Qadin.NET / Varlıq içində yoxluq

Varlıq içində yoxluq

Varlıq içində yoxluq

Varlıq içində yoxluq. Yaxud belə deyək, yoxluq içində varlıq. Zaman-zaman yaşadığımız, hər kəsin başına gələcək bir şeydir. Bəzən var olduqlarımızın qədrini yox dərəcəsində bilirik. Bəzən isə yoxluq içində var olmaq üçün mübarizə aparırıq. Çox qəribədir: yoxluqla varlıq bir-birini üstələsə də həyatımızda paralel sürətdə var. Beynimiz idarə edir, qəlbimiz seçir. Qəlbimiz seçəni beynimiz idarə etməyəndə yenə varlıq içində yoxluğa qərq oluruq. Bəzən kiçik bir ailəyə sahibkən, xoşbəxtliklə yaşarkən, ailə üzvləri çoxaldıqca tənhalıqdan əziyyət çəkirik. Yenə də varlıq içində yoxluq çəkmək deməkdir bu. İnsanlar var evlərində fikir azadlığından məhrum, insanlar var azad fikir bildirdikləri üçün zindanlara məhkum. İnsanlar var bir ailənin başcısı, ağsaqqalıdır. Lakin özünün dar günüdə ağıl verəcək ağsaqqala möhtacdır. İnsanlar var ki, bir çox insanın xəyallarındakından artıq pulu varkən bir şirin yuvaya, sağlamlığa möhtacdır. Əslində insanın pulu az olanda pulsuzluq qorxusu, pulu çox ikən etibarsızlıq qorxusuyla yaşayır. Körpələr var ki, ailədə hər cür ehtiyacları ödənir, ancaq atanın, ananın bir sığal çəkməsinə möhtacdır. Əslində hər kəsin daxilində bir varlıq varkən bir yoxluğa möhtacdır. Bir yoxluqla üzləşərkən bir varlığa möhtacdır. Çox misal çəkmək olar. Çünki həyat itirə-itirə qazanmaqdır. Biz ana bətnindəykən o dünyanı itirib dünyaya göz açırıq, dünyada vəfat edib başqa dünayaya addım atırıq. Hər şeyi birdən yaşamaq qeyri-mümkündür.

Nədir bizi varlıq və yoxluqla mübarizə aparmağa güc verən? Ümid. Bizim özümüzü dərk etdiyimiz gündən öldüyümüz günə qədər, ruhumuzla canımızın vəhdət olduğu halda bizim həyatdakı yol yoldaşımız. Ümid olmasaydı, biz insanlar nə bizi sıxan varlıqlarla, nə də ki həsrət yaradan yoxluqlarla mübarizə apara bilməzdik. Bəzən "Ümidim qalmayıb, ölüb" deyirlər. Ümidimizin içində belə bir varlığı yoxluğa çevirib yeni ümidlərə yol açırıq. Ancaq bizim yaşamaq səbəbimiz olan ümid heç vaxt yox olmur. Sadəcə, bizim reallığı qəbul edəcəyimiz vaxta qədər gözümüzdə yox olur.  

Ümid sına bilər, qırıla bilər, 

Ancaq ömürlük yox ola bilməz.

Ümidin sınsa da bir gün  həyatda

Ondan möhkəm yapış, sağalsın o da.

 

Xəyallar puç olub keçsə də zaman

Ümidə biganə qalma heç zaman.

Ümidi zamanda gülən istəsən

Ümidi qəlbindən kəsmə heç zaman.

  Bilmək istərdim, sizin həyatınızda dərin izlər buraxan varlıq içində yoxluq olubmu? Sizin üçün varlıq içində yoxluq nə deməkdir? 

28 mart 2013
GO BACK