşımımın məhdudluğundan yorulub sənə yazıram. Bilmirəm, niyə ən çox sakitlik, anlayış gözlədiyim insanlar mənə də öz xudbinliklərinə qarşı anlayış gözləyən gözlərlə baxırlar. Bilmirəm, niyə işdə eyni otaqda oturduqlarına rəğmən ayrılar-ayrılmaz bir-birlərinin ətini yeyib qeybətini qıran insanları təbəssümlə qarşılamalıyam. Bilmirəm, niyə paylaşmaq istədiklərimi öncə yanlış anlaşılma olmasın deyə ələkdən keçirib sonra dostlarımın qarşısına qoymalıyam. Bilmirəm, niyə qınandığına görə üzülən insanların qınadıqlarını qulağım eşitdi deyə qınamış olmalıyam. Bilmirəm, niyə bilmək istəyib bu qədər bilməzliklərin içində səni axtarmalıyam.
Bilirəm ki, mənim bilmədiklərimə səndən də veriləcək bir cavab yoxdur, sən də həm bilmədiyim, həm də məni bilməyən bir bilməzliksən öz-özlüyündə. Bilirəm ki, bu məktub sənin gözlərində mənim gözlərimlə qarşılaşmaq istəyi doğursa da, bu qarşılaşmada anlayış parıltısının çatışmazlığından aciz qalacağını bildiyi üçün yaratdığı qorxuyla o istəyi öldürür. Bilirəm ki, yuxuma girib nə məni uşaqlığıma qaytara biləcəksən, nə də reallığımda mənim böyüməyim üçün mənə yardımçı olacaqsan.
Uşaqlıq, gənclik və ahıllığın iplərini bir-birinə bağlayıb daxilinə “Qordiyev” düyünü vuran, yaşı bəlli olmayan biri kimi yazıram sənə. Rastlamadığım o gözlər düyünü açacaq qılıncdır bəlkə də. Mənim mənəvi “barmaq”-larım isə düyünü açmaq üçün çabalasa da, onun çözümünü daha qəlizləşdirir. İnsanların istər maddi, istərsə də mənəvi dünyası nə qədər ümumiyyət təşkil etsə də, adını qoya bilmədiyim bir məsələ var ki, o məsələdə hamı bir-birindən fərqlənir. Sənin ağlına bu, “ hər insanın şəxsiyyətinin ana xəttidir” deyə bir fikir gəlmiş ola bilər, mən isə tam olaraq bu cavabda dayanmaq istəmirəm. Bu, şikayətcil olmayan birinə bu məktubu yazdıracaq mücərrəd bir duyğu ya da anlayış da ola bilər.
Maska-maska deyərək artistləri qınasalar da, etiraf üçün “ən xoşbəxt insan” obrazı oynamış biri kimi gözlərimdəki parıltı itmədiyinə görə özümdən əlimi o qədər də üzməmişəm. Demək ki, səhnədə özümü də oynayıram. Hər şey tamaşa deyil və bu da bir nailiyyətdir. Əslində, nailiyyətlərim çoxdur. Məsələn, xudbin kimi təqdim etdiyim insanların dediyinə görə onların hər birini ayrılıqda yaxşı tanıyıb başa düşən yeganə insan da mənəm. Sonra təbəssüm etməyə tənəzzül etmək istəmədiyim iş yoldaşlarımın istər sevdiyim, istər sevmədiyim biri olsun, hər birinin ortaq şəkildə hörmət etdiyi biri varsa, o da mənəm. Çünki “söz diplomatıyam” sayəsində hər kəs anlayıb sevimli ya da sevimsiz olduğunu.
Məhz buna görə də mənə hörmət və sevgilərini göstərməklə gülməli şəkildə günah çıxarmağa çalışırlar. Digər nailiyyətlərimdən biri də dostlarım tərəfindən sevildiyimi hiss etməkdir, baxmayaraq ki, paylaşmaq istədiyimiz çox şeylər qarşılıqlı olaraq içimizdə gizlədilib ya da həll olunub gedib.
Kefim düzəlir yavaş-yavaş, hiss edirəm ki, sənə yenə yazmaq istədiyimə baxmayaraq məktubu vaxtında bitirməsəm, yazdıqlarımı gözümdən salacam və o, ünvana çatdırılmamış qalacaq. Bəlkə uzunçuluğa yer verməməli olduğum yerlərdən biri də sənin oxuyacağın bu məktubdur. Odur ki, səninlə vidalaşmamaq üçün məktubu nöqtəylə yox, sualla bitirirəm:
Tam şəkildə mənəvi portretin “göz” yaddaşıma həkk olunsa da, hər bir hissəciyini tək-tək öyrənərək tanımaq istədiyim “SƏN”-in adının yaşatdığı xoşbəxtlikdən nə zaman peşman olduğumu hiss edib qurtulacağam?
Ləman Məmmədova