Qadin.NET / Dialektika nədir?

Dialektika nədir?

 

Dialektika nədir?

 

Aydın məsələdir ki, bəşər tarixi inkişaf edir, dəyişir, bir keyfiyyət mərhələsindən yenisinə keçir. Tarix enişlər və qalxışlarla müxtəlif yollar keçərək keçmişdən günümüzə, günümüzdən də gələcəyə doğru inkişaf edir. Bu həqiqət gün kimi aydın olsa da, bu inkişafın necə baş verdiyi, hansı qanunlar əsasında həyata keçdiyi, hansı mexanizmlərlə fəaliyyət göstərdiyi gün kimi aydın deyil. Tarixin inkişafını anlamaqda bizə kömək edən metodlardan biri, belə demək mümkünsə, ən çox ağlabatan və ən çox müzakirə olunan metod dialektikadır. Dialektika inkişafı anlamağın universal metodudur.
Dekartdan sonra fəlsəfə öz predmetini varlıqdan şüura doğru yönəldir və bu yönəlmə fəlsəfəni yeni problemlərlə məşğul olmağa sövq edir. Bir cümlə ilə ifadə etsək, deyə bilərik ki, Dekart sonrası fəlsəfənin düşündüyü sual belə idi. “Biliyin mənbəyi nədir?” Empirizm cəphəsində dayanan filosofları (Frensis Bekon, Con Lok, David Hyum, Corc Berkli) birləşdirən ortaq fikir o idi ki, biliyin mənbəyi təcrübədir. Bunun əksinə olaraq rasionalist mövqedən çıxış edən filosofların ( Rene Dekart, Barux Spinoza, Qotfrid Leybnits) ortaq fikri isə o idi ki, biliyin mənbəyi təcrübədən gələ bilməz, bilik zəkadan başlayır. Bunları yazmağımın məqsədi odur ki, dialektikanın nəzəriyyəsini işləyib hazırlayan Hegelin qəbul etdiyi ideya, o ideyanın yaradıcısı olan Kant tərəfindən bu problemə münasibətdə meydana çıxmışdır. Kant biliyin mənbəyi olaraq təcrübəni qəbul etsə də, biliyin zəkada təsnif olunmadan yəni məkan və zaman maneralarında yerbəyer olunmadan anlaşılmasını, bilik formasını almasını mümkünsüz hesab edirdi. Həmin bu məkan və zaman maneraları isə Kanta görə subyektə xasdır və təcrübədən asılı olmayaraq "a prior" olaraq mövcuddur. Elə bu "a prior" bilik Kant fəlsəfəsi nöqteyi nəzərindən Transsendental müqəddəm şərt olaraq çıxış edir və biz o şərt əsasında dünyanı anlayırıq.

Transsendental müqəddəm şərtlər

Kant düşünürdü ki, universal Transsendental müqəddəm şərtləri tapmışdır. Məkan, zaman və səbəbiyyət kimi kateqoriyalar bütün subyektlərə xasdır və bu bizim dünyanı anlama üsulumuzdur. Hegel Kantdan fərqli olaraq Transsendental müqəddəm şərtləri daha geniş spektrda götürür və onu tarixən dəyişilən bir fenomen olaraq qavrayır. Hər bir dövr şərtləri əsasında qavranılmalıdır. Hegel belə düşünürdü. Kantdan fərqli olaraq Hegel dünyanı anlamada istifadə etdiyimiz şərtlərin tarixi mənşəyini axtarır və tarix Hegel fəlsəfəsində epistamoloji anlam daşıyır. Hegel üçün subyektin özü yaradılandır, subyekt tarix tərəfindən yaradılır, demək ki, subyektin zəkaslna xas olan Transsendental müqəddəm şərtlər də tarix tərəfindən formalaşdırılır. Bu baxımdan Hegel özündən əvvəlki epistamologiyaları bu baxımdan tənqid edir ki, biliyin mənbəyi nədir kimi suallar vermək heç bir nəticəyə gətirib çıxarmayacaq. Zəkaya tarixən inkişaf edən fenomen kimi baxılmalıdır. Kant dünyanı ikiləşdirir, noumenlərə və fenomenlərə bölür. Hegel bu bölgünü qəbul etmir, çünki Hegel Tarixilik kontekstindən yanaşaraq görüntü ilə mövcud olan arasında dialektik əlaqə olduğunu göstərir və Kantdakı ikiləşmə Hegeldə yoxa çıxır. Bu Hegelin ruhun fenomenologiyasının layihələndirən fikirlərdən biridir. Ruhun fenomenologiyası əslində zəkanın inkişaf tarixinə bir ekskursiyadır. Hegel bəşəri ruhu başqa sözlə zəkanın tarixini incələyir, bundan əlavə subyektin zəkasının inkişafının da bu zəmində baş verdiyini deyir, ancaq Subyekt həm də bu Transsendental müqəddəm şərtləri dəyişdirə bilir. Transsendental Müqəddəm şərtlər subyektə, subyekt də Transsendental müqəddəm şərtlərə təsir göstərir. Bax bu dialektikadır.

 

Dialektika nədir?

 

Dialektika və Marks

Marks bir Hegelçidir. O, Hegelin dialektik metodunu qəbul edir, ancaq Marks üçün inkişaf ruhun yox, maddi dünyanın inkişafıdır. Əgər Hegel üçün bəşər ideyaların inkişaf tarixi əsasında yaranıbsa, Marks eyni metodu saxlayaraq ideyaların yerinə maddiyyatı qoyur. Zəkanı şərtləndirən maddiyat daha açıq desək, iqtisadi münasibətlərdir. İqtisadi münasibətlər bazis, zəka isə üst qurumdur. Marks dialektikanı ancaq dünyanı şərh etmək metodu olaraq görmür. Dialektika həm də dünyanı dəyişdirmək medotudur (Bax Feuerbach haqqında tezislər. 11ci tezis). Marksın dialektikası predmetə oriyentasıyalıdır. Dialektika ağılda quraşdırlmış sonradan predmetə tətbiq edilməmişdir. Predmetə xas qüsurlar özü bizi onu yaxşılaşdırmağa sövq edir. Hegel bu yaxşılaşdırmanın zəka sferasında aparıldığını düşünürdüsə, Marks üçün bu praktik fəaliyyət demək idi. Bu məqamda icazə verin, bir şərh bildirim. Mənə belə gəlir ki, predmetə xas qüsurlar tamamilə həll oluna bilməz, mütləq mükəmməliyyət mövcud ola bilməz. Dialektik ziddiyət daim davam etməlidir. Ancaq Hegel və Marks fərqli düşünüblər. Hegel üçün bu ziddiyətin həlli onun öz fəlsəfəsi və yaşadığı alman cəmiyyəti idisə, Marks üçün bu Kommunizmin yaradılmasıdır. Ziddiyyətin nə vaxtsa tam həll oluna bilməsi ideyası mənim heç cür anlaya bilmədiyim bir ideyadır. Əgər dialektika universal qanundursa, təbiətin özündən gəlirsə (Bax Fridrix Engels – Təbiətin dialektikası), bu ziddiyyətin həll olunması necə mümkündür? Əlbəttə, dialektika pozitiv qanun deyil, odur ki, bu şərh də mütləq mənada doğru sayılmamalıdır.

Saleh Mehdizadə

6 sentyabr 2014
GO BACK