Qadin.NET / Elmi jurnalistikamız nə yerdədir?

Elmi jurnalistikamız nə yerdədir?

Jurnalistika dedikdə təbii ki ilk öncə yazılı və sözlü KİV jurnalistikası ağlımıza gəlir. Bu normaldır, ancaq  jurnalistikada bir sahə də elmi jurnalistika sahəsidir. Bu yazıda məhz elmi jurnalistikanın bu günü və gələcəyi barədə fikirlərimi bölüşmək istədim.
Digər jurnalistika sahələrində  mütəxəssis və elə yazılı mətbuat baxımından problem keyfiyyətdə olsa da kantitativ baxımdan bu sahələr "inflyasiyadadır" deyə bilərik.
Təəssüf ki, jurnalistikanın ənənəvi sahələrində bu kantitativ çoxluq keyfiyyətə hələ yansımayıbdır. Ancaq elmi jurnalistika sahəsində məhz hələ ikincinin yetərsizliyi hökm sürür. Keyfiyyətin hər sahədə müqayisə və rəqabətdən doğmasını nəzərə alsaq, rəqabətə və ya onun şiddətinə isə həmin sahədə iştirakçı sayının kifayət qədər çox olması təsir edir.
Elmi jurnalistikamız nə yerdədir?
Elmi jurnalistikanın zəif inkişafının səbəbləri, əlbəttə ki, çoxdur. Elm və təhsilin mövcud və illərlə dəyişməz davam edən durumu bu sahənin də inkişafına birbaşa və dolayı təsir etmişdir. Mövcud elmi yayınlar isə müxtəlif qurumların sadəcə "sahibi məlum olmayan müdafiə işləri"-nin qəbulunda tələb olunan məqalələrə yer ayırmaqla məşğuldur. Əlbəttə, bu da lazımdır, ancaq bununla bərabər bir sonrakı cümlədə bəhs etdiyim qaynaqlar da istifadə olunmalıdır.
Elmi jurnalistikanın əsas qaynağı müxtəlif sahələrə məxsus elm tarixi, elmi yeniliklər, elmi araşdırmalar, elmi yeniliklərdən çıxan nəticələr, elmi yeniliklərin praktik tədbiqinə aid yazılar və müdafiə işlərindən hissələrdir. Bizdə isə dediyim kimi ancaq sonuncu-müdafiə işlərindən hissələr elmi jurnalistikanın qaynağı kimi öz yerini qoruyur.
Yeni informasiya vasitələrinin çıxması da çapşəkilli elmi yayınlara təsirini göstərmişdir. Ancaq başqa ölkələrdə çapşəkilli yayınlar müəyyən ölçüdə azalsa da, bunların yerini heç də keyfiyyətcə aşağı olmayan və kantitativ baxımdan da artımda olan elmi internet səhifələri, elmi mövzularda bloqlar doldurur.
Elmi jurnalistikamız nə yerdədir?
Bizdə  akademik sahədəki titullularımızın neçə faizi bundan istifadə edir və öz yazılarını yeni informasiya vasitələrində yayınlayır? Digər ölkələrin universitetlərində professorlar, fəlsəfə doktorlarının, müəllimlərin əksəriyyətinin öz bloqları mövcuddur və mütəmadi yazılarını bloqlar vasitəsilə həm tələbələrinə, həm də hər kəsin diqqətinə nümayiş etdirirlər. Dünya ilə, vaxt ilə ayaqlaşmaq lazımdır. Elm sahəsində isə ayaqlaşmaq belə inkişaf sayılmır bəzən, öndə olmaq, ilk olmaq, yenilikçi olmaq inkişaf amilləridir.
Yenə də elmi jurnalistika sahəsini həm yazılı, çapşəkilli yayınlarda, həm də müasir informasiya vasitələrinin yaratdığı bütün imkanlardan istifadə edərək inkişaf etdirmək lazımdır. Bu həm indimiz, həm də gələcəyimiz üçün vacibdir! 
Ph.D.Cəbrayıl Vəliyev
14 sentyabr 2014
GO BACK