Qadin.NET / Doğruluğun mükafatı

Doğruluğun mükafatı

      Böyük mənəviyyat alimi Əbdülqədir Geylani həzrətləri uşaq idi. Atası vəfat etmişdi, amma özündən sonra oğlu Əbdülqədirin təhsil alması üçün qırx qızıl qoyub getmişdi. Balaca Əbdülqədir elm öyrənmək üçün Bağdada getmək istəyir və durmadan anasına yalvarırdı. Nəhayət, anası oğlunun təkidlərinə dayana bilməyib razılıq verdi.

      Yol həm uzaq idi, həm də təhlükəli. Quldurlar tez-tez yolları kəsir, karvanları qarət edir, adamları öldürürdülər. Anası səfər ərəfəsində balaca Əbdülqədiri yanında oturdub belə dedi:

      - Sevimli övladım, anandan sənə son nəsihət-nə olursa olsun, yalan danışma. Hər şeyi düzgün danış, çünki Allah düzgün danışanları sevər və onlara kömək edər. 

      Əbdülqədir heç vaxt anasının nəsihətini unutmayacağına söz verib vidalaşdı. Anası atasından qalan qırx qızılı, köynəyinin qollarına bərk-bərk tikdi, övladını tanışlarına tapşırıb yola saldı. Balaca Əbdülqədir dəvə karvanlarından biri ilə Bağdada doğru yola düşdü.

      Bir neçə gün sonra qorxduqları hadisə başlarına gəldi. Quldurlar onların yolunu kəsdilər və hər kəsin xurcununda nə vardısa aldılar.
Doğruluğun mükafatı
Ən sonda quldurbaşı Əbdülqədiri yanına çağırıb pulu olub-olmadığını soruşdu. Əbdülqədir anasının nəsihətini xatırlayaraq doğru-dürüst cavab verdi:

      - Qırx qızılım var. Atamdan miras qalmışdır. Anam həmin mirası mənə verib təhsil almağa göndərdi. Yolda quldur-qaçaq basqın edərsə, tapa bilməsin deyə anam onları paltarımın qoluna tikmişdir. 

      Quldurbaşı onun sözlərinə inanmırdı, əksinə, bu balaca oğlanın onu ələ saldığını düşünüb bərk qəzəbləndi. Yan-yörəsindəki quldurlara əmr etdi:

      - Bu yaramaz uşağın paltarının qollarını axtarın!

Doğruluğun mükafatı

      Quldurlar paltarın qollarını sökdükdə təəccübdən hamısının gözləri bərəldi. Quldurbaşı heyrət içində Əbdülqədirdən soruşdu:

      - İndi ki, yolda belə bir təhlükə ilə rastlaşa biləcəyinizi bilirdin və anan da buna görə tədbir görmüşdü, o zaman pulun olduğunu niyə gizlətmədin, doğrusunu dedin? Axı paltarın qollarını axtarmaq heç kəsin ağlına gəlməzdi!

      - Anam məni yalan danışmamağa öyrədib, həmişə belə nəsihət edib,- deyə balaca Əbdülqədir cavab verdi,-ona heç vaxt yalan danışmayacağıma söz vermişəm. Başlıcası isə budur ki, Allah yalan danışanları sevməz.

      Quldurbaşı əvvəlcə qızardı, sonra saraldı, tir-tir titrəməyə başladı. Birdən başındakı papağı yerə vurdu:

      - Halımıza baxın! - deyə bağırdı, barmaq boyda uşaq bizə dərs verir. Baxın, bu uşaq zərər görəcəyini bilə-bilə yalan danışmır. Biz isə bu boyda adamlar gündə min cür yalan danışmaqdan başqa, ağla gəlməyən pisliklər etməkdən də bezmir, utanıb-qızarmırıq.

      Sonra dönüb adamlarına əmr etdi:

      - Hər kəsin pulunu geri qaytarın. Mən bu işdən əl çəkirəm. Allaha söz verirəm ki, bir daha bu cür işlərə qol qoymayacağam.  

      Yalan danışmayan uşağa görə bütün karvan xilas oldu, zalım bir quldur doğru yola gəldi. 

 

 Yalan ruhun xəstəliyi olub pisliklərə yol açar, insanları bir-birinə düşmən edər. Yalandan uzaq durmağa çalışın!

Siz necə, yalan danışmağın hansı nəticələr verəcəyindən xəbərdarsınızmı?!

2 mart 2013
GO BACK