Qızın, qadının mənəvi kamilliyinə, əxlaqi saflığına tarixən kişi ləyaqətinin, namusunun göstəricisi kimi baxmışlar.
Öz şərəfini, ismətini ucuz tutan bəzi qızların, qadınların yüngül xasiyyətliliyi ailəyə tənə gətirmişdir. Ataların “Qız üz qızardar”, “Xəstəlik üz qızartmaz, qızardır qız adamı”, “Arvadın isməti, ərin izzəti”, “Qazan qarası gedər, namus qarası getməz”, “Dünyada hər şey satılıb-alınar, namusdan başqa” və s. sözləri meydana gəlmişdir.
Xalq yazıçısı İ.Şıxlının “Dəli Kür” əsərini qəhrəmanı Cahandar ağa üçün; “dünyada hər şeydən əziz təmiz adla yaşamaq idi. Kişi ki, adamların gözünün içinə şax baxa bilmədi, ölsə yaxşıdır. Gözü kölgəli ömür sürməkdənsə arvad kimi ləçək bağlamaq məsləhətdir”.
Məhz bu baxımdan böyüyəndə qızın adına yaman söz çıxacağından ehtiyat etmək nəticəsində anadan qız doğulmasını istəməzdilər. Gəlin köçən qız üçün də yeddi oğul və yalnız bircə qız arzulayırdılar.
Qızlıq şərəfi və qadın isməti olmadan saf məhəbbəti, təmiz və möhkəm ailəni təsəvvürə gətirmək qeyri-mümkündür. Şərəfli və ismətli olmaq qıza və qadına baş ucalığı gətirir. Nəzakətli və mərifətli, ciddi və təvazökar qızlara hamı hörmətlə yanaşır. Onlar oğlanların nüfuzunu qazanır, həmin oğlanlara müsbət təsir göstərirlər. Oğlanlar isə təbii ki, qızların yanında özlərini ağır aparır, danışıqlarının sərhədini gözləyir, hərəkət və davranışlarında səhvlərə yol vermirlər.
Dardüşüncəlilik və mədəniyyətin çatışmazlığı yüngülxasiyyətlilik və yelbeyinliyə gətirib çıxarır. Namusunu ucuz tutan, mənliyini asanlıqla əldən verən, ötəri hissin əsiri olan, tutqun və dumanlı hisslərin yolunu ağıl şüası ilə işıqlandıra bilməyənlər ictimaiyyətin nəzərində pislənir. Təsadüfi deyilməmişdir ki, ağıl ilə həya ekiz qardaşdır, birini itirsən, digərini tapmazsan.
Qızlar ismətlərini, ümumən əsl məhəbbət üçün mühafizə etməyi bacarmalı, ər evinə ismətlərini əbədi cehiz kimi aparmalıdırlar. Çünki:
“Abırdadır, ismətdədir təmizlik,
Cövhərdədir, xislətdədi təmizlik.
İsmətsisizi dəryada yu, günə sər –
Xasiyyəti o, cövhəri yenə o cövhər.
Bir bax nişan üzüyünün qaşına,
Tərtəmizdir, bənzəyir göz yaşına.
Ancaq əhdi-vəfadadır təmizlik,
Səfadadır, cəfadadır təmizlik”.
Ulu Nizami demişkən:
Əgər məhəbbətdə olmasa ismət,
O, şəhvət hissidir, deyil məhəbbət.