Yanında yaşlanacağım o adamı axtarıram. Bəlkə o da yanında yaşlanacaq bir qadın axtarar deyə çıxdım yola, o adamı axtarıram. Çox böyük xəyallarım yoxdur sözün açığı, onsuz da olsa nə olar? Xəyalın özü böyük olduqda həqiqəti də onunla bir olmur. Yanında yaşlanmağa dəyəcək qədər gözəl bir ürək axtarıram. Başımı qollarıyla sinəsi arasında bir yerə qoyduğum zaman eşitdiyim qəlb döyüntüsündə musiqi tapacaq qədər sevə biləcəyim biri olsun deyirəm. Sıxıntı həyatın bir parçasıdır, hər zaman sərhədsiz xoşbəxt olmaz insan. Buna görə də əl-ələ verərək sıxıntıların öhdəsindən gələ biləcəyim adam axtarıram.
Sahib olduqlarının dəyərini biləcək birini axtarıram, sahib olduqlarıyla dəyər qazananı deyil! Yan-yana sıxılmadan dura biləcəyim bir adam axtarıram, həm də uzun illər sıxılmadan. Oxuduğum kitabı, izlədiyimiz filmi müzakirə edə biləcəyim, eyni fikirdə olmadığım, amma eyni cizgidə olduğum o adamı axtarıram.
Pul da qurtarır vaxtı gəlincə, gözəllik də, amma baxışların, vəfan, dostluğun, hörmətin bitmirsə, demək bitmir sevgilər. İçində vicdan daşıyan bir adam axtarıram.
Böyük sərvət arxasınca başqaları qaçsın. Mənim xəyalımda eyvanlı evdə iki qəhvə, bir də sağlıqla keçəcək günlər var. Mən yoldan keçərkən məni düşünərək bir gül qoparıb gətirəcək adama doğum günümdə 100 gül yollayandan daha artıq sevgim var.
Mənim xəyalımda sevilməyə layiq olan bir adam var. Əyrisi, doğrusu, xətalarıyla; əyrim, doğrum, xətalarımla çox sevə biləcəyim və yanında yaşlanmaq istəyəcəyim bir adama həsrətim var. Gələrsə, nə əla, gəlməsə...
Hər xəyal kimi bu da qalsın başqa bir bahara.