Qadin.NET / Xoşbəxtliyimizin açarı

Xoşbəxtliyimizin açarı

Xoşbəxtliyimizin açarı
“Dünya əvvəlki dünya deyil.”, “Yaman pis zəmanədə yaşayırıq.”, “Heç nəyin ləzzəti qalmayıb.”, “İnsanlar saxtadırlar.”, “Sevgi yoxdur.”... İnsanların dilindən düşməyən, dünyagörüşlərini, əhval-ruhiyyələrini dərindən əks etdirən bədbin cümlələr...
Bəzən sadəcə uşaqlarla ünsiyyət qurmaq istəyir insan. Çünki yetkin insanların əksəriyyəti ünsiyyət olaraq ancaq bu mövzuları seçirlər. Mütəmadi olaraq həyatdan, zəmanədən, insanlardan şikayət edirlər. İnsanlardan həyatın heç bir mənasının olmadığını eşitmək həqiqətən də ürək ağrıdan vəziyyətdir.  Bu narazılığın, bu giley-güzarın səbəbi də gün kimi aydındır. Sadəcə sevgisizlik. Həyatdan bezməyin səbəbi sevgisizlikdir. Təkcə bunun yox, dünyaya baxaq. O qədər qarışıqlıq, fəsadlar, cinayətlər, sənətin, estetikanın getdikcə zəifləməsi, intiharların artması və daha nələr. Hamısının kökündə dayanan sevgisizlikdir.
Xoşbəxtliyimizin açarı
Əslində hər insanda az-çox sevgi duyğusu var, fitrətində Allah yaradıb bu duyğunu. Amma ki, sevginin əsl mənbəyindən uzaq düşdüklərinə görə insanlar bədbəxtliyə sürüklənirlər. Sevginin mənbəyi Allahdır. Allahı sevmədən, Allaha qəlbən yaxın olmadan dünyada xoşbəxt olmaq mümkün deyil.  Allah sevgisi olmadan insan məhv olur. Özünə bu qədər gözəlliyi təqdim edən, bu qədər yaxşılığı lütf edən Allaha laqeyd yanaşan, onu başqalarıdan sonraya, ikinci plana atan insan əlbəttə ki layiq olduğu qarşılığı alır, bədbəxt olur. Allah sevgisiz insanların üzərindən bərəkəti götürür. Xəstəlik, sıxıntı və bəlaları ard-arda ona yollayır. Bir Quran ayəsi var:  “..əgər şükür etsəniz, həqiqətən də sizə artıraram...”(İbrahim surəsi, 7) Həm Allahın hər an təqdim etdiyi nemətlərdən faydalanıb, həm də Allaha dönüb yönəlməyən bir insan adətən “şükür etmirəm” demiş olur. Dili ilə deməsə də, hərəkətləri, davranışları və düşüncələri, niyyətləri ilə şükür etmədiyini göstərir. “Allahın verdyi neməti istifadə edirəm, amma qul olmağı qəbul etmirəm” demiş olur. İndi mən soruşuram sizdən, bu necə əxlaqdır? Allah meyvələr, tərəvəzlər yaradacaq, maşınlar yaradacaq, evlər yaradacaq, texnologiya yaradacaq, televizor, radio yaradacaq, amma insan “mən hamısını istifadə edirəm, sahibi isə məni maraqlandırmır” deyəcək. Bunu deyən bir insan zamanla böyük ruhi çöküntü yaşayacaq.  Varlı, ali təhsilli olması, ətrafında say-seçmə adamların olması, hər cür imkana sahib olması bu şəxsi artıq razı salmayacaq, onu rahatlığa qovuşduran nələrisə axtaracaq. Amma yanlış mənbələrdə axtardığına görə rahatlığa qovuşmayacaq.
Xoşbəxtliyimizin açarı
Allah insanlar üçün ən yaxşısını istər, “ağıllı olmalarını, ən yaxşı şəkildə, ən vicdanlı olaraq” yaşamalarını istər. Rəbbimiz “şükür edin, Məni sevin, Mən də sizi sevim” deyir. Yəni bu pis təklifdir ki? İnsanlar nəyə görə bu təklifi rədd edirlər. Allahın təklifi çox gözəl, çox xoş və çox hikmətli bir təklifdir. Rəbbimizin yolu ilə gedən insanların həyat keyfiyyəti artır, zənginlik, bolluq bərəkəti artır. Lakin insanların çoxu “xeyr, biz dünyanı yaşayacağıq” deyir və yenə insanları, zəmanəni gedişatı qınayırlar, şikayət edirlər. Amma bilmirlər ki, bütün sıxıntılarını yaradan da Allahdır. Deyirlər ki, məsələn, iqtisadi böhran var, bizim bilmədiyimz bir səbəbdən iqtisadiyyat kilidlənib. Halbuki, iqtisadi böhranı da yaradan Allahdır. İqtisadiyyatın vəziyyəti hər kəsə məlumdur. Ticarət, banklar, dollarlar, pul hələ insanların nəzarətindədir. Amma Allah insanların nəzarət edə bilmədiyi metafizik bir hikmətlə iqtisadi böhranı yaradır. Bəlkə insanlar bunun hikmətini axtaralar, tapalar deyə. Ona yönələlər deyə.
Xoşbəxtliyimizin açarı
Çox gec olmadan, hər kəs Allaha dönməlidir, Allahı sevməlidir. İnsan qəddarlığa, sevgisizliyə meyillidir. Niyə axı?! Ən gözəl, ən qüsursuz şəkildə yaranmışıqsa, ən gözəl duyğuları da yaşamalıyıq. Sevgi, mərhəmət, şəfqət, bağışlayıcılıq duyğusu, comərdlik çox zövqlüdür əslində. Məsələn, bir uşağa hədiyə alanda necə sevinir, necə xoşbəxt olur, üzündə necə gözəl ifadə yaranır. Sadəcə o uşağın sevincini görmək belə insanı xoşbəxt edə bilər. Yoxsulların evinə yemək aparanda çox sevinirlər. Gözlərində sevinc işığı parlayır. Sadəcə o gözündəki sevinc parıltısını görməkdən də həzz almaq olur. Televizoru açırıq, qəzeti açırıq, interneti açırıq, çölə-bayıra çıxırıq, kimsə kimləsə dalaşır, mübahisə edir, sözlə, hərəkətlə önə çıxmaq istəyir, sevgiyə deyil, dava-dalaşa meyillidirlər insanlar. Halbuki, dünya o qədər böyükdür ki, bütün insanlara çatar. Dünyanın bütün əraziləri ucsuz-bucaqsızdır, çox nadir yerlərdə şəhərlər var və bomboşdurlar. Bu qədər dava-dalaşa, boğuşmağa, nifrətə dəyməz. Bu dünya hamımıza çatar. Sevgi ilə, imanla dünyanı gözəl bölüşmək olar. 
24 may 2014
GO BACK