Dost dedikdə yəqin ki, hər kəs ən sadə formada "qırılmaz zəncir" və ya "ikinci mən" deyə başa düşür. İslam dinində isə daha dərin, daha geniş formada izah olunur. Ümumiyyətlə, dostluq nədir? Biz insanlar bunu bacarırıqmı? İslam dini insanları daim mehriban olmağa, bir-biriləri ilə layiqli ünsiyyət qurmağa və dəstək olmağa çağırır. Bildiyimiz kimi, insanların tək yaşaması və tək qalması Allah tərəfindən heç də xoş qəbul olunmur. Çünki təklik yalnız Allaha məxsusdur. İnsanlar dünyaya cüt gəlirlər. Bu halda insanlar sıx münasibətdə olurlar. Bu münasibətlərin ən gözəli dostluqdur. Dostu olan kəs böyük zinət və dövlət sahibidir. Bir hədisdə deyilir: "Dostlar müxtəlif bədənlərdə bir ruhdurlar". Yəni sadə dildə desək "ikinci mən" anlamına gəlir. Hər bir insanın öz oxşarı var və hər kəs də öz oxşarına tərəf meyl edir. Bu da daha pak və müqəddəs formada dostluğa çevrilir.
Hər bir insanın həyatda yaxın bildiyi sirdaşı olur. Biz çalışmalıyıq ki, dostluq edərkən hər birimiz zinətlənməyi bacaraq. Heyf ki, həyatda yaxşı insanlarla yanaşı yamanlar da var. Buna görə insan dostunu seçərkən diqqətli olmalıdır. Biz hər zaman günahkar, nadan insanlarla dostluq etməkdən çəkinməliyik. Çünki onlardan bizə yalnız əziyyət və çətinlik gələr. Ona görə də nadan adamın dostu əzab içində olar.
İnsan dostunu layiqincə dəyərləndirməlidir. Bütün məhəbbətini dostuna bəxş etməlidir. Əgər bir insanla dostluğu möhkəm qurmaq istəyiriksə, onunla çalışdığın qədər zarafat və münaqişə etmə, qarşısında öyünməkdən çəkin. Hər bir şeydə olduğu kimi, dostluqda da sərhəd var. İmam Sadiq (ə.s) buyurur ki, "Kim sərhədlərin hamısına, ya bir neçəsinə malik olsa dostdur. Əks halda, onu əsla dost bilmə: birincisi, zahirdə və daxildə sənə qarşı eyni olsun; ikincisi, sənin abrını öz abrı, sənin eybini öz eybi bilsin; üçüncüsü, var-dövlət və məqam onun sənə qarşı münasibətini dəyişməsin. Əlindən gələn köməyi səndən əsirgəməsin, çətinliklərdə səni tənha qoymasın".
Əzizlərim, dostluq həqiqətən gözəl bağlılıqdır. Çalışın dostlarınızı yaxşı seçin ki, sonradan təəssüflənmiyəsiniz.