Qadin.NET / Nə istədiyini bilirsənmi?

Nə istədiyini bilirsənmi?

Nə istədiyini bilirsənmi?
Nə istədiyini bilməməkdən çətin heç nə yoxdur. Nə istədiyinizi bilməyərək, ömrünüzü bir stol arxasında oturub, qarışqa ömrü keçirə bilirik, nə istədiyimizi bilmədən qəlblər qırırırıq, öz qəlbimizi qırırıq, nə istədiyimizi bilmədən yaşamırıq, sadəcə mövcud oluruq. Və bu yaşla bağlı bir şey də deyil. İstəklərin müəyyənləşdirilməsi prosesi 50 yaşa kimi də davam edə bilər, nadir hallarda isə çox erkən də bitə bilər.
Bir məsələ də var ki, adətən təcrübəsizlik insana əminlik gətirmir. 14-18 yaşımızda nə istədiyimizi dəqiq bildiyimizi düşünə bilərik, amma yaş ötdükcə, 20-30 yaş arası artıq şübhələr başlayır, yenə çaşa, itə bilirik. Həyat düşündüyümüzdən də çətin və acılarla doludur. İstəklərimizi bilmədən düzgün yaşam tərzimiz də olmayacaq, həyatımız da. “Axı bu, mən idim ki, məntiqimlə hərəkət edirdim”, “Axı mən əmin idim ki, bu seçimim doğrudur!”, “Bəs niyə indi xoşbəxt deyiləm? Niyə?!”
Nə istədiyini bilirsənmi?
Bu suallar illər ötdükcə artır. Biz başa düşürük ki, əminliyimizi təmin edən şey təcrübəsizliyimiz olub. İllər keçdikcə təcrübəmiz də artır, ağlımız da. Amma bu ağıl və təcrübələrdən düzgün istifadə etməsək, o zaman onların bizə nə faydası olacaq?! Təbii ki, aramızda özünə bu sualları verməyib, xoşbəxt olan və ya xoşbəxtliyi naminə çox düşünməməyi seçənlər də var. Öz seçimlərimizdir – axmaqlıq və kor-koranə xoşbəxtlik də bir seçimdir. Amma ayıq-sayıq bədbəxt olmaq daha vicdanlı və şərəfli seçimdir. Ayıq-sayıq xoşbəxt olmaq isə çox çətin bir şeydir, bunun üçün özümüzü dərk etməliyik. Özümüz isə dərya kimiyik, baş vurduqca içimizə, daha da dərinliyə gedirik və dərinliyə getdikcə də xoşbəxt olma ehtimalımızı azaldır, amma sıradan insan olmamaq ehtimalımızı çoxaldırıq. İndi seçin, hansı sizə daha uyğundur. Bu seçimdə nə istədiyinizi bilməyinizdən asılıdır.
Nə istədiyini bilirsənmi?
Bu istəyi müəyyənləşdirənədək isə çox şey itiririk – böyük hisslər, xırda dostluqlar, kiçik insanlar, unudulmaz insanlar, depressiyalar, sevinclər, ağrılar, göz yaşları... Amma nəticədə mükafat böyükdür: özünüzü tanıyacaqsınız. Əvvəl-axır özünüzü kəşf edəcəksiniz. Və nə qədər çox axtarsanız, bir o qədər tez özünüzü taparsınız. Bəlkə də oturduğunuz yerdə yox, tam başqa yerdəsiniz. Bəlkə də baxdığınız gözdə yox, tam başqa gözlərdəsiniz. Bəlkə də heç vaxt sevməyəcəyinizi düşündüyünüz insansınız indi… "Bəlkə"lər çoxdur...
Sizə bir sualım var. Həqiqətən nə istədiyinizi bilirsinizmi? Nəyi istədiyinizdən əminsinizmi? Əminsinizsə, əldən verməyin. Əmin deyilsinizsə, özünüzü axtarın. Axştarışda olun. Mən də axtarıram…
20 mart 2014
GO BACK