Sadəliyi brilliant daşlar əvəz etdi.
Yaşıl təbiəti şüşəli hündür binalar əvəz etdi.
Klassik musiqini R&B və rok əvəz etdi.
Bütöv simfoniyanı adi kompüter proqramı əvəz etdi.
Sadə musiqi nömrələrini alt paltarlarda ancaq “yataq” mövzusunu təkrarlayan kliplər əvəz etdi.
İgidləri bomba maşında siqnal verə-verə xod gedən ata oğulları, reklamlarda “parıldayan” model oğlanlar, əşşi Rob Pattisondur-nədir, o əvəz etdi.
Uzun donları mini ətəklər, mini ətəkləri dar şalvarlar əvəz etdi.
Təbii incə qadınları əvvəlcə arıq qızlar, sonra isə arıq+əzələli qızlar əvəz etdi.
“Gözəl qız (qadın)” deyimini “sexy” əvəz etdi.
Təbiətin bəxş etdiyi təbii vasitələri reklamlarda yalan dolu təriflənən kimyəvi maddələr əvəz etdi.
Əl zəhmətini maşınlar, kompüterlər əvəz etdi. Hətta ev heyvanlarını da robotlar əvəz edə bildi.
Anaların yeməklərini restoranlar əvəz etdi. Onların da padşahı McDolands oldu.
Rəssamları fotoapparatlar əvəz etdi.
Qulları xadiməçilər, feodalları deputatlar, vergi işçiləri, Beynəlxalq Bank əvəz etdi.
Qiymətli qızıl pulları kağazlar, onları da plastik kartlar əvəz etdi.
Hətta ürəyi belə mexaniki ürək əvəz edə bildi.
Dini siyasət, siyasəti din əvəz etdi, iksi də ümumdünya insanların birliyini məhv etdi.
Deyilənə görə 2015-ci ildən benzini günəş enerjisi əvəz edəcək, maşınlarsa uzun gələcəkdə uçacaq, yeraltı şəhərlər yaranacaq, eynəksiz 3D TVlər olacaq, camaat köçüb başqa planetdə yaşayacaq...
Amma bir şey dəyişilməyib, dəyişilmir və dəyişilməyəcək:
insanların acgözlüyü,
fasilələrlə gedən müharibələr,
maddiyyata görə ayrıseçkilik, qeyri-bərabərlik,
yalançılıq,
şöhrətpərəstlik,
haqsızlıq,
son ümidlə yaşayanın Allaha inamı və Allahın olmamağını sübut etməyi çalışanlar...
Başqa nələr əsla dəyişilə bilməz biz – insanların aləmində?