Birlik istəyirəm... Fələstində, Suriyada, İraqda, Əfqanıstanda, Kərkükdə su yerinə axan müsəlman qanının dayanması üçün, atasız-anasız qalan uşaqların fəryadını eşitməmək üçün, hər an ölmək qorxusu ilə yaşayan, əzilən, təhqir edilən müsəlmanların hüzura, rahatlığa qovuşması üçün Birlik istəyirəm... Məsum insanların çəkdiyi maddi-mənəvi əzabların sona çatması üçün Birlik istəyirəm... Dinc yaşamaq üçün, sevgi və etibarın, sülhün, qardaşlığın, bərabərliyin hakim olduğu həyat tərzi üçün Birlik istəyirəm...
Bu birlik olmalıdır. Bizim hal-hazırda görəcəyimiz ən vacib iş bu olmalıdır. Çünki birlik olan yerdə həmişə dirilik olur. Mütəfəkirlərdən biri belə deyib: “Bir olaq, iri olaq, diri olaq”. Uca Rəbbimiz Allah da bütün müqəddəs kitablarında insanlara bir olmağı əmr etmişdir. Nə qədər ki, aramızda birlik yoxdur, bizi hələ çox bəlalar gözləyir.
Dünya əhalisinin təkcə 1.5 milyard nəfəri müsəlmanların payına düşür. Bu həqiqətən də çox böyük rəqəmdir. Lakin təəssüf olsun ki, 1.5 milyardlıq müsəlman nüfuzu parça-parçadır. 1.5 milyard müsəlman İslamı 70 firqəyə bölərək, hərəsi öz mənsəbinə qulluq edir. Digərlərinə isə ögey münasibət bəsləyir. Halbuki, bir dam altında birləşərək bütün dünyaya liderlik də edə bilərlər. Müsəlmanlar illərdir ki, təzyiq altındadırlar, illərdir ki, başqalarından mərhəmətsizcəsinə rəftar görürlər. Dünyanın müxtəlif yerlərində müsəlmanlara böyük əzablar yaşadan bu parçalanmışlıq əslində böyük fitnədir. Bu fitnənin sona çatması, axan qanın dayanması ancaq Birliyin qurulması ilə mümkün ola bilər. Dünya müsəlmanlarını, İraqı, Şərqi Türküstanı, Çeçenistanı, Fələstini, Əfqanıstanı xilas edə bilən tək çarə Birlikdir. Əgər bu birlik baş tutsa, inanıram ki, nəinki müsəlmanlar, bütün dünyada başqa dinlərə, inanclara qulluq edən vicdanlı insanlar da çox rahat olar, hüzura qovuşar. Yer üzündə heç qan axıdılmaz. Çünki bu birliyi qurmaq Allahın əmrinə itaət etmək deməkdir həm də. Allah da itaətli olmağın müqabilində müsəlmanları xoşbəxtliklə mükafatlandırar, hər işlərini bərəkətləndirər. Bu birlikdə əsas ölçü Quran əxlaqı olduğuna görə, inancından, dinindən, millətindən, irqindən, siyasi mövqeyindən asılı olmayaraq, hər insana şəfqətlə, sevgi ilə yaxınlaşan, hər kəsin haqqını qoruyan hüzur və sülh birliyi yaranar. Birlik terrorlara, anarxiyaya, hər cür fitnəyə tam mənası ilə son qoyar. Bu birliyi bütün müsəlmanlar əlbəttə ki istəyirlər. Lakin istəmək kifayət etmir. Müsəlmanlar hərəkətə keçməlidirlər. Kiminsə onları bəlalardan qurtaracağını gözləməməlidirlər. “Biz sadə adamlarıq, heç nə edə bilmərik, bacara bilmərik, bu siyasətdir, siyasət isə bizlik deyil” deyib yaxalarını kənara çəkmək heç də vicdana uyğun deyil. Qan tökülmədən, müsəlmanların sevgi ilə bir yerə gəlməsi ilə, şəfqətlə, gözəl sözlə, ağıllı, hikmətli üslubla, dostluğu yaymaqla bu birlik təsis ola bilər. Bu birliyin qurulması da yer üzünün tamam başqa bir gözəlliyə bürünməsinə, bolluq və bərəkətin artmasına, sənətin, estetikanın və elmin daha çox inkişaf etməsinə, çox güclü və köklü bir mədəniyyətin inşa edilməsinə səbəb olar.
Tarix də İslamın Şərqə ədalətli, xoşgörüşlü, ağıllı bir idarəçiliyi təqdim edən tək inanc olduğunu sübut edir. Bu gün Şərq müharibə meydanına çevrilmişdir. Amma əvvəllər belə deyildi. Müsəlmanların bir dam altında yığışdığı dövrlərdə bu bölgədə əsrlərlə davam edən sülh və hüzur dövrü yaşanmışdı. Şərqdə 20-ci yüz illiyə qədər davam edən bu sabitliyin səbəbi də bu torpaqlarda İslam əxlaqının hakim olması və müsəlmanların bir olması idi. İstər Peyğəmbərimizin (s.ə.v), istərsə də sonrakı dövrlərdə, məsələn, İman Əli(ə)ın hakimiyyəti dövründə, hz. Ömərin Fələstini fəth etdiyi dövrdə, Səlahəddin Əyyubinin 1187-ci ildə Xaçlı ordusunu məğlub etdiyi və Fələstində hakimiyyəti ələ keçirdiyi dövrdə, eləcə də Səfəvi şahlarının və Osmanlı xəlifələrinin dövründə müsəlmanlar sülh və rifah içində, qardaşcasına və mehriban həyat tərzi keçirirdilər. Çünki birlik vardı. Bu birliyi quranlar da ağıllı və ədalətli rəhbərlər idi. Onların ağıl və ədalətinin mənbəyi isə Quran əxlaqı idi. Keçmişdəki yuxarıda nümunəsini göstərdiyimiz müsəlman dövlətlərin ağıllı və ədalətli idarəçilik sistemi qurmalarının səbəbi Allahın belə bir sistemi Quranda onlara əmr etməsi idi. (Nisa surəsi, 58-135) Bu gün də Birlik damı altında müsəlmanları qoruyan, onlara himayədarlıq edən ağıllı rəhbərlərə ehtiyac var. Bu rəhbərlərin gəlməsi üçün də müsəlmanlar dua etməlidirlər. Allahdan “Ya Rəbbi, bizə qurtarıcı, xilaskar göndər”, - deyə kömək istəməlidirlər. Müsəlmanların dəhşət dolu xəbərlərini qəzetlərdən, televizorlardan izləyən bizlər üçün heç bir şey olmayıbmış kimi həyatımıza davam etməyimiz doğru deyil. Biz məsuliyyətsizcəsinə yaşamamılıyıq. Bütün dünyanı Allaha iman gətirməyə, din əxlaqının gətirdiyi gözəllikləri yaşamağa dəvət etmək və Quran əxlaqının qarşısında böyük din düşməni olan ideologiyalara qarşı fikri mübarizə aparmalıyıq. Ümid edirəm ki, nə vaxtsa bu birlik qurulacaq. Çünki Peyğəmbərimiz (s.ə.v) də hədislərində bizə bu müjdəni verib. Xüsusən də Allahın Elçisinin axırzamanla bağlı hədislərinə nəzər salanda əlamətlərin bir çoxunun gerçəkləşdiyini görürük. Bu hədislərdəki əsas cəhət hz. Mehdi əleyhissalam zühur edənə qədər Şərqdə qarışıqlıq, fitnə və böyük hadisələr yaşanacağıdır.
Silsilə hadisələr cərgəsində İran-İraq müharibəsi, Azərbaycanın işğalı, ərəb məmlüklərinin öldürülməsi və s. axırzaman əlaməti kimi təsvir olunmuşdur. Bir hədisdə isə Mehdinin (ə.s.) nə vaxt gələcəyi ilə bağlı belə məlumat verilmişdir: "İnsanlar 1400-cü ildə hz. Mehdinin (ə.s) yanında toplanacaqlar". (Risaletül Huruc-ül Mehdi, s. 108)
Bu hədis Mehdi əleyhissalamın hicri təqvimi ilə 1400-cü ildə, yəni 14-cü əsrdə, yəni miladi təqvimi ilə 21-ci əsrdə zühur edəcəyini göstərir. Hal-hazırda da 21-ci əsrdə yaşayırıq və digər tarixi hadisələri hədislərlə müqayisə edəndə zənnimiz daha da böyüyür. Bəlkə də axırzamandayıq, bəlkə də yaxınlaşırıq. Deməli o müqəddəs insanın gəlişinə də ümid edə bilərik. Bəlkə o mübarək insanı görmək, onun gəlişi ilə hüzura, rahatlığa qovuşmaq bizə də qismət olar. Dünyanı qurtaracaq sonuncu Xilaskar, Birlik quran, müsəlmanlara himayəlik edən, qoruyan, sevgi, şəfqət müəllimi hz. Mehdinin gəlişi bəlkə də yaxındır. Əlamətlər isə bəlkələrin çox yaxın zamanda reallaşacağını göstərir. Bizə düşən, öz öhdəmizdəki məsuliyyətləri yerinə yetirməkdir. Bu məsuliyyətlərdən ən böyüyü isə İslam Birliyi üçün cəhd etməkdir. Biz əvvəlcə öz aramızda birləşməliyik bunun üçün. Fərqlilikləri, ixtilafları, təriqət ayrı-seçkiliklərini bir kənara qoyub, Allahın varlığını, yaradılışı öyrənib başqalarına da öyrətmək üçün birləşməliyik. Kainatın hər tərəfi inkarçıların yanlış və azğın fəlsəfələrini yerlə-yeksan edən dəlillərlə doludur. Vicdanının səsini dinləyən, səmimi və ön mühakimələrdən uzaq bir şəkildə kainatı və təbiəti araşdıran hər kəs ətrafındakı yaradılış dəlillərini dərk edir. Canlı-cansız hər varlıq Allahın üstün yaratma sənətini bizə tanıdan mesajlar daşıyır, ətrafımız Onun varlığını və birliyini açıqca ortaya qoyan işarələrlə əhatə edilmişdir. Hal-hazırda bir çox insan bu gerçəklər üzərində heç düşünmədən Allahın nemətlərindən istifadə edir, ONA şükür etməyi ağıllarına belə gətirmədən qəflət içində yaşayır. Bu qəfləti aradan qaldırmaq üçün Allaha və axirət gününə iman gətirən səmimi müsəlmanlar əl-ələ verməlidirlər. Biz eləcə də Darvinizmə qarşı birləşməliyik. Çünki Darvinizm insanlara yaradılışı inkar etdirərək onları ateizmə sürükləyir. Məqsəd dünyanı "güclülərin ayaqda qaldığı bir həyat mübarizəsinin arenası" kimi təsvir edərək, insanları İlahi dinlərin gətirdiyi əxlaqi üstünlüklərdən uzaqlaşdırıb eqoist və mərhəmətsiz heyvanlara çevirməkdir. Elm və düşüncə dünyasındakı darvinist diktatorluğa qarşı Allah'a inanan insanların birləşərək etiraz etmələri olduqca vacibdir. Gəlin, darvinizmin böyük yalan və saxtakarlıq olduğunu bütün dünyaya izah edək, həyatın həqiqi mənşəyinin yaradılış olduğunu bütün insanlara eşitdirək. Nəhayət ki, sülh naminə birləşək. Bərabərlik naminə birləşək öz aramızda. Bəlkə oxuduqca kimsə düşünə bilər ki, danışmağa nə var ki, yazmağa nə var ki. Amma əmin olun ki, hərəkətə keçirmək də yazmaq, danışmaq qədər asandır. Sadəcə qətiyyət, iradə və güclü istək lazımdır. Həm də ki, ümidsizlik, pessimizm, kədər, bezginlik, zəiflik güclü insanlara, xeyir gözəllik axtarışında olan insanlara əsla yaraşmayan xüsusiyyətdir. Biz əgər birlik içində hərəkət etsək, Allah mütləq bizə müvəffəqiyyət nəsib edəcək.