Qadin.NET / Pritçalar (son)

Pritçalar (son)

 

Pritçalar (son)

 

Təsəlli

Mən  çox  fikirləşən  və  buna  aludə  olan  adamlardanam. Ona  görə  də  mənim  düşüncülərlə  dolu  olan  beynimdə  təzə-təzə  səhifələr  açılır, mən  bu  səhifələrin  bir–birindən  təzadlı , maraqlı  və  rəngarəng  olmasına  çalışıram. Bu  səhifələri  yazan  və  oxuyan  elə  özüməm. Axı  mən  öz  qəlbimi  zənginləşdirir , onu  cürbəcür  təsəllilərlə  yüngülləşdirirəm. Çünki, bilirəm  ki, qəlbim  həyat  okeanının  amansız  dalğalarında  əvvəl-axır  qərq  olmağa  məhkumdur. Mənim  fikirləşməyə  vaxtım  çoxdur , odur  ki, tədricən  özümü  həyatın   vahiməsinə  alışdırıram. Mən  çox  oxuyuram , ona  görə  ki, qəlbimdə  həyatın  vahiməsini  ağılla  qarşılamağa  və  bu  vahiməni  azaltmağa  çalışıram. Qəlbini  vahiməyə  alışdırmaq  və  qəlbini  ondan  qorumaq... Bu, ona  bənzəyir  ki, saatlarla  dayanıb  qatı  qaranlığa  baxır , arabir  gözlərin   ağrıdıqca, kibrit  yandırıb  bircə  dəqiqəliyə  ondan  qorunmaq  istəyirsən. Bəli, bircə  dəqiqəliyə  unutmaq  istəmədiyin  gülünc  bir  təsəlli  ilə  əylənirsən.

 

Kənd

Sən  tənha  yolçusan  və  sürətlə  gedirsən. Uzaqdan , lap  uzaqdan  qatı  qaranlıqda  güclə  sezilən  işıltılar  görünür. Sən  solğun  və  arabir  tamam  öləziyən  işıqları  gözdən  qaçırmamaq  üçün  az  qala  gözlərini  belə  qırpmadan , tələsə - tələsə  onlara  doğru  irəliləyir  və  nəhayət  kiçik  bir  kəndə  çatacağını  düşünürsən. Lakin, ola  bilər  ki,  heç  kəs  səni   qarşılamasın , sən  ona  çatanacan  bütün  işıqlar  söndürülsün  və  artıq  hamı  yuxulamış  olsun. Sən  isə  bir-bir  qapıları  yumruqlayıb  adamları  haraylayasan  və  bunun  nə  qədər  çəkəcəyini  bilməyəsən. Axı  gecə  bitib – tükənməzdir, kənd  isə   böyük  deyil, cəmisi  bir-neçə  daxmadan  ibarətdir. Görünür , heç  kəs  isti  yatağından  qalxıb  sənə  qapı  açmaq  fikrinə  düşməyəcək  və  adamlar  səni  beləcə  sükutla  yola  salacaqlar.

Bəlkə , sən  özün  də  çoxdan  unudulmuş  bir  kəndi  diksindirmək , sonra  da  həmin  aldanışlar  içində  qoyub  getmək  üçün  gəldin?

                                                                                                                                                                       1998


Yoxluq

Adama  qəribə  gəlir  ki, bir  gün  durub  görəsən , üstündə  uzandığın  çarpayı  yoxdur  və  düşünəsən  ki, görəsən , gecə  yorğan – döşəyi  nəyin  üstündə  açmışdın : çarpayınınmı? Xəyalınmı? Bəs  bütün  gecəni  döşəmədən  yarım  metr  hündürlükdə  necə  yata  bilmisən? Sonra  həyətə  düşüb  görəsən  ki, hər  gün  oturduğun  skamya  yoxdu, o skamyanın  yanındakı  iri  qızılıgül  kolu  yoxdu , onun  tikanları  ilə  gözlərini  kor  etmiş  zavallı  bülbül  yoxdu , hər  gün  onun  səsini  dinləyən  adam  yoxdu  və  bu  yoxluqda  birdən  anlayasan  ki, o  adam  sənsən - əslində  səndən  başqa  dünyada  hər  şey  yerindədir , bircə  sən  yoxsan , amma  sənin  yoxluğun  hiss  edilmir.

                                                                                                                                                                           1999


Zülmətdə  qalan

Bəzən  gecənin  bir  vaxtında , işıqlar  tamam  söndürüldükdən  sonra , zülmətin  dərinliyindən  kiminsə  bağırtısı  eşidilir. Mən  onun  qışqıraraq  nə  dediyini   anlamıram, görünür , o çox  uzaqdadır  və  şübhəsiz , belə  uzaqda  olanlar  bir-birini  nə  anlaya , nə  də  başa  sala  bilərlər.

Bəlkə, kiminsə  vahimə  içərisində  gözdən  itirdiyi  adamı   çağırır , hansı  ki,  bir  müddət  fənərin  tutqun  işığında  tələsə-tələsə  yol  gediblər, nəhayət, işıq  tamam  öləziyib  sönəndən  sonra  qəflətən  bir-birini  itirmişlər.

Bəlkə, o  bütün  günü  kimisə  axtarıb  və  qaranlıq  düşdükdə  yolu  azmışdır. Və  o, təzəcə  yandırdığım  lampanın  zəif  işığını  görüb  məni  haraylayır , yalvarır  ki, işığı  söndürməyim.

Bəlkə, kimsə  tamam  başqa  adamdır, israrla  lampanı  söndürməyimi  tələb  edir, axı  indicə  məxfi  əmr  almışdır  və  bu  yeri  səhərə  qədər  gizlətmək  ona  tapşırılmışdır.

Bəlkə, o kimdirsə  artıq  fikrini  dəyişib  və  geri  qayıdır, mənsə  əbəs  yerə  onu  gözləyirəm.

                                                                                                                                                                         2002

 

Pritçalar (son)

Surət

Uzun-uzadı  təsvirə  nə  hacət, ən  əsası  odur  ki, o, çox  gözəl  idi , özü  də  təbii, bənzərsiz  və  tayı-bərabəri  tapılmayacaq  dərəcədə  gözəl. Surətinə  vurulanlar  , əslində  onun  kim  olduğunu , bu  şəhərə  haradan  və  haçan  gəldiyini  bilmirdilər. Heç  kəsə  məhəl  qoymadan  keçəndə  bütün  şəhər  tamaşasına  yığılırdı. Təkcə  canalan  baxışları  nəyə  desən  dəyərdi. Şair  demişkən , gözəl , sənin  gözəlliyin  gözəldi...

O, hamının  qəlbinə  hakim  kəsilsə  də , heç  kəsi  qəlbinə  yaxın  buraxmırdı. Çoxları  qarşısını  kəsib  ürəyini  açmış , fəqət, qız  bu  sözləri  elə  həmin  gün  yaddan  çıxarmışdı. Şəhərin  ən  imkanlı  adamları  belə  onun  məhəbbətini  qazanmaq  istəsələr  də , var-dövlət  qızın  gözlərini  qamaşdıra  bilməmişdi. Hamı  məəttəl  qalmışdı : axı  o , nə  istəyirdi?

Görünür , o, təbiətən  çox  məğrur  idi  və  azadlığını  hər  şeydən  yüksək  tuturdu. Lakin, camaat “gözəllər  ağılsız  olur”  məsəlini  əsas  tutaraq , bunu  qızın  məhdudluğu  kimi  qiymətləndirirdi. Sanki  hamı  dilbir  olub, onun  azadlığını  buxovlanacağı  anları  tezləşdirməyə  çalışırdı.

Eh, nə  deyim, o qədər  gözəl  idi  ki, axır  bir  gün  onu  bəzəkli  çərçivəyə  saldılar  və  doyunca  baxmaq  üçün  divardan  asdılar.

                                                                                                                                                           2002

 

 

Bəxtiyar  Əliyar

Azərbaycan  Yazıçılar  Birliyinin  Üzvü

30 yanvar 2013
GO BACK