Mənim danışacağım məsələyə hərçənd yuxarıdan ötəri toxunulmuşdur. Lakin, gəlin, bir qədər ətraflı müzakirə edək. Keçmişin vaxtı ötmüş mənfur qalıqlarından biri də iki sevən gəncə xeyir-dua vermək, onların qovuşması üçün birlikdə səy göstərmək, öz qüvvə və imkanlarını birləşdirmək əvəzinə valideynlərin, bazar söhbəti açması, ortaya “daş-tərəzi” gətirməsidir. Respublikamızın bəzi rayonlarında nikahqabağı qız evinin oğlan evindən başlıq, “süd pulu” və s. tələb etməsi dediklərimizə əyani sübutdur. Bu, oğlan evini çətinlik qarşısında qoyur, çünki həmin sövdələşmə müəyyən məbləğlə ölçülür. Təbiidir ki, bu, iki gənc arasındakı saf, ülvi münasibətləri pozur, onların ailə qurmasını qeyri-mümkün edir. Elə hallar da olur ki, oğlan evi borca düşərək həmin məbləği ödəmək məcburiyyətində qalır. Bəzən isə onsuz da ilk illər maddi köməyə, məsləhətə ehtiyacı olan gənc ailə həmin borcu ödəməli olur.
Məhəbbəti alverə çevirmək olmaz. İlk növbədə buna gənclər özləri imkan verməməli, valideynlərini bu yoldan çəkindirməlidir.
Mənim toyum olanda atam oğlan evindən nə başlıq pulu, nə “süd pulu”, nə də şadlıq sarayından yer pulu tələb etmədi. Oğlan evi heç bu barədə söhbət də açmadı, guya ki, belə şey bilmirlər.
Bəs, əziz ailəli Qadın.Net-lilər, sizin toyunuzda belə hallar olmuşdumu?