Qadin.NET / Universal mütəxəssislik

Universal mütəxəssislik

Universal mütəxəssislik

Mentalitet adlanan və tərkibinə də qərb mənşəli yeniliklər əlavə olunaraq modernləşdirilən təhsilsiz görüntü mühitində, insanlar sürü zəncirindən çıxa bilmir, həyatın həqiqətini də tapmaqda çətinlik çəkirlər. Kütləni bu cəhalətdən çıxarmaq üçün isə artıq Mizrə Cəlilimiz, Sabirimiz, Cəfər Cabbarlımız, Şirvanimiz, Zərdabimiz yoxdur. Ona görə də, müasir zamanın tələblərinə düzgün uyğunlaşmaqda çətinlik çəkən xalqımızın, bu elmsiz və keşmə-keşli vaxtlarında hamılıqla təhsilə yönəlməli və gənclərin maariflənməsi üçün səfərbər olaraq, bütün enerjimizlə çalışmalıyıq. Şükürlər olsun ki, bu gün, bu kimi şüarları öz əməlləri ilə təsdiq edərək əldə rəhbər tutan az sayda da olsa ziyalılarımız var. Onlar xalqın rifahının yaxşılaşdırılması yolunda təmənnasız xidmətlər göstərir, həqiqi mənada təhsilin cəhalət üzərində qələbə çalması üçün əllərindən gələni əsirgəmirlər. Lakin təəssüflər olsun ki, belə ziyalılarımızın sayca az olması, anlayışlı kütlənin də formalaşmasını ləngidir. Belə boşluqda isə, yanlançı savadlılar peyda olur və kütlənin elmsizliyindən istifadə edərək onların həqiqəti tapmaq cəhdlərini yanlış istiqamətə yönəldirlər.

Universal mütəxəssislik

 

Bu mövzuda olan «Asan dahi olmaq haqqında fəsil» adlı başqa bir məqaləmdə, mən bir qrup kütləni «eqolu üzçülər» adlandırmışdım. Bu yazım da, həmin eqolu insanların yanlış davranışlarının davamı haqqındadır. Belə insanlar özlərini hər şeyi bilən mütəxəssis kimi aparıb, hər sahəyə müdaxilə eləməkdən çəkinməyən tiplərdir. Onlar hər zaman söylədikləri istənilən sözün doğruluğunu hər cəhdlə qəbul etdirməyə səy göstərir, üstün görünən hər şeyi tənqid edir, heç vaxt səhv edə bilməyəcək bir eqo ilə bütün mövzularda insanlara meydan oxumağa çalışırlar. Lakin ətrafı tənqid etdikləri halda, nə yaşam tərzləri, nə də göstərmək istədikləri istiqamətləri, tənqid elədikləri şeylərdən üstün ola bilmir. Daim ordan-burdan eşitdiklərini analiz etmədən söyləyir, özlərinə belə xeyir verməyən səthi fikirləri pafoslu cümlələrlə bəzəyərək, bununla hamıdan seçilməyə və hamının yanında hörmət qazanmağa çalışırlar. Verdikləri məsləhətlər isə, bəzən elə danışdıqları zaman ağıllarına gəlir. Bəzən isə haradansa eşitdiklərini əzbərləyib özününküləşdirir, onun nə vaxtsa yanlış olduğunu bildikləri zaman, həmin fikri özləri də inkar etməyə başlayırlar.

Universal mütəxəssislik

 

Əslində insanın özünü sevməsi qəbuledilən bir haldır. Ancaq bu sevgi yüksək eqoizmdən irəli gəlirsə, həmin insan ətrafdakıları kiçildir və insanlara ziyan vurmağa başlayır. Bir dəfə, bir tanışım mənə danışdı ki, dostlarının onun uğurlarını təərifləməyinin qurbanı olubmuş. Belə ki, onun üstünlüyünü və təərifləndiyini görən eqolu üzçülərdən biri, onu ələ salacaq yollara əl ataraq, bununla öz paxıllığının istəklərini yerinə yetirməyə başlayıbmış. Bütün günü onun qeybətini eləyir, fikirlərinə iftira ataraq onları təksib edir, digər təfəkkürlü insanları da ona qatıb hər yerdə tənqid eləməkdən çəkinmirdi. Biz onun səthi fikirləini özünə müdriklik kimi göstərən eqosunu müəyyən etdikdən sonra, mən buradan bu nəticəni çıxarmalı oldum: Bu tip insanlar, qazana bilmədikləri uğurları başqasının qazandığını görəndə, onların istedadına paxıllıq eləyirlər. Biz adətən insanların puluna, görünüşünə, vəzifəsinə və s. üstünlüklərinə paxıllıq edənlərlə qarşılaşmışdıq, amma istedada paxıllıq edən hərəkətsiz tiplər ağılımıza gəlmirdi. Ona görə də, bu insanları «öz tənbəllikləri paxıl edir» desəm, yanılmaram. Dünya şöhrətli aktyor Çarli Çaplin, aktyorluqdan əlavə insan davranışlarından da yaxşı baş çıxarırdı. Elə isə onun gözəl bir məsləhəti burada lap yerinə düşərdi: «Dünya hər kəsə çatacaq böyüklükdədir. Ona görə də başqasının yerini qapamaqdansa, çalışaraq həqiqi yerinizi tapın».

Universal mütəxəssislik

 

Qəribə səslənsə də, sözü gedən insanlar həm də başqalarından istifadə etməyi də yaxşı bacarırlar. Bunun nümayişkar davranışlar ilə əlaqəli olduğunu analiz edən mütəxəssislər bu qənaətə gəliblər. Belə ki bu, danışıq və görüntü ilə təsir altına salma sayəsində  reallaşır. Gülərüz olmağın cəmiyyətdə səmimiyyət kimi qarşılandığını düşünüb, özlərini gülümsəməyə məcbur edən həmin qeyri-səmimi “pozitiv” şəxslər, isanları razı salacaq bu obrazla öz istək və arzularını həyata keçirə bilirlər. Zəif kütlədən də bir neçə tərif və xoş söz eşidən kimi, bunu özlərinə böyük stimul edib, öz üstün olmalarına daha da əmin olurlar. Amma heç olmasa, yaxşı olardı ki, özlərinə aid olmayan sahələrə girişməyəydilər. Çünki verilən hər bir yanlış informasiya, insanları həqiqəti öyrənənə kimi təsirdə saxlayıb, yanlış hərəkətlər eləməyə yönəldə bilir. Çox vaxt isə, belə informasiyaların qurbanı olmuş insanlar həqiqəti heç vaxt öyrənə də bilmirlər.

 

Universal mütəxəssislik

 

Sonda bütün məsləhətçilərin özlərinə verməli olduqları bir sual meydana çıxır: «Mən nə dərəcədə səmimiyəm?» İnsanlara faydalı məsləhətlərdən əlavə, oxuyub faydalana biləcəkləri bilikləri ehtiva edən kitablar lazımdır. Verilən məsləhətlərin səmimi oduğunu təsdiq edən ən gözəl addımlardan biri isə, insanlara maraqlı kitablar təklif etməkdir. Elə kitablar ki, həmin şəxslər özləri də ən çox məhz onlardan məlumatlanıblar. İngilis elm adamı Con Herşel gözəl bir ifadə işlətmişdir: «Bir insanda oxumaq həvəsi yaradın və onu təmin edəcək kitab verin; əmin olun o insan xoşbəxt olacaq.» Elə isə bunu onlardan əsirgəməyin və insanların maariflənməsini həqiqətən istəyirsinizsə, onların özlərinin də oxuyaraq qavramalarına imkan yaradın.

Coşqu İsmayılzadə 

6 aprel 2014
GO BACK