Bir şəhər var şəhərimin içində – qalın divarları olan, səs-küydən, kütlədən uzaq, qaçıb gizlənməli, sakit oturub düşünə biləcəyin, qürbətdə olanda darıxdığın yeganə yer – İçərişəhər. Bakının hamıdan gizlətdiyi sirri kimidir, içində yığıb saxladığı sevgisi kimidir, ruhu kimidir İçərişəhər. Bəlkə də sakitliyidir, ürəyində qalmış arzularıdır, itirdiyi sevgisidir, susub gizlətdiyi ağrılarıdır. Qucaqlayıb, gizlədib Bakı bu şəhəri öz ürəyində..
İndi də orda çox adam qala bilmir, çox adam gəzə bilmir, darıxır, qaçır, kütləyə, səs-küyə qarışır. Çünki İçərişəhərdə içindəki şəhərlə üz-üzə qalırsan. Özünlə danışırsan, ruhunla danışırsan, yaddaşınla danışırsan, bu gününlə danışırsan. İçindəki şəhər İçərişəhərdə üzə çıxır. Sən də buranın bir parçası olursan. Daş olursan – bir parça daş. Torpaqdan ayrılıb, daşa çevrilirsən. Buna dözə bilməyənlər kütləni sevir. Bu fəlsəfəni anlayanlar isə bundan həzz alır. Qapısı hər kəsə açıqdır, amma hər adam orda qala bilmir, hər adam onu sevə bilmir. Bakının ürəyini hər adam anlaya bilmir. Bakının ürəyi İçərişəhərdir.
Özümüz də Bakı kimiyik, üzdə səs-küylü, gülən-ağlayan, daima hərəkətdə, daima təlatümdə, amma içimizdə hamıdan qalın divarlarla ayrılan bir şəhər gizlənib. İçimizdə bir şəhər var. Üsyanlarımızdan bezib, qərarsızlığımızdan, bitib-tükənməyən arzularımızdan bezib… Hər adama aça bilmirik o şəhərin qapılarını, biz Bakıdan daha qəddarıq. Bakı ürəyini hamıya açır, biz isə qorxuruq, cəsarətimizi əvvəlki illərimizdə itirmişik. Sanki əbədi yaşayacaqmışıq kimi, elə hey nəyisə gözləyirik, nəyisə, nəyisə, nəyisə…. Bu “nə” isə heç vaxt baş verməyəcək, biz oturub gözlədiyimiz müddətcə heç vaxt heç nə baş verməyəcək. İçimizdəki şəhər İçərişəhərdə üzə çıxanda, özümüzlə bu qala divarlarının sakitliyinin müşaiəti ilə söhbət edəndə anlayırıq ki, biz qorxağıq, biz qorxağın ən böyüyük. Biz sevdiyimiz həyatı yaşamaqdan qorxanlarıq, hərəmiz bir bəhanə altında gizlənib, bizə ən dəyərli olan şeyləri itirə-itirə gedirik.
Gedin, Bakının ürəyinə girin. Ürəyinizi açın. Düşünün. İçərişəhər sizə kömək olacaq. İçərişəhər içinizdəki şəhəri sizin üzünüzə şillə kimi vuracaq.Kim bilir, bəlkə də “xoşbəxtsiniz, xəbəriniz yox”-dur. Bunu da şəhərin ruhu sizin qulaqlarınıza pıçıldayacaq. Bir az dərin olun, dərinliyə enməkdən qorxmayın..
Şəhərimdə bir şəhər var, qapısı hamıya açıqdır…
İçimizdə bir şəhər var, qapıları bağlı…
Ülviyyə