"Bəzən tərs düşünməkdə də fayda vardır" - deyib Böyük İsgəndər. Yaxud da, "50 milyon insanın axmaqcasına bir şeyin doğru olduğunu israrla iddia etməsi, o şeyin doğru olduğu anlamına gəlməz" - deyib İngiltərə yazıçısı Uilyam Somerset Moem.
Bu fikirlər, sizə nəsə dedi? Yoxsa, bir anlıq beyniniz qarışdı? Xətasız düşünmənin nə olduğunu bilirsinizmi?
Elə isə öyrənək.
Xətasız düşünmə, adətən çoxluq təşkil edən insanların adət etmədiyi, vərdiş halına gətirmədiyi bir düşüncə tərzidir. Məsələn, biz biliklərimizi gözümüzdə böyüdərik, nəinki onu kiçildərik. Yaxud da, bizlər üçün bir şeyi itirmək məsələsi meydana çıxdıqda, daha tez cəhd göstərib hərəkətə keçərik, nəinki bir şeyləri qazanmaq məsələsi yarandıqda.
Daha ətraflı izah üçün xətasız düşünmənin bir neçə nümunəsini təqdim edim.
1. Batacaq xərc anlayışı
İki misal:
a) Bir rəfiqəm problemli ailə münasibəti yaşayırdı. Yoldaşı onu yenə aldatmışdı. Rəfiqəm hər dəfə kişinin sədaqətsizliyini yaxaladıqda kişi peşmanlıq içində geri dönür və əfv diləyirdi. Belə kişi ilə münasibətlərə davam edilməsi mənasız hala gəlsə də, rəfiqəm hər səfərində yumşalırdı. Bir dəfə yenə bu haqda mövzunu açdıqda səbəbini belə açıqladı: "Bizim münasibətlərə o qədər hiss və enerji sərf etmişəm ki, onu indi tərk etmək yanlış olar". - Batacaq xərc anlayışı
b) Bir şirkətin reklam kampaniyası 4 aydır davam edirdi. Büdcəyə baxıldıqda işlərin heç də uğurlu getmədiyi göz önündə idi. Reklam müdirinə nə edəcəyini soruşanda cavabı: "Bu kampaniyaya o qədər çox pul xərcləmişəm ki, indi dayandırsaq, hər şey boşa gedər". - Batacaq xərc anlayışı.
2. Plasebo düyməsi
"Plasebo düyməsi nədir" deyə sual versəm, yəqin ki, cavabınız belə olar: "Yolu keçə bilmək üçün düyməyə basıb yaşıl işığın yanmasını gözləmək üçündür". Əslində bu düymənin funksiyası onun üçündürmü? Əlbəttə, xeyr. Belə düşünmüş olsaq yanılarıq. Bu düymənin basılmasının işıqların yanmasına heç bir təsiri yoxdur. Sadəcə. insanların situasiyaya nəzarət etmək illüziyasını yaratmaq üçündür.
3. Borcluluq təzyiqi
Əslində belə ifadə olunur: "Mən sənə kömək edərəm, sən də mənə". Misal çəkək. Bir ailə sizi evinə yeməyə dəvət edib. Ailəni çoxdan tanıyırsınız, amma yaxın münasibət qurmamısınız. O anda ağlınıza yaxşı bir bəhanə gəlmədiyi üçün dəvəti qəbul edirsiniz. Axşam şam yeməyinə gedirsiniz. Ancaq orda olduğunuz müddətdə darıxmağa başlayırsınız. Hiss edirsiniz ki, sizə uyğun atmosfer deyilmiş. Bunun üstündən bir neçə ay keçir və siz də eyni zamanda onları evinizə dəvət etmək məcburiyyəti hiss edirsiniz. Beləliklə, borcluluq təzyiqi sizə iki cansıxıcı axşam bahasına başa gəlir. İnsanların arasında məhz bu borcluluq təzyiqindən təkrar-təkrar görüşmələr və ya hədiyyə bağışlanmaları halları yaşanır.