Qadin.NET / Dəyişim...

Dəyişim...

Vəziyyət dəyişir. Hər şey dəyişir. İnsanın fikirləri, düşüncələri, bəzən illərcə davam edən vərdişləri, xarici görünüşü, ətrafı. Amma biz çox vaxt bunu hiss etmirik. Yəni dəyişdiyimizi hiss etmək üçün heç bir səbəbimiz olmur. Hadisələr baş verir, gündəlik yaşam, xırda şeylər, böyük müşahidələr – bütün bunlar insanın psixologiyasına, davranışına, altşüuruna təsir göstərir. Dəyişmək üçün bizə ən böyük köməkçi nsanlar olur. Onların gözəllikləri və ya çirkinlikləri (mənəvi), onların humanizmi və ya qəddarlığı, sədaqəti və ya xəyanətidir bizi dəyişən.

Dəyişim...

Təbii ki, biz özümüz də kimlərinsə dəyişməyinə səbəb oluruq. Kiminsə həyatına 5 gün girib onun bütün fikirlərini alt-üst edə bilərsiniz. Onu öz dəyərlərini yenidən gözdən keçirməsinə səbəbkar ola bilərsiniz və ya əksinə kimsə sizi 10 il tanıya bilər, amma heç bir şeyinə təsir etməmiş qala bilərsiniz. Bu insanın xarakterinin gücündən asılı bir şeydir. 

Dəyişim...

Dəyişiminizi hiss etməyiniz üçün konkret bir situasiya lazımdır. Məsələn elə bir situasiya ki, siz həmin şeyə reaksiyasız qala bilməzsiniz. Və həmin anda təəccüblənəcəksiniz. Məsələn, əvvəllər sizi sıxan, boğan, ağladan, incidən bir şey indi sizə mənasız, heç diqqətə də layiq gəlməyən bir şey kimi gələcək. Və ya əksinə, əvvəllər laqeyd qaldığınız, “mənə nə?” dediyiniz şeylərə indi etiraz etmək gücünüzün olduğunu hiss edə bilərsiniz. Baxın, bu anda anlayırsınız ki, siz dəyişmisiniz. İndi yaxşı və ya pis olması bu dəyişimin, sizin ölçü vahidlərinizə qalıb. 

Dəyişim...

Xülasə, çalışın sizi yaxşı yöndə dəyişdirə biləcək, sizə yeni parça qazandıra biləcək insanların ətrafında olun. Və siz də insanlara gözəl şeylər bəxş etməyə cəhd edin. Mənəvi dünyanın hədiyyələri daha unudulmaz və gözəl olur. Yaxşı yöndə, dəyişməyə və dəyişdirməyə çalışın. Dünyanın taleyi bizim əlimizdədir. Özünüz olun, amma bununla bərabər özünüzü gözəlləşdirin və böyüdün, hər gün, hər saat… Elə indidən, başlayın..

Ülviyyə

14 avqust 2014
GO BACK