Qadin.NET / Mənim dilim - mənim düşmənimdir

Mənim dilim - mənim düşmənimdir

Mənim dilim - mənim düşmənimdir

Mənim dilim - mənim düşmənimdir. Niyə belə deyirik? Çünki çox zaman dilimiz "ağlımızdan öncə danışır". Artıq söz danışdıqda, sözlərimizlə ətrafdakıları "öldürdükdə" dilimiz düşmənimizə çevrilir. "Ox bədəni yaralayır, sözlərsə qəlbi". Dilimiz bizə müvəffəqiyyət qazandırdığı kimi xoşagəlməz vəziyyətə də sala bilir. Çox zaman biz danışdıqlarımızın nələrə səbəb olacağı haqda düşünmürük. Neçə dəfə düşünmədən dediyimiz sözlə ətrafımızdakı insanların qəlbini yaralamışıq? Ən çətin olan - dili pislikdən uzaq tutmaqdır. "Səbr etmək - uğura çatmaq üçün əsas amildir. Düşünmədən deyilən söz günah qazandırar, ağıllı kəs özünü pis söz danışmaqdan saxlayandır".  

Mənim dilim - mənim düşmənimdir

Şirin və acı sözün gücü böyükdür. "Yaxşı söz ev tikər, pis söz ev yıxar". Sözlər insanı sakitləşdirə, ruhlandıra, sevindirə bildiyi kimi, eyni zamanda acı da verə bilir. "Zarafatla danışsan belə, bir dəqiqə düşün". Dilimiz barıta bənzəyir: onunla ehtiyatla davranmaq lazımdır. Dilimiz alov kimidir - düşünülmədən deyilən söz insanların arasındakı münasibətləri təməlindən sarsıdır. Bu münasibətlər yenidən bərpa olunsa da əvvəlki kimi olmur."Qılınc yarası sağalar, söz yarası sağalmaz".

Dilimiz hər yerdə - ailədə, işdə, mağazada, harada olsa insanların əhvalını korlamağa qadirdir. Çox zaman bizi elə öz yaxınlarımızın, dostlarımızın, sevdiklərimizin sözləri incidir. Bu zaman gec olmadan üzr istəmək vacibdir. Dostları illərlə qazana, amma bir saatda itirə bilərsiniz. Bir-birinizi və dostlarınızı qoruyun!

Mənim dilim - mənim düşmənimdir

Acı dil bizim öz sağlamlığımıza, xoşbəxtliyimizə və ruhumuza da zərər verə bilər. Bütün sözlər insanın qəlbindən gəlir. Dil ancaq bizim daxilimizdəkini ifadə edir: sevinci, xoşbəxtliyi, kədəri, qəzəbi, qısqanclığı, paxıllığı və s. Adətən biz özümüzü bədbəxt hiss edəndə başqalarını incidirik. Buna görə də nə qədər ki zaman var, gəlin yaxşılıq edək, insanlara sevinc bəxş edək. Gəlin xoşbəxt olmağı öyrənək ki, dilimiz düşmənimizə yox, dostumuza çevrilsin.

8 may 2014
GO BACK