Qadin.NET / Ana qatili olmayaq

Ana qatili olmayaq

Ana qatili olmayaq

Keçmişdə - inqilabdan əvvəl qızlar 12-13 yaşından ərə verilirdi.  Onlar ata-qardaş əlinə baxırdılar, boşanmış qadın ikinci, hətta üçüncü dəfə ailə qurmaq məcburiyyətində qalırdı, çünki ona arxa duran olmurdu.  Qadınlar kimdənsə asılı vəziyyətdə idilər.

İndiki zamanda qızlar təhsil alır, hətta bəlkə də oğlanlardan daha çox yaxşı vəzifələrdə çalışır, hətta ata-anasına belə baxır. Amma buna baxmayaraq, bu psixologiya hələ də dəyişməyib – ailədə mütləq oğlan övladı olmalıdır. İnsanların övlad arzusunda olması normal haldır, amma övladlar arasında ayrı-seçkilik etmək düzgün deyil. Belə ailələri övladı olmayan ailələrlə bir yerə gətirmək lazımdır. O zaman onlar anlayarlar ki, onlar övlad sahibi olmaq üçün necə iztirablar çəkir, hansı yollardan, ağır müalicələrdən keçirlər.

İnsanlarda belə bir səhv psixologiya formalaşıb ki, əgər oğul övladı yoxdursa, qocalanda onlara dayaq duracaq kimsə olmayacaq. Elə bil ki, bəziləri övladlarını ancaq qocalanda ona baxması üçün dünyaya gətirir. Oğul istəmək də məhz bundan irəli gəlir. Övlad istəyən üçün əslində fərqi olmamalıdır ki, qızdır, ya oğlan. Əslində qız övladı valideynə oğuldan daha yaxın olur. 

Ana qatili olmayaq

Çox zaman qadınlar bətnindəki övladı tələf etməyə məcbur edilir. Bu zaman qadının psixoloji vəziyyəti isə heç kimi maraqlandırmır. Amma bəzi qadınlar da var ki, özləri buna yol verir. “Oğlum olsa, ərim məni daha çox sevər” psixologiyası ilə oğlan uşağı dünyaya gətirmək həvəsində olanlar da az deyil. Qadınların əksəriyyəti bilmir ki, dünyaya oğlan və ya qız gətirməsi həyat yoldaşından asılıdır. Buna görə də özlərini daha çox günahlandırırlar.

Son zamanlar qız uşaqlarının tələf edilməsi halları artıb. Ultrasəs müayinəsində bətnindəki uşağın qız olduğu öyrənildikdə əri və ya qaynanası tərəfindən aborta məcbur edilən qadınlarımız çoxdur. Bəzi insanlar aborta adi əməliyyat kimi yanaşırlar. Onun hər an ananın həyatına son qoyacağını isə bilmirlər. 

Ana qatili olmayaq

Çoxları abortun rəsmən qadağan edilməsinin tərəfdarıdır. Haradasa 60-cı illərdə abort qadağan edilmişdi. Və o zaman kriminal abortların sayı artmağa başladı. Ara mamalar evlərdə, gigiyenik olmayan şəraitdə abortlar etməyə başladılar, ana ölümlərinin sayı artdı. Buna görə də yenidən abortlara icazə verildi.

İslama görə, ana bətnindəki körpəni öldürmək cinayətdir.  Bətnindəki övladın qız olduğunu bildikdən sonra onu məhv etmək xüsusilə günahdır. Qız uşaqları haqda Peyğəmbərimizin çox gözəl hədisləri vardır.  Bir hədisdə buyurur ki, “Kiminsə qız övladı olarsa və oğlan övladını ondan üstün tutmazsa, o kimsə mənimlə Cənnətdə mənimlə birlikdə olacaqdır”. Yəni Peyğəmbərimiz (ə.s) qız uşaqlarına bu qədər əhəmiyyət vermişdir.

Qız övladını məhv edən analar bilməlidirlər ki, onlar gələcəyin analarını məhv edilər. Bu gün abort edilən hər bir qız uşağı gələcəyin anasıdır. Peyğəmbərimiz buyurur: “Cənnət anaların ayağının altındadır”.  Odur ki, qız övladını abort etdirən hər bir qadın gələcək anaların qatilidir. Əziz qadınlar, gəlin öz gələcəyimizin qatili olmayaq. 

22 mart 2014
GO BACK