Qadin.NET / Gecikmiş qadınlıq

Gecikmiş qadınlıq

Gecikmiş qadınlıq

Sevərik, sevilərik. Bir ocaqdan başqa bir ocağa gəlin gedərik. Bəzən də sevgisiz, ata anamızın istəyi ilə, təsəlli yığnağıyla. Qayğılı günlərimiz başlayar. Unudarıq özümüzü, qadınlığımızı. Dözümlə, səbirlə silahlanarıq, biz fədakar qadınlar. 
Öladlarımız dünyaya göz açar. Bölünər, parçalanar məhəbbətimiz. İkilənər üçlənər... Analıq hissləri güc gələr. Övladlarımızın həyatını yasayarıq, biz fədakar qadınlar. 
Söz-söhbətlər başlayar, kiçik bildiyimiz davalar böyüyər, itər incəliyimiz zərifliyimiz. Eşitmək istəmədiyimiz sözlərə qulaqlarımızı kar edərik. Üzümüzə dəyən şilləni sığal bilərik, tumar bilərik, biz fədakar qadınlar. 
Ömür -gün yoldaşımıza həyatımızı qurban verərik. Bəzən qarşılıq görməyəndə kövrələrik, inciyərik. Gizlədərik göz yaşlarımızı, boğarıq içimizdə. Sonunda heç nə olmamış kimi davam edərik həyat yollarımıza, biz fədakar qadınlar.

Gecikmiş qadınlıq

Evə gec gəldiklərində pəncərə qabağında dayanıb yollarını gözləyərik. Qəzəbli baxışlarımızdan pəncərələr belə incik düşər, küskün düşər. Divarların qəlbini ağrıdar yumruqlarımız. Evə gəldiklərində dava düşməsin deyə saxta bir təbəssümlə qarşılayarıq onları biz fədakar qadınlar.
Övladlarımız böyüyər, qızlarımız başqa bir ocağa gəlin gedər, oğlanlarımız subaylığın daşını atar. Nəvələrimiz dünyaya göz açar, nənə olub nəvələrimizin həyatını yaşayarıq biz fədakar qadınlar.
 

Gecikmiş qadınlıq

Hərdən ata ocağından gətirdiyimiz cehizlərin içində köhnəlməmiş, istifadə edilməmiş tələbəlik yadigarı diplomlarımızı əlimizə alarıq. Xəyallara dalarıq. Bir anlıq ağ xalatlı həkim olarıq, müəllim olarıq ... O qədər həzin ki, o qədər kövrək ki, o qədər əl çatmaz ki. Xəyalların qanadlarından enərik, özümüzə qayıdarıq və üşüyərik dörd divarın soyuqluğunda, biz fədakar qadınlar.
İllər keçər, yaşlanarıq, qocalarıq, keçmişimizə boylanarıq. Acı bir təbəssümlə əl eyləyər incəliyimiz, zərifliyimiz, qadınlığımız. Gecikmiş qadınlığımız. Qayğıların yükündə boğulan, əzilən, kiçilən və sonunda ölən qadınlığımız......

Müəllif: Nəcibə Vüsal

7 may 2014
GO BACK