Qadin.NET / Mən özümlə olanda...

Mən özümlə olanda...

Mən özümlə olanda...

Saat  6-ya  az   qalır. Masamın  üzərindəki  sənədləri  yığışdırmağa  çalışıram, tələsirəm. İşdən çıxmağa tələsirəm. Hara? Əlbəttə ki, evə. Niyə? Amma bunu bilmirəm. Tələsik addımlarla  evə çatmağa  tələsirəm. Yol boyu insanların yanından ötüb keçərkən  üzlərində donmuş baxışlar səni  düşündürür. Aman Allah, bircə evə tez çatsaydım. Gün boyu  işdə olan problemlərdən uzaqlaşmaq üçün evə tələsirəm. Aha, deyəsən  evimə, yuvama  çatıram. Amma  içimdə bir boşluq  var. Həyətə  daxil oluram, qapıya  yaxınlaşıram. Açarlar - hara qoymuşam, axtarıram  və tapıram. Qapını açıram, amma içəri girmək  heç istəmirəm.Bir az əvvəl evə tələsirdim, indi isə içəri girmək  çətindir. Otağın buz divarları  üstümə gələcək. Kim məni qarşılayacaq bu soyuq evdə? Heç kim. İçəri daxil oluram, işığı yandırıram.Çantanı bir yana atıb bir az dincəlmək istəyirəm. Amma divarlar... Bu divarlar da  məni lap bezdirdi. Kresloya oturub, düşüncələrə dalıram. Suallar məni yorur. "Nədən mən belə  oldum", öz-özümə fikirləşirəm. Nədən? Amma  mənə heç nə olmayıb, yalnız təkəm.Bu təkliyi  mənə unutdura biləcək biri yoxdur. Bəlkə də var, mən bunu sadəcə görmürəm.Qışqırmaq, hayqırmaq istəyirəm: "Ey, insanlar, bir az da mənə yaxın olun". Amma insanlar mənə çox yaxındır.Yəqin mən bunu görmək istəmirəm, ya da görmürəm. Düşüncələr məni yorur.Ömrümün yarısı qurtarmış, baharım geridə qalmışdır. "Nəyə nail oldum ki?" deyə düşünürəm. Hər şeyə - oğlum, evim, həyat yoldaşım, amma  məni başa düşə biləcək kimsə olmadı. Mən hər kəsi başa düşməyə çalışdım. Özümü həmişə tək sandım. İçimdə bir boşluq oldu.Tamamlanmayan  bir boşluq.Daim məni özünə çəkdi.Nə istədim, özüm də bilmədim.Bəlkə də məni başa düşə biləcək biri olmadı.Eh, kim məni başa düşə bilərdi ki. Telefonuma zəng gəlir. Hmm, oğlumdur, ali təhsil alır. Danışırıq, amma  yenə də təkəm. Sağollaşıb, düyməni sıxıram. Bir neçə saatdan sonra  yenə sabah olacaq. Bu sabahlar... Ömrüm hardan gəldi-getdi... Daim sıxıntılar, sonu görünməyən düşüncələr. Mən nə istəyirəm? Sabah yenə işə tələsəcəyəm...

2 aprel 2013
GO BACK