Avtobusa oturub, qara çantamı açıram və oradan qəzetdən, kitabdan çıxarıb oxumağa başlayıram. Başımı qaldırıb baxanda, görürəm ki, avtobusda oturan qızıldişli, qara paltarlı adamlar gözlərini zilləyib mənə sarı baxırlar. Elə baxırlar ki, sanki indicə qalxıb məni it kimi çırpacaqlar, götürüb pəncərədən atacaqlar aşağı. Eyni halla metroda da qarşılaşıram. İlahi, bu adamlar məndən nə istəyirlər axı?...
Sonradan mənə aydın olur ki, cəmiyyətdə kitab, qəzet oxuyanla oxumayana olan münasibət tamam fərqlidir. Tutaq ki, avtobusda oturub telefonla oynayan, dostları ilə əttökən zarafatlar edən gənc bir adamı hamı normal qarşılayır, çünki artıq bu adamlara öyrəşiblər. Amma kitab oxuyana elə münasibət göstərirlər ki, guya həmin adam xəstədir və dəlixanadan elə indicə qaçıb.
Müşahidə etmişəm, teatr tamaşalarına gələn adamların əksəriyyəti elə teatr adamlarıdır. Azərbaycanda tamaşa teatr adamları üçün, yazı ədəbiyyatçılar üçün, rəsm qalareyaları rəssamlar üçündür. Qəzet oxuyanların sayı 15 ildir ki, dəyişmir. Teatra getmək istəyənə gülürlər. Oxuyanı normal qəbul etmirlər. Öz içimizdə çürüyüb, çürük fındığa dönürük… Bir güclü külək əssə, tökülüb dağılacağıq.
Ciddi görkəm alıb, müdrik bir cümlə deyim: cəmiyyət gəncin sifətidir, gəncsə cəmiyyətin. Bəs yaxşı, oxumamağı həyatının əsas məqsədi seçən bizim cəmiyyətin qəhrəman gənci kimdir, o haradadır, nə işlə məşğuldur?
Deməli belə, azərbaycanlı gənc o adamdır ki, onun əlində mütləq (istisna yoxdur) mobil telefon var. O, özünü heç vaxt düşük lağlağısından məhrum etmir. Əlində kitab, belində çantası olan dostuna mütləq gülür və dərsə əli, başıboş getməsi ilə fəxr edir.
Azərbaycanlı gənc Allaha ürəkdən inanır, ya yox, bu haqda dəqiq heç nə deyə bilmərəm, amma bilirəm ki, o, namaz qılır, oruc tutur, sonra isə ən əclaf işlərlə məşğul olur, Allahdan, dindən öz eyiblərini örtmək üçün istifadə edir. Şəxsən mən azərbaycanlı gəncin din barədəki səmimiliyinə hər zaman şübhə etmişəm.
Bizim qəhrəman rəqsanələrin, sarıçiçəklərin, yeniulduzların, azəristarların gündən-günə artıb çoxalmasında əlindən gələni əsirgəmir. İncəsənətin sürətlə bayağılaşmasına dəstək verir. Minlərlə gəncin yarışmalara can atması, seçim zamanı yaranan növbələr buna əsl sübut deyilmi?
Bizim “gənc və perespektivli” qəhrəman etiraz etməkdən, “inqilab” sözündən itdən qorxan kimi qorxur, yenilikdən yüz metr aralı qaçır. Standartları pozmaqdan çəkinir, daim çərçivə içərisində yaşayır, patriarxal ənənələri heç bir zaman pozmur, toya mütləq qalstukla, kostyumla getməyə çalışır.
Bizim milli qəhrəmanımızın bir xüsusiyyəti də cəmiyyətdə artıq çoxdanın adətinə çevrilib. “Zerkalnı” nömrə məsələsini deyirəm. Azərbaycan gəncləri bir-birlərinə telefon nömrəsinin bahalılıq səviyyəsilə qiymət verib, hörmət qoyduqlarını desəm səhv etmiş olmaram yəqin. Hər bir azərbaycanlı gəncinin arzusu ən azı bir “07”-ə sahib olmaq, şəhərin küçələrində avtoşluq (yəni avtoXULİQANlıq) etməkdir. Öz dostuyla söhbətinin əsas mövzusu da elə “07”-lər, “tofaş”-lar olur.
Bu siyahını artırmaq da olar. Amma nəyə lazımdır? Nə xeyri var? Onsuz da bizim qəhrəmanımızın bu yazını oxumaq şansı sıfıra bərabərdir.
Elmin Həsənli
Burada yazılanları təbii ki, hər kəsə aid etmək düzgün deyil. Hər kəs təbii ki, belə deyil. Amma təəssüf ki, böyük əksəriyyət bu haldadır.