Qadin.NET / Kimdir qadın?

Kimdir qadın?

 

Kimdir qadın?

 

"Qadın kimdir" desək, çoxu "zəif məxluq" və yaxud "zərif məxluq" deyəcək. Yəni bu qədər asandırmı qadını ifadə etmək?  Əslində bir qadını ifadə etmək üçün bir ömür bəs etməz. Bəlkə də qadının gücünü görməyənlər və onun  gücünə əhəmiyyət verməyənlərdir onu zəif bilən. Ya da ki, onu dərk etməyənlərdir zərifliyini zəifliklə ittiham edənlər. Əslində qadının dəyərini bilənlərin söylədiyi ən gözəl sözdür qadın sözü. Qadın əslində çox güclü bir varlıqdır.  Ancaq gücünü hər zaman göstərmir.  O hər zaman sevdiyi kişinin gücünü görüb, onun gücüylə sakitlik tapmaq istəyir. Ancaq qadın gücünü göstərmək istəyəcəksə, heç kim qarşısında dura bilməz. Bir qadının gücü kişini rəzil də edər, vəzir də edər. Bir qadının gücü bir nəslin yüksəlişi və yaxud o nəslin sonu da ola bilər. Ancaq qadının içində yatan bu gücün yanında da bir incəlik vardır. Qadın əvvəlcə qayğı istəyən uşaq, sonra vəfalı həyat yoldaşı, daha sonra anadır. Əslində qadın bu üç vəzifəni də üzərində daim daşıya biləcək gücə sahib güclü bir varlıqdır. Tanrı qadına güclü bildiyi üçün bu yükü verib.

 

Kimdir qadın?

 

Bir qadının içindən uşaqlıq duyğusu heç vaxt məhv olub getməz. Qadın ata və anasından gördüyü qayğını həyat yoldaşından görmək istər. Ancaq daim uşaq yerinə qoyulmağı qəbul edə bilməz. Qadın öz həyat yoldaşından uşaq kimi əzizlənməyi, qadın kimi sevilməyi, həyat yoldaşı kimi hörmət qoyulmasını, ana kimi sözünə diqqətlə qulaq asılmasını istəyən qəribə bir varlıqdır.

Bir qadını anlamaq çətindir. Qadının uşaqlığını da, xanımlığını da qorumaq əslində tək özündən asılı deyil. O qarşısındakından bu anlayışı gözləyir. Bu anlayışı görməyəndə ya çox acizləşir, ya da ki çox sərtləşir. Qadın həyatın dörd əsas ünsürü olan su, atəş, torpaq və hava ünsürləri kimi bir dünyanı özündə sığışdıran varlıqdır ki, o, torpağın da, suyun da, havanın da, atəşin də həyat qədər necə vacib və bir insanın həyatında nə qədər rol oynayacağı bizə göstərir. Şəfqət, hörmət, sevgi  görəndə atəşiylə qəlbləri isidər, su kimi durulayar, hava kimi nəfəsimizi, ruhumuzu təzələyər, torpaq kimi bizi qayğıyla daşıyar. Ancaq əzabları görəndə su kimi buza dönər, atəş kimi gah sönər, gah yanar, torpaq kimi palçığa dönər, hava kimi kirlənər. Bəzən də çoşar, atəş kimi yandırar, torpaq kimi küləklərlə sovrular, su kimi qaynayar, hava kimi bizi boğar, havasızlığa möhtac qoyar.

Kimdir qadın?

Təbiətə necə yanaşırsansa, illər ötdükcə sənə onun qarşılığını verir. Özünü kirlədib qarşılığını görməsən də təbiətdən gələcək nəsillər ziyan çəkir. Qadın da elədir - bir qadının rəzaləti özünün də, gələcəyin də rəzaləti ola bilər.  Qadın əslində gücünü də, gücsüzlüyünü də həyatda mübarizə aparmaq üçün istifadə edə biləcək zəkaya sahibdir. Tarix boyu qadın zəkasının gücündən istifadə edən cəmiyyət və xalqlar daim öndə olublar. Hansı millətin qadınları ağıllıdırsa, o millət daha inkişaf etmiş və sərbəst millət olub. Deməli, qadın güclüdür, zəkalıdır, qayğıkeşdir, övladdır, anadır, həyat yoldaşıdır, xanımdır, bacıdır və nəhayət, çox üstünə gedəndə canı sıxılan, az maraqlananda küsəcək qədər qəribədir. Əslində qadın zərif, ancaq çox güclü,  ağıl qarışdıran, ancaq cəlbedici,  insanı dəli edən, ancaq mükəmməl, əsas məsələ - çox gözəldirsə, nadir halda sadiq, çox sadiqdirsə, nadir halda gözəl bir varlıqdır.

 

15 may 2013
GO BACK