Qadin.NET / "Məni sancmayan ilan, 1000 il yaşasın"

"Məni sancmayan ilan, 1000 il yaşasın"

 

 

Hər birimiz “Ac başım, dinc başım” və ya “Məni sancmayan ilan, 1000 il yaşasın” prinsipi, daha doğrusu “prinsipsizliyi” ilə yaşaya bilərik və çox zaman da yaşayırıq. Boş-boş tənqid edirik, özümüzün cürəti belə çatmayacağını edən şəxsləri lağa qoymaqla, ələ salmaqla və ya öz aləmində “tənqid” etməklə hansısa üç-beş ağılsızın gözündə qəhrəmanlara dönmək istəyirik. Yaxşı, bəs bu özümüzə nə verir? Özümüz öz gözümüzdə kimik? Utanmırıqmı sakitliyə çəkiləndə? Ya özümüzə qarşı da kor və cahilik?! Bədbəxtikmi bu dərəcədə?

 

"Məni sancmayan ilan, 1000 il yaşasın"

 

Dostlar, ictimai ağrı nədir, bilirik mi? İctimai ağrı  bütün insanları əhatə edən ağrıdır, sən də bu ağrının içindəsən, lakin bəlkə də hələ səni yaralamayıb. Nə qədər gözün yumulu yanından keçsən də, küçədə haqqsız yerə döyülən adamın və ya pulu oğrulanan ailənin, və ya küçədə axmaqlar tərəfindən təhqir edilən qızın, avtobusda çirkin əməllərə məruz qalanların, kimisə alçaldanların, evində döyülən qadının, evindən qovulan fağır kişinin yerində bir gün sən olacaqsan. Mütləq olacaqsan. Nə qədər gözünü yuma biləcəksən ki? Qapın, pəncərən bağlı, soyuducun dolu, maşının həyətdə də olsa, səni bu ağrılar bir gün tapacaq. Səni tapmasa da, yaxının boğazından yapışacaq. Bax onda anlayacaqsan ki, sənin laqeydliyin və lağa qoyma həvəsin, öz qınına çəkilib, başqalarını şərləmə həvəsin sənin öz boğazını sıxır.

 

"Məni sancmayan ilan, 1000 il yaşasın"

 

Sənin şərlədiyin, kömək etmədiyin, yanından gözüyumulu keçdiyin insanlar bəlkə yenə də sənə kömək edəcək, əlindən tutacaq, ayağa qaldıracaq.. Bax onda sənin 20, 30, 40, ən pis halda 50dən çox yaşın ola bilər və onda sən anlayacaqsan ki, bu həyatı boş yerə yaşayırmışsan, sən yalançı qəhrəmanısan öz həyatının, sən heç kimin qəhrəmanı deyilsən… Sən qorxaqsan, boşboğazsan. Nə qədər ki, başqalarını müdafiə etmirsən, sən bir şəxsiyyət kimi mövcud deyilsən..

 

"Məni sancmayan ilan, 1000 il yaşasın"

 

İctimai ağrılara biganə qalmayın, ən azı ona görə ki, bir gün bu ağrıları siz də hiss edə bilərsiniz.  Çünki, biz insan olaraq doğuluruq, sonra nələrsə bizi dəyişir, bəlkə də ititirik insanlığımızı, amma yenidən insan olmağa çalışmaq lazımdır, əsl insan..  Bəlkə də fövqəlinsan olmağın vaxtı çatıb..

Ülviyyə

1 aprel 2014
GO BACK