Qadin.NET / Zorakılıq, qızlara yoxsa cəmiyyətə?

Zorakılıq, qızlara yoxsa cəmiyyətə?

Zorakılıq, qızlara yoxsa cəmiyyətə?

Çox, amma çox acınacaqlı bir durumdur. Ölkəmizdə bir qız, Allah qorusun, zorlanarsa hamı onu biqeyrət, namussuz olaraq bilib tanıyır. Dərhal cəmiyyətdən tədric edilir həmin insan. İnandırıram sizi ki, bəzi insanlar hətta onu zorlayan alçaqdan daha pis nəzərlə baxırlar zorlanmış qıza... Nə edib ki, yazıq? Nə edə bilərdi, amma etməyib? O boyda gədə çarəsiz, zəif bir qıza zor gücü ilə sahib olub, yenidən istifadə edilmiş bir əski kimi atıb gedir. Bu halda qızı nə ilə günahlandırır, görəsən bu xalq? Qız silahmı gəzdirməli idi yanında? İcazə verirmi dövlət buna? Yoxsa, cangüdənlə gəzməli idi bu evinin aylıq kommunal xərclərini belə ödəməkdə çətinlik çəkən qız? 

Bu qızın namusu tərtəmiz və pak olduğu halda sırf zorlandığı üçün cəmiyyətdən tədric edilir. Bunu bilən heç kəs heç vaxt onunla evlənmir. Qız bizim xalqın iyrənc ifadəsi ilə desək, "evdə qalır". Əksər hallarda elə sırf buna görə də imanı və ya iradəsi zəif olan qızlar pis yollara düşürlər, fahişə həyatı yaşamağa başlayırlar. "Onsuz da mənim həyatım puç olub, bundan sonra mən onsuz da namussuz birisi sayılıram, cəmiyyət də məni qəbul etmir" deyə düşünüb atılırlar şeytanın qanlı pəncələrinə... 

Zorakılıq, qızlara yoxsa cəmiyyətə?

Bu kimi halların qarşısı alınması üçün birincisi, insanlarda dərin iman formalaşdırılmağa çalışılmalıdır. İman sahibi olan bir oğlan heç kəsi nəinki zorlamaz, onlara yan gözlə belə baxmaz. Və belə bir hal baş verdikdə belə, imanlı qız günahsız olduğunu qavrayar və yenə də öz həyatını davam etdirib Allahın razı qalacağı şəkildə yaşayar. İkincisi isə, dövlətimiz bu kimi hallarda günahkara çox ciddi cəza verməlidir. Hətta mən ölüm cəzasının tərəfdarıyam bu kimi hallarda. Küçələr maksimum şəkildə kameralarla təchiz edilməli, gündüz vaxtı şəhərdə asayişi qoruyan polislərin sayı artırılmalıdır.

Zorakılıq, qızlara yoxsa cəmiyyətə?

Başqa bir acınacaqlı hal da odur ki, qızların valideynləri əksər hallarda qızı elə onu zorlayan oğlana ərə verirlər ki, guya namuslarını təmizləsinlər. Onlar başa düşməlidirlər ki, onların və qızlarının namusuna heç bir ləkə gəlməyib. Sırf cəmiyyətin iyrənc fikirlərinə əsasən onsuz da ağır zərbə almış qıza ikinci zərbəni də endirib onu həyatını korlayan insana ərə verirlər. Bu böyük bir zülmdür axı... Onsuz da bir qızı zorlayacaq bir beyinə sahib olan birisi o qızı gələcəkdə heç cür xoşbəxt edə bilməyəcək və bunu etmək belə istəməyəcək. Ayıdan fərqi olmayan bir məxluqdan başqa nə gözləmək olar ki? 

Təmiz ağıl sahibi olan qızlarımız və oğullarımız bu barədə insanları maarifləndirməli və bacardıqca bu kimi əxlaqsızlıqların qarşısını almağa çalışmalıdırlar...

23 mart 2014
GO BACK