Hipnoz seansları Allah qatında heç bir anın itmədiyini elmi cəhətdən necə sübut edir. Aparılan hipnoz təcrübələrində hipnoz altında olan insanlar necə reaksiya verir? Hipnoz dünya həyatının hisslərdən ibarət olduğunu anlamağa necə kömək edir?
Uşaqlıq və gənclik illərində insanın zehni aydın olur. İnsan o illərdə etdiklərinin hamısını əbədiyyən xatırlayacağını zənn edir. Hadisələr, insanlar, baş verənlər onun üçün o qədər vacibdir ki, bunların hamısını anbaan xatırlayacağını, hamısının həyatında mühüm yer tutacağını düşünür. Lakin zaman keçdikcə çox mühüm və aydın olduğunu zənn etdiyi bütün hadisələr getdikcə aydınlığını itirir, hətta yox olur. İllər sonra uşaqlıq və gənclik illərində başına gələnlərin sadəcə bir neçəsi hafizəsində qalır. Halbuki, şahid olduğumuz və olmadığımız bütün hadisələr və səslər Allah qatında hər an hazırdır və hər an canlı şəkildə yaşanır. Bunların heç biri əsla itmir. Bu həqiqəti elmi cəhətdən sübut edən təcrübələrdən biri hipnozdur.
İnsanın yaşadığı heç bir an Allah qatında itmir.
Hipnoz haqqında ətraflı məlumat verməzdən əvvəl bildirməliyik ki, Allah istəsə, dünyada da bütün hadisələri mühafizə edə bilər.
Rəbbimiz Baqidir (davam edən, fani olmayan). Allahın qədərdə yaratdığı bütün hadisələr də Rəbbimizin dərgahında əbədiyyən mövcuddur. Allah istədiyi təqdirdə bu dünyada da hadisələri mühafizə edə bildiyini müxtəlif səbəblərlə insanlara göstərir. CD-yə qeyd etdiyimiz ad günü yığıncağı illər keçsə də, insanlar yaşlanıb ölsə də, nəsillər dəyişsə də, o CD-də qalar. O CD-yə nə vaxt baxsaq, eyni ad günü yığıncağı yenə eyni detalları ilə qarşımıza çıxar. O görüntünün içindəki insanların hamısı danışır, yeriyir, əylənir, hərəkət edir. Hamısı bu günkü kimi canlıdırlar. Eyni görüntünü nə vaxt seyr etsək, yenə eyni şeyləri edəcəklər. Bu, Allahın istədiyi təqdirdə hər hansı səbəblə baş vermiş bir hadisəni əbədiyyən bu dünyada da saxlayacağına dəlildir. Allah istəsə, o anlar bizim hafizəmizdə daima mövcud olar. Bunların hamısı Allahın dərgahında mövcuddur və şübhəsiz, bunları bizim zehnimizdə yaratmaq Allah üçün çox asandır.
Allah aciz yaradılmış insana da hadisələri mühafizə etmək qabiliyyəti vermişdir, istədiyi vaxt istədiyi anı, istədiyi insanları kamerada, CD-də saxlamağa qadirdir. O görüntülərə hər dəfə tamaşa etdikdə eyni hadisəni yenidən yaratmağa gücü çatır. Elə isə baş vermiş hadisələrin itib getdiyini iddia etmək böyük səhvdir. Bunu iddia etmək yoxluq deməkdir. Aydındır ki, belə bir şey mümkün deyil. Bu göstərir ki, Allahın gücü və qüdrəti dərk edilmir. Bu qədər təfərrüatı yaradan, insanın zehnində və ya bir CD-də keçmiş hadisələrin hamısını eynilə meydana gətirən Rəbbimiz, şübhəsiz ki, bütün detalları sonsuz hafizəsində əbədiyyən yaradıb hifz etməyə qadirdir. Hadisələr insanın məhdud hafizəsində yox olub gedir, amma sonsuz ağıl sahibi Allahın qatında əbədiyyən qalır. Rəbbimiz bir ayədə belə buyurur: Allah onların hamısını dirildəcəyi gün etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah sayıb yazmış, onlar isə unutmuşlar. Allah hər bir şeyə şahiddir! (Mücadilə surəsi, 6)
Burada bir şeyi xatırlatmalıyıq: məqalə boyu “Allahın hafizəsi” ifadəsi mövzunun başa düşülməsi üçün işlədilir. Yoxsa, əlbəttə, Allah sonsuz bilik sahibidir, hər cür nöqsandan uzaqdır. Allah sonsuzdur və Onun yaratdığı məlumatlar da Allahın dərgahında əbədi olaraq qalacaq.
Hipnoz seansları baş vermiş hadisələrin yox olmadığının sübutudur.
Hipnoz seansları insanın başına gələn hadisələrin yox olmadığına dəlildir. İnsanlar hipnoz zamanı heç cür xatırlamadıqları, hətta praktiki cəhətdən xatırlanması mümkün olmayan, 3-4 yaşında başlarına gələn hadisələri bütün detal və hissələri ilə eyni şəkildə xatırlayırlar. Əslində hadisəni xatırlamaqdan çox bütün detalları ilə yaşayırlar. Bir insanın yox olduğuna inandığı bir anı aydın şəkildə eynilə təkrarən yaşaması əslində bütün baş verənlərin əbədiyyən mövcud olduğuna dair mühüm dəlildir. Bu, eyni zamanda Allahın dərgahında bütün məlumatların mövcud olduğunu və Allahın istədiyi təqdirdə bunları bizim hafizəmizə verəcəyini göstərir.
Hipnoz nədir?
Hipnoz təlqinə meyilli, bir növ süni yuxu və ya yuxu-ayıqlıq arası vəziyyətdir (Hipnoz, Wikipedia). Təbii yuxu halı olmadığı kimi ayıqlıq halı da deyil. Ancaq hər iki halı da ehtiva edən kompleks anlayışdır. Tədqiqatlar hipnoz anı ilə təbii yuxu vəziyyətinin tamamilə fərqli hallar olduğunu göstərmişdir.
Hipnoz zamanı hipnoz edilən insana ardıcıl təlqinlər verilir və bu insana əslindən ayırd edilməyəcək qədər inandırıcı bir sıra hadisələr yaşadılır. Eyni şəkildə müxtəlif metodlarla hipnoz altındakı insanın daha əvvəl yaşadığı anları 20-30 il keçsə də, yenidən eynilə yaşaması, o an baş vermiş hadisələri bütün detalları ilə xatırlaması təmin olunur. Heç bir maddi mühit olmasa da, insan yaşadıqlarını film lenti kimi beynində canlandırır. Hətta bəzi insanlar əvvəllər oxuduqları kitabın səhifələrini kəlmə-kəlmə deyirlər.
Hipnoz zamanı baş verən fiziki dəyişikliklər
Adətən yuxuda olarkən beyin dalğaları yavaşlayır. Ancaq hipnoz altındakı insanın beyin fəaliyyətlərinin ayıq haldakına bərabər olduğu müşahidə edilmişdir.
Hipnoz zamanı hafizənin normal vəziyyətdəkinə nisbətən daha çox gücləndiyi və normal zamanlarda xatırlanması mümkün olmayan keçmişə dair məlumatların təfərrüatı ilə aydınlandığı tədqiqatçılar tərəfindən müəyyən edilmişdir. Hipnoz zamanı şüursuz vəziyyətdə ikən qeyri-mümkün olan ruhi və fiziki fəaliyyətlər göstərilir. Hipnoz altındakı şəxs əzələlərinin və orqanlarının gücündən artıq hərəkətlər edir.
Həmin şəxs olduğu otaqda olmayan görüntüləri, insanları və ya mənzərəni görür, səsləri eşidir, qoxuları və dadları hiss edir. Bu əsnada baş verən hadisələrə sevinir, kədərlənir, həyəcanlanır, sıxılır, narahat olur. Hətta hipnoz altında olan insanın yaşadığı hadisələr kənardan fiziki cəhətdən də müşahidə olunur: verilən təlqindən asılı olaraq insanda nəbz artır, təzyiq yüksəlir, dəridə qızartı əmələ gəlir (Dr.Muhterem Ercan, Hipnoz ve hipnoterapi, Seha Neşriyat, İstanbul 1993, s. 32-34; William Kroger, Clinical and experimental hypnosis).
Hipnoz seanslarında baş verənlər
Bəzi təcrübələrdə hipnoz edilən insanlar təlqinlə keçmişə aparılır. Geriyə getmə (regression) adlandırılan bu xronoloji xatırlama tezisini ilk dəfə dr.Pitres kəşf etmişdir. Dr.Pitresin 17 yaşlı xəstəsinə tətbiq etdiyi hipnoz maraqlı şəkildə nəticələnmişdir. Gənc qızın hipnoz altında 12 il geriyə aparılıb 5 yaşına gəldikdə o dövrdə olduğu kimi fransız dilini unudub qaskon dilində danışdığı müşahidə edilmişdir. Hipnoz altındakı şəxs o yaşda fransız dilini hələ öyrənmədiyi üçün fransız dilindəki sualları anlamamış və cavab verə bilməmişdir.
Hipnoz təcrübəsində bir şəxsə xəstəxanada olduğu deyilmiş, bu xəstəxananın 10-cu mərtəbəsində ölmək üzrə olan xəstə yatdığı və onun əlindəki dərmanı sürətlə çatdırarsa, xəstənin ölümdən xilas olacağı təlqin edilmişdir. Bu insan hipnoz əsnasındakı təlqinin təsiri ilə çox sürətlə 10 mərtəbəni qalxmağa başladığını zənn etmiş, çox yorulduğu üçün təngnəfəs olmuşdur. Bu zaman ona artıq ən yuxarı mərtəbəyə çatdığı və dərmanı çatdırdığı deyilmiş, rahat çarpayıya uzanması təlqin edilmişdir. Beləliklə, hipnoz edilən şəxs rahatlaşmışdır. Hipnoz edilən insan ona təlqin edilən məkanı və mühiti real şəkildə yaşadığına baxmayaraq, ortada nə bəhs edildiyi kimi məkan, nə insanlar, nə də hadisələr vardı.
Başqa bir təcrübədə normal otaqda olan insana çox isti hamamda olduğu təlqin edilmiş, bu zaman həmin insan həddindən artıq tərləməyə başlamışdır (Dr.Tahir Özakkaş, Gerçeğin dirilişine kapı hipnoz, “Üst ultrastabilite”, s. 267).
Milli Hipnoterapiya Cəmiyyəti, Milli Psixoterapistlər Cəmiyyəti, Peşəkar Hipnoterapistlər Mərkəzi, Hipnoterapiya Tədqiqat Cəmiyyəti kimi bir çox qurumun üzvü olan ingilis hipnoterapiya mütəxəssisi Terens Uats (Terrence Watts) bir məqaləsində hipnoz əsnasında keçmişdəki bir hadisəni xatırlayaraq danışan insanlarda danışdıqları hadisə ilə əlaqədar bəzi fiziki dəyişikliklər müşahidə edildiyini bildirir. Uats hipnoz altında olarkən kiçik yaşında döyüldüyü hadisəni danışan insanın üzündə şillə izlərinin əmələ gəldiyini bildirir. Habelə Uats bədənin ağrı hissinə reaksiya verdiyini söyləyir (Terrence Watts, Abreaction, The psychological phenomena that hypnotherapists either love or hate).
Hipnoz təcrübələrində ən təəccüblü nümunələrdən biri də hipnoz edilən insanın dərisində təlqin nəticəsində yaraların əmələ gəlməsidir. Məsələn, Pol Torsen adlı tədqiqatçı hipnoz altındakı insanın qoluna qələmin ucunu toxundurmuş, bunun qızmar şiş olduğunu təlqin etmişdir. Qısa müddətdən sonra qələmin ucunun toxunduğu yerdə yanıq qabarcığı meydana gəlmişdir. Həmin tədqiqatçı Anne O. adlı insana hipnoz əsnasında qolunun “A” hərfi formasında cızıldığını təlqin etmişdir. Başqa heç bir şey edilmədiyi halda, o yerdə “A” hərfi formasında qızartı əmələ gəlmişdir (Dr. Recep Doksat, Hipnotizma, Kader Basımevi, İstanbul, 1962, s. 106-108).
Hipnoz dünya həyatının əsli ilə təmasda olmadığımıza açıq dəlildir.
Hipnoz əsnasında insan bədənində meydana gələn dəyişikliklər
İnsanın keçmişdəki bir günə gedib normal halda əsla mümkün olmayan hadisələri xatırlaması, insanları görməsi və hadisələri yenidən yaşaması, görmə, eşitmə, toxunma, ağrı kimi hisslərimizin əmələ gəlməsi üçün xarici aləmə ehtiyacımızın olmadığını göstərir. Yuxarıda bildirdiyimiz kimi, verilən təlqin nəticəsində soyuq mühitdə tərləməyə başlayan insan buna dəlildir. İnsan bədənində tərləmənin baş verməsi üçün müəyyən amillər meydana gəlməlidir. Hipnoz hadisəsində isə bu faktla qarşılaşırıq:
Hipnoz edilən insan xarici aləmdə tərləməyə səbəb olan heç bir amil olmadığı halda tərləyir. Bu nümunə açıq şəkildə göstərir ki, bir məkanda olmaq və ya bir mühiti hiss etmək üçün o mühitin və ya məkanın fiziki varlığını görmək şərt deyil. Süni siqnallar və ya təlqin yolu ilə bənzər təsirlərin əmələ gətirilməsi mümkündür.
Bəzi insanlar ömrü boyu bədənlərindən kənardakı dünyada yaşadıqlarını zənn edirlər. Halbuki dünya adlandırdığımız hər şey beynimizin qavrama mərkəzlərinə çatan siqnalların şərh edilməsindən ibarətdir. Yəni biz beynimizin içində əmələ gələn dünyadan başqa dünya ilə heç vaxt təmasda olmuruq. Ona görə də maddənin xarici aləmdəki əslini görə bilmərik. Bu gün bu mövzu elmi kitablarda verilən və tədris edilən qəti həqiqətdir.
Xarici aləmlə bağlı bizə hiss etdirilənlər Allahın bizə verdiyi qavrayışlardan ibarət hisslərdir. Allah duyğu orqanlarımıza hakimdir və nəyi istəsə, onu bizə hiss etdirir. Elmin yeganə sahibi olan Allah bu həqiqəti Quranda Özünün qulaqlara və gözlərə malik olduğunu xəbər verərək bildirmişdir:
De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs qorxmursunuz?” (Yunus surəsi, 31)
İnsanın başına gələn bütün hadisələr axirətdə mütləq qarşısına çıxacaq.
Məqalədə verilən bütün nümunələrdən məlum olduğu kimi hipnoz hadisələrin Allahın sonsuz hafizəsində canlı şəkildə eynilə qorunduğunun və Allahın istəyi ilə bizə yenidən, eyni şəkildə yaşadılacağının elmi dəlilidir. Bu praktiki və qəti həqiqəti görən hər insan yaşadıqlarının sonsuzluqda mövcud olmasının hikmətinin olduğunu, bütün etdiklərinə görə mütləq Allah qatında sorğu-sual olunacağını anlayar. Görər ki, dünya həyatında yaşanan heç bir hadisə məqsədsiz deyil, hamısı Allahın yaratdığı xüsusi imtahana daxildir və insan bütün bunlarla sınanır. Yəni insan axirət üçün hazırlanır. Ona görə də əbədi həyatı olan axirət üçün hazırlıq görməli, cənnətə layiq olmaq üçün din əxlaqına uyğun yaşamalıdır.
Allahın baş verənləri sonsuz hafizəsində mühafizə etdiyini dərk etməyən insanlar axirətdə dünyada ikən etdikləri hər şeyə görə sorğu-sual olunacaqlarını anladıqda çox qorxacaqlar. Bu həqiqəti təqdir etmədiklərinə, Rəbbimizin böyüklüyünü və ucalığını qavramadıqlarına görə, bütün etdiklərini qarşılarında gördükdə artıq gec olduğunu anlayacaqlar. O an heç ümid etmədikləri əbədi həyat onlar üçün başlayacaq və iman gətirməyənlər əbədi qalacaqları cəhənnəmə göndəriləcəklər. Allah bir ayədə belə bildirir: Əməl dəftəri qarşısına qoyulacaq. Günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O Bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!” Onlar etdikləri bütün əməllərin hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Kəhf surəsi, 49)
Hipermneziya hafizənin hipnoz əsnasında yerinə qayıtmasıdır. Həyatınızda baş verən hər şey hafizədə qeyd edilir. Ancaq hafizə bunlardan çox yaxın tarixdə olanları və ya avtomobil sürmək kimi daima təkrarlanan məlumatları şüura gətirir. Hipermneziya ilə şüuraltındakı hafizə də üzə çıxır. Bu sayədə unutduğunuz hadisələri və insanları xatırlayırsınız (More hypnosis theory).
Biz hadisələrin müəyyən zaman daxilində baş verdiyini zənn edirik.
İnsan Allahın təqdiri olaraq zamandan asılı olaraq yaradılmış varlıqdır. Lakin zamanı və məkanı yaradan Rəbbimiz zaman və məkandan uzaqdır, müstəqildir. Ona görə, Allah qatında bizim üçün müəyyən edilmiş qədər ancaq bir andan ibarətdir. Bizim həyatımız, dünyanın yaradıldığı andan məhv olacağı ana qədər keçən müddət bir an daxilində olub bitmişdir. Allahın qatında bunların hamısı yaradılmış və nəticələnmişdir. Ancaq biz bütün bunları müəyyən zaman anlayışı çərçivəsində seyr edirik. Bizim: “Baş verdi, qurtardı”,-deyə düşündüyümüz, unudub varlığını belə xatırlamadığımız hadisələr bizim üçün yaradılmış qədər daxilində əslində hal-hazırda baş verir və Allah qatında əbədiyyən var olur. Bizim bunları keçmişdə yaşadığımıza dair aldığımız hiss yanıldıcıdır. Keçmişdə baş vermiş o hadisə Allah qatında hal-hazırda da davam edir. Keçmiş ancaq bizə verilmiş hissdən ibarətdir.
İnsan keçmişinə dair ancaq müəyyən şeyləri xatırlayacaq şəkildə yaradılmışdır. Yaşadığı ilk 3-4 il isə hafizəsində deyil. Lakin bunların hər anı Rəbbimizin qatında mövcuddur. Allah istəsə, bütün bunları insanın özünə də xatırladar, hafizəsində hamısını yaradar. Lakin dünyadakı imtahanın tələbinə uyğun olaraq belə şey olmur. Şübhəsiz, bunun çox böyük hikmətləri var. İnsanın başına gələnlərin ancaq az bir hissəsini xatırlaması Allah qarşısındakı acizliyini göstərir. Allah hər şeyi bilir, o isə bilmir. Sonsuz bilik və ağıl sahibi olan Rəbbimizin qatında etdiyimiz, danışdığımız, düşündüyümüz, başımıza gələn hər şey bütün təfərrüatı ilə mövcuddur.
Bütün hadisələr “Lövhi-məhfuz” adlı kitabda saxlanılır.
Allah bizim üçün keçmiş və gələcək bütün hadisə və varlıqları bir an daxilində yaratmışdır. Quranda bütün insanların və varlıqların qədərinin Rəbbimizin dərgahında, Lövhi-məhfuzda, yəni “Əsas kitabda” saxlandığı belə bildirilir: "Göylərdə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Kitabda (lövhi-məhfuzda) olmasın!" (Nəml surəsi, 75)
Elm dünyası