Qadin.NET / Bir günlük gündəlik

Bir günlük gündəlik

Bir günlük gündəlik
“... Xoşbəxtlik-ölüm-xoşbəxtlik”–oxuduğum bədii romanlardan birində bu düsturu görmüşdüm. Maraqlı formula idi. Yaşadım. İzahını yazıçı belə verirdi: “Paradoksal möhkəmlənmə-sən öncə insanı ümidləndirirsən, sonra onun ümidini kəsirsən, həmən ardınca yenə ümid, ardınca yenə ümidsizlik və bu təkrarlanma davam edir. Bu şəkildə insanı özünə bağlamaq olar.  Formulası belədir: Xoşbəxlik-ölüm-xoşbəxtlik”.
Mən də səhvimə bağlanmışdım, nəticəsin görüb ölmüşdüm, indi də özümü inandırmağa çalışıram ki, mən bu zamanların hər ikisində xoşbəxt idim. İçimdə nifrət hissi doğmamışdı, əlimdən oyuncağım alındı deyə xudbinliyim də özünü daha göstərmirdi, qürurum uduzmuşdu. Ancaq reaksiyası gözlədiyim qisas olmamışdı, çox həyəcanlanmamışdım, bir sözlə, öz qarşıma tamamilə əksim olaraq çıxmışdım. Öldüyümü düşündüyüm an fikirlərimi kağıza tökə bilmədiyim an olurdu. Məni xoşbəxt edən isə günlərcə beynimi məşğul edən “İnsan bir gündə böyüyə bilər?” sualı idi. Yaşananların mənə hiss etdirdiklərindən anlamışdım ki, olur. Yaşananları necə anladacağımı bilmirəm. Bəzən onların bədii, elmi, ya da başqa cür ifadəsi olmur. Onlar sadəcə yaşanmışlar olurlar. Öldüyümü düşündüyüm an “yaşanmamış” olduğumu düşündüyüm an idi. Lakin məni xoşbəxt edən yaşadıqlarımın məni böyüdə bilmə ehtimalı idi.
Ölülər dirilib mənə düşündüklərimə görə gülsəydilər, bəlkə mən də ölümü özümə belə rahat təsəvvür etməzdim. Ona görə də haradan qaynaqlandığını bilmədiyim bir siqnal sayəsində ölüm sözündən imtina etmişdim. Yerinə isə “Bir gün içində böyümək olur?” sualına cavab tapmağı məşğuliyyət etmişdim.
Bir günlük gündəlik
Oxuyursan, dünya görüşün artır, işləyirsən, həm dünya görüşün, həm də təcrübən artır, bircə sevgi adlandırdıqları, mənim isə ad vermək istəmədiyim o hisslər ruhuna hakim olanda zəifliklərin bir-bir ortaya çıxır. Zəifliklərin üzə çıxması isə gur-gur ötən qürurun səsini alır. Anlamışdım ki, baş verənlərin məni susdurmasına və laqeyd birinə çevirməsinə səbəb doğulmasına izn verdiyim zəifliklərim idi.
İnsanın özünü bəyənmişliyi, şəxsiyyətinə hörməti və sevgisi qürurun səsini artıran vasitələrdir. Potensiallı qürur isə bəzən bədxassəli çıxır və təxəyyülündə qurduğu oyun meydanına reallıqdan çağırışlar etməyə başlayır. Onun çağırışına  seçdiyi insandan cavab gəldikdə isə güvəni daha da artır və qürur həyəcanla başladığı oyununa davam edir. Seçdiyi insan yəni qarşı tərəf oyun bitmədən açıqlamasız meydanı tərk etdikdə isə qürur özündən çıxır. Təhqir olunduğunu, əzildiyini düşünür. Xəstələnir və istəyir ki, qarşı tərəfdən bu təhqirə görə qisas alsın. Bunun üçün o başlayır meydanı diqqəti cəlb edəcək şəkildə bəzəməyə, orada qarşı tərəf üçün təhlükəsiz, özü üçün isə təhlükəli tələlər qurmağa, beyni yuyacaq nitqlər söyləməyə. Bütün bunlara qarşı tərəfdən cavab yenə də susqunluq olur. Yorulan qürur bir müddət sakitləşir, kənara çəkilir, yeni fikirlərlə silahlanmağa başlayır və sonra yenə meydan onun təxəyyülünün təcəssümünə çevrilir.
Bir günlük gündəlik
Nəticə
Qarşı tərəfin niyə açıqlamasız getdiyini öyrənmək istəyən qürurun önünə qarşı tərəf ağır, amma qürurun meydandan çıxmasına səbəb olacaq bir nöqtə ilə çıxır. Mənim qürurum onun qoyduğu bu nöqtəylə susur, sanki əbədiyyətə qədər meydana ayaq basmayacağına söz vermiş kimi özünə qapanır. Eyni zamanda da mən bu məğlubiyyətimi çoxlarıyla paylaşaraq hardasa qalib olduğuma dair təskinlik axtarmağa başlayır. Bu proses davam edir və bataqlıqdan çıxmaq istədikcə daha da batan insan kimi öz fikirlərimdə batıram. Yenə də qayıdıram öldüyümü düşündüyüm ana.
Mən nə baş verdiyini hələ də yazmamışam. Çünki qarışqadan fil düzəltmiş olmaq da istəmirəm. Bəlkə ancaq mən hər şeyin bu qədər dərininə gedirəm? Bilmirəm. Həm də susmuş qürurumu yenidən oyatmaq istəmirəm. Çünki planımda bədxassəli qürurumun susmağından istifadə edərək bir müddət ona toxunmamaq, sonra isə ona xoşxassəli fikirlər yükləyib oyatmaq var. Buna görə isə öncə fikirlərimin nizama düşməsi lazımdır. Mənim vaxtımı ən çox alan da bu məqamdır. Ön sırada nizam yaratmışkən arxa sıradakı fikirlər önə keçib qurduğum nizamı dağıdırlar. Son zamanlar nitqimin də korlandığını hiss etmişəm. Dilimin sürəti fikirlərimin təzyiqinə tab gətirmir, nəticədə dilim “sınır”.
Elə qışqırmaq istəyirəm ki... Nə isə... Harada qalmışdım? Hə...Mmm... Sonralar anladım ki, böyüdüyümü düşünmək ani bir parıltıdır. Şüaları beynini elə dəlib keçir ki, gözlərini işıqlandırır, görmədiklərini aydın görürsən və dərk etdiyin şeylər arasından özünü aldatdıqların silinir, yerini isə həqiqət alır.
O işıq söndükdən sonra isə mənim kimi xudbinliyinin oyuncağı olan insanlar yenə də artıq çoxdan ahıllaşmış dünyanın gözündə uşağa çevrilirlər. Aha... Mən bilirəm. Bilirəm ki, parıltı üçün bir heç vaxt darıxmayacam, amma yenə də ən xoşbəxt olduğum an o parıltıdan gözlərimin açıldığı an idi. Bilirəm ki, həyatın mənim kimi uşaqlara yaşatdığı həyəcanlardan vaz keçməyəcəm qalan bir neçə saatımda, amma o parıltının məni keçirdiyi sərhəddin o tayı üçün: həyəcansız, hisslərin dincəldiyi, həqiqətlərin sıralandığı tayın ən xoşbəxt olduğum yer olduğunu da unutmayacağam.
İndi yaşamaq gözəldir deyib qalan saatlarımı xoşbəxt olmağa çalışacağam. Mən axı yenə də uşağam.
Bu arada, hanı mənim oyuncaqlarım? Bu dəftəri götürün əlimin altından, yoxsa cızma-qaralarımdan burda təmiz yer qalmayacaq...
İmza: Kəpənək
Məmmədova Ləman
28 noyabr 2014
GO BACK